Norveç Britaniyadan 5 müasir döyüş gəmisi aldı
1 Sentyabr 08:32 DünyaNorveç Müdafiə Nazirliyi Böyük Britaniya ilə 10 milyard funt sterlinq dəyərində beş müasir "British Type 26" döyüş gəmisi almaq üçün müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Böyük Britaniyanın müdafiə naziri Con Hili razılaşmanı "Norveçlə dərinləşən strateji tərəfdaşlıq" kimi xarakterizə edib: "Norveçlə birgə təlim keçəcəyik. Lazım gələrsə, birlikdə mübarizə aparacağıq".
Norveçin baş naziri Yonas Qar Styore öz növbəsində qeyd edib ki, ölkəsinin yeni gəmilərə ehtiyacı var: "İkinci Dünya Müharibəsindən sonra ən ciddi təhlükəsizlik vəziyyəti ilə üzləşmişik. Rusiyanın Ukraynaya qarşı müharibəsi və regionda aqressiv hərəkətləri fonunda dənizaltı kabellərin və kritik infrastrukturun qorunmasına da diqqət artır".
"British Type 26" çoxməqsədli döyüş gəmiləridir. Qlzaqoda istehsal olunan gəmilər sualtı qayıq və zenit sistemləri ilə təchiz edilib, qanadlı raketləri buraxa və dənizdə uzunmüddətli missiyaları yerinə yetirə bilir. Gəmidə helikopterlər və dronlar üçün anqar və göyərtə var.