Azərbaycan-Çin əməkdaşlığı daha da genişlənir- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasında yüksək səviyyədə qarşılanması, Azərbaycana nümayəndə heyətinə olan münasibət iki ölkə arasında əlaqələrin xarakterini təcəssüm etdirir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə Çinin Sədri Si Cinpin arasında keçirilən görüşdə də vacib istiqamətləri əhatə edən mövzular müzakirə edilib". "Olaylar" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevi "mənim əziz dostum" deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək "ŞƏT plyus" formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürlərini çatdırıb: "Azərbaycanla Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq formalaşıb. Əlaqələrin hazırkı səviyyəsi strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri və o zaman aparılan səmimi müzakirələr də bu görüşdə bir daha vurğulanıb. Həmçinin Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyi qeyd olunub. "Bir kəmər, bir yol" layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyi, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyəti, bu xüsusda Trans-Xəzər marşrutunun önəmi diqqətə çatdırılıb. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsinin vacibliyi qarşıda duran əsas istiqamətlərdən biri kimi vurğulanıb. Eyni zamanda Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoqun əhəmiyyəti də Liderlərin görüşündə diqqət mərkəzində olub. Çin Xalq Respublikasının Azərbaycanın suveren inkişaf modelinin dəstəkləndiyi bir daha bəyan olunub. Prezident İlham Əliyev də öz növbəsində Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırlayıb. Ölkəmizin başçısı xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Azərbaycanın Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu bir daha vurğulanıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31