Əkbər Qoşalı: İran ‘dəhliz’ məntiqini qəbul etmir, Paşinyan–Pezeşkian görüşü Ermənistanın siyasi kursunu çətinləşdirir – ÖZƏL
1 Sentyabr 16:52 Siyasət"İranın iç siyasi sistemi dışarıda Prezident-Parlament modelinə söykənsə də, faktiki gücün mərkəzi Ali dini liderin əlində cəmlənib. Bu səbəbdən, dəhliz məsələsində sərt ritorika ilə çıxış edən Xameneinin mövqeyi strateji xəttin əsas istiqamətini müəyyənləşdirir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Yazar bildirib ki, Prezident Pezeşkianın daha yumşaq - "dəhliz yox, tranzit marşrutu" ifadəsi isə, bir tərəfdən, İranın uluslararası imicinə zərər verməmək, digər tərəfdən, qonşu ölkələrlə diplomatik dəngəni qorumaq cəhdi kimi görünür. Lakin qərar mexanizminin son sözü dini rəhbərliyə aid olduğundan, bu yumşaqlığın uzunmüddətli olmayacağı, Tehran siyasətinin sərt mövqeyə qayıdacağı ehtimalı güclüdür. Bu, bölgədə kommunikasiya xəttləri üzərində əlavə gərginlik yarada, Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərinə və bütövlükdə Güney Qafqazdakı təhlükəsizlik arxitekturasına təsir göstərə bilər.
Ə. Qoşalı qeyd edib ki, Paşinyan-Pezeşkian görüşünün gedişi və xəbərdarlıqların anlamına gəldikdə, görüşün gərgin keçdiyi deyilir. Bu, təsadüfi deyil: Ermənistan Batıyla hərbi əməkdaşlığını dərinləşdirir, ABŞ və Fransa faktoru açıq şəkildə İrəvanda görünür. İran isə, bölgədə istənilən dışarı hərbi iştirakı öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir. Pezeşkianın Paşinyana verdiyi sərt ismarıclar göstərir ki, Tehran Ermənistandan "qırmızı xət"ləri aşmamağı tələb edir. Əgər İrəvan bu xəbərdarlıqlara məhəl qoymasa, örnəyi, Batı hərbi strukturlarını öz ərazisinə yaxın buraxsa, İran-Ermənistan münasibətlərində gərginlik qaçılmaz olacaq. Bu isə, Ermənistanın "dəngə siyasəti"ni daha da çətinləşdirəcək - bir tərəfdən Avropa və ABŞ-dan dəstək axtarır, digər tərəfdən qonşu dövlətlərin - özəlliklə İranın narazılığı ilə üzləşir.
Ermənistanın gələcək mövqeyinə təsirlər baxımından nələri vurğulaya bilərik?
Paşinyan hökuməti artıq Rusiya ilə münasibətlərdə ciddi məsafə götürüb. İndi isə İranla münasibətlərdə sərt xəbərdarlıqlar almaq, İrəvanın diplomatik manevr imkanlarını daraldır. Ermənistanın Batıya tam üz tutması, əvəzində bölgəsəl qonşuların narazılığı ilə üzləşməsi, ölkəni daha təcrid olunmuş duruma sala bilər. Bu kontekstdə, İrandan gələn siqnallar Ermənistan üçün xəbərdarlıq olmaqla yanaşı, həm də seçim məcburiyyətidir: ya bölgə qonşularının çıxarlarına sayğı göstərmək, ya da geosiyasi riskləri dərinləşdirmək.
"İran rəhbərliyi arasındakı "dəhliz-tranzit" termin fərqi, əslində, taktiki ritorikadır. Strateji xətt dəyişməz qalır: İran öz sərhədində "dəhliz" məntiqini qəbul etməyəcək. Paşinyan-Pezeşkian görüşündəki sərt xəbərdarlıqlar isə Ermənistanın gələcək siyasi kursunu daha da mürəkkəbləşdirir. Bölgənin taleyini indi sadəcə iqtisadi tranzit deyil, həm də geosiyasi səngərlər müəyyənləşdirir", - deyə araşdırmaçı-yazar əlavə edib.
Sevda Dəniz