Almaniya vətəndaşlarını İrandan çıxmağa çağırdı - ÖZƏL
29 Avqust 2025 13:09 DünyaAlmaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrandan çıxmağa çağırıb. Bu, İranla nüvə sazişi çərçivəsində sanksiyaların bərpası üzrə "Avropa üçlüyü"nün (Almaniya, Böyük Britaniya, Fransa) təşəbbüsləri fonunda baş verib. Olaylar.az xəbər verir ki, nazirliyin rəsmi saytında yayılan məlumatda qeyd olunur:
"İrana səfər etməməyə çağırır və Almaniya vətəndaşlarını İrandan çıxmağa təşviq edirik". Xarici İşlər Nazirliyi bildirib ki, İran hökumətinin bu kimi addımlara qarşı keçmişdə təhdidlər irəli sürdüyü nəzərə alınaraq, cavab tədbirlərinin Almaniyanın maraqlarına və vətəndaşlarına da təsir göstərə biləcəyi istisna edilmir. Hazırda Almaniya səfirliyi Təl-Əvivdə vətəndaşlara yalnız məhdud konsulluq xidmətləri göstərə bilər.
Qeyd edək ki, avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa "snapback" mexanizmini işə salıblar. Bu mexanizm 2015-ci il nüvə sazişi çərçivəsində BMT Təhlükəsizlik Şurasının sanksiya qərarlarını bərpa edir. İran nümayəndələri ilə 26 avqustda Cenevrədə aparılan danışıqlar nəticəsiz qalıb. Eyni zamanda, "Avropa üçlüyü" 30 gün ərzində danışıqlara davam etməyə hazır olduğunu açıqlayıb. İran hökuməti isə sanksiyaların bərpası halında Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindən çıxmaqla hədələyib.