Belçika Fələstini dövlət kimi tanıyacaq və İsrailə qarşı sanksiyalar tətbiq edəcək – ÖZƏL

Belçika BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin xarici işlər naziri Maksim Prevo açıqlama verib. Onun sözlərinə görə, Belçikanın qərarı Avstraliya, Böyük Britaniya, Kanada və Fransanın atdığı addımlardan sonra İsrail üzərinə artan beynəlxalq təzyiqi gücləndirəcək.

Prevo bildirib ki, Belçika Nyu-York Bəyannaməsinə qoşulacaq və bu, iki dövlətli həll yoluna, yaxud İsraillə yanaşı sülh içində mövcud olacaq Fələstin dövlətinin yaradılmasına aparacaq. Nazir qeyd edib ki, qərar "Fələstində, xüsusilə Qəzzada baş verən humanitar faciə fonunda və İsrailin beynəlxalq hüquqa zidd zorakılığına cavab olaraq" qəbul edilib.

Belçika eyni zamanda İsrailə qarşı 12 sərt sanksiya tətbiq edəcək. Bunlara İsrailin məskunlaşma bölgələrindən məhsulların idxalına qadağa, dövlət satınalmalarında israilli şirkətlərə yenidən baxılması və HƏMAS liderlərinin ölkədə "arzuolunmaz şəxs" elan olunması daxildir.

Prevo bəyan edib ki, bu addım həm də İsrailin yeni məskunlaşmaları genişləndirməsinə və hərbi mövcudluğuna siyasi etirazdır. O vurğulayıb ki, Belçika Avropa İttifaqı daxilində də İsrail hökuməti və HƏMAS üzərinə təzyiqlərin artırılmasını dəstəkləyəcək, həmçinin antisemitizmə qarşı yeni təşəbbüslər irəli sürəcək.

Xatırladaq ki, ABŞ administrasiyası Fələstin dövlətçiliyinin yalnız israillilər və fələstinlilər arasında birbaşa danışıqlar yolu ilə mümkün olduğunu bildirir. ABŞ prezidenti Donald Tramp Kanadanın qərarını tənqid edib, senator Marko Rubio isə Fransanın addımını "məsuliyyətsiz" adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31