Şanxay Əməkdaşlıq Təşkilatında nə çatışmır?- ÖZƏL

"Qruplaşma və ya intriqanın olduğu heç bir dövlət və ya özəl qurumda inkişaf, yaradıcılıq və birgə inkişaf ola bilməz. Hətta ağıllı kadrlar bu qruplaşma və intriqalarda çirklənməmək üçün belə qurumlardan müxtəlif bəhanələrlə uzaqlaşırlar. Bu fikir beynəlxalq təşkilatlara da aiddir. Şanxay Əməkdaşlıq Təşkilatının strategji vizyonu gözəldir: "Təkqütblü dünyadan çoxqütblü dünyaya keçid". Lakin, bu keçidi həyata keçirmək üçün təşkilatda bir çox məsələlər çatışmır:

- Təşkilatda bütün üzvləri birləşdirəcək vahid ideologiya yoxdur. Yuxarıda qeyd etdiyim vizyon başqa, ideologiya başqa;

- Təşkilata üzv olan 10 dövlət arasında vahid birlik yoxdur. Hətta 2 ən böyük üzv dövlət (Çin və Hindistan) arasında ciddi rəqabət və bəzən bir-birlərinə mane ola biləcək qeyri-sağlam rəqabət var;

- Təşkilata üzv dövlətlərin arasındakı əlaqələr iki və ya üçtərəfli müqavilələrlə tənzimlənir, Təşkilata üzv dövlətlər üçün hər hansı üstünlüklər və güzəştlər mövcud deyil;

- Təşkilata üzv olan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan dövlətləri arasındakı əlaqələr Avrasiya Gömrük İttifaqı çərçivəsində tənzimlənir. Bu isə bir Təşkilat daxilində vahid format yanaşmasına uyğun gəlmir;

- Britaniya ağırlıq mərkəzi Şərqi Asiya olan yeni bir qütbü məhz vaxtilə müstəmləkəsi olan ölkələr arasında yaratdığı intriqalar səbəbindən formalaşdıra bilmir. Çin isə bu dərin intriqaları həll etməkdə çətinlik çəkir;

- Təşkilatda faktiki olaraq ağırlıq mərkəzi yoxdur. Təşkilatın iclasları göstərir ki, mərkəzdənqaçma meylləri çoxdur və hər bir dövlət öz problemini və əlaqələrini iki və üçtərəfli müqavilə və şəxsi əlaqələrlə tənzimləməkdədir;

- Təşkilatın 10 üzv ölkəsindən Orta Asiya ölkələri və Belarusu çıxmaq şərtilə digər əsas böyük dövlətlər arasında öz həllini gözləyən dərin məsələlər və hətta qarşılıqlı inamsızlığa səbəb olan gizli və qeyri-sağlam rəqabət mövcuddur;

- Əgər cəmi 10 üzv ölkəsi olan bir Təşkilat yeni üzv dövlət(lər)in məsələsini razılaşdıra bilmirsə və Təşkilat daxilində üzv dövlətlər arasındakı fikir ayrılıqları bu qədər dərindirsə, deməli düşündürücü məsələlər çoxdur;

Dünən və bu gün qısa açıqlamalarımda bu Təşkilatın tarixi haqqında danışmışam və məsələlərin iki və ya üçtərəfli formatlarda həllinin hətta Təşkilat daxilində də üstünlük təşkil etdiyini nəzərə almağın və bu Təşkilatın bir vahid Təşkilat kimi formalaşması üçün çox işlərin görülməsi vacibliyini vurğulamışam. Açıq və net olaraq mən BRİCS ölkələri haqqında da həmişə skeptik yanaşma ortaya qoymuşam və zaman haqlı olduğumu göstərib. Üzv ölkələrə gəlincə, demək olar ki, əsas böyük dövlətlər hər iki təşkilatda (BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı) mövcuddur. Nə dəyişib və dəyişməkdədir? 

Siyahını uzatmıram. Amma, daha uğurlu təşkilat qurmaq üçün XX əsrin uğurlu və nəticəyönümlü təşkilatlarından biri olan G7 ölkələrinin birliyinin (sözün həqiqi mənasında 2024-cü ilə qədər birlik idi) təcrübəsini təhlil edib öyrənmək faydalı olar!

Elman Sadıqov

İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31