ABŞ məhkəməsi Tramp administrasiyasına 76 miqrant uşağın deportasiyasını qadağan etdi - ÖZƏL
1 Sentyabr 2025 12:33 DünyaABŞ-nin Kolumbiya dairə məhkəməsi prezident Donald Tramp administrasiyasının 76 qvatemalalı uşağın deportasiyasını qadağan edib. Olaylar.az xəbər verir ki, CBS News-un məlumatına görə, avqustun 31-də uşaqlar artıq Texas ştatında uçuşa hazır vəziyyətdə təyyarələrə mindirilmişdi.
Məhkəmə hakimi Sparkle Sooknanan təcili qərar qəbul edərək deportasiyanı iki həftəlik dayandırıb. O, həmçinin Tramp administrasiyasının Ədliyyə Nazirliyinə məktub göndərərək qərarın dərhal icra olunmasını tələb edib. Nazirlik nümayəndəsi Drew Ensign təsdiqləyib ki, təyyarələr uçuşa hazır olsa da, heç biri ölkəni tərk etməyib. Onun sözlərinə görə, yalnız bir təyyarə havaya qalxsa da, geriyə qayıtmalı olub. Hakimiyyət uşaqların reyslərdən endiriləcəyini və ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin himayəsinə veriləcəyini bildirib. Vəkillərin sözlərinə görə, Tramp administrasiyası ümumilikdə 600-dən çox uşağın Qvatemalaya deportasiyasını planlaşdırır.
Xatırladaq ki, Tramp yanvarın 20-də Meksika sərhədində fövqəladə vəziyyət elan edərək, ordunun sərhədin mühafizəsinə cəlb olunmasına şərait yaratmışdı. ABŞ prezidenti dəfələrlə sərt immiqrasiya siyasətini dəstəklədiyini vurğulayaraq, ölkə tarixində ən böyük miqrant deportasiyası əməliyyatını həyata keçirmək niyyətini açıqlamışdı.