Braziliya ABŞ-nin gömrük rüsumlarına cavab addımlarına başladı - ÖZƏL

Braziliya Prezidenti Luıs İnasıu Lula da Silva ABŞ tərəfindən tətbiq olunan 50%-lik gömrük rüsumlarına cavab olaraq tədbirlər görmək göstərişi verib. Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi Braziliya vitse-prezidenti Geraldo Alkmindən sitat gətirərək məlumat yayıb.
Vitse-prezident bildirib: "Ümid edirəm, bu addım dialoqu və danışıqları sürətləndirməyə kömək edəcək." Agentliyin mənbəyi əlavə edib ki, Braziliya hökuməti rəsmi qərarını ABŞ-nin diqqətinə 29 avqust tarixində çatdıracaq. Bloomberg-in məlumatına görə, Braziliyanın Xarici Ticarət Palatası 30 gün ərzində ABŞ-nin tətbiq etdiyi tədbirlərin "İqtisadi Əlaqəlilik Qanunu" çərçivəsinə daxil olub-olmadığını müəyyənləşdirəcək. Müsbət qərar verildiyi təqdirdə, bir qrup nazir qarşı tədbirlərin siyahısını hazırlayacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir sıra Braziliya məhsullarına, o cümlədən ət və qəhvə məhsullarına 50% rüsum tətbiq etmişdi. Eyni zamanda, ABŞ Braziliyadan gətirilən təyyarə ehtiyat hissələri, nadir torpaq metalları və portağal şirəsinə rüsum tətbiq etməmişdi. Braziliya lideri əvvəlcə simmetrik cavab vəd etsə də, daha sonra ümid etdiyini bildirib ki, ölkənin vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlar yolu ilə rüsumların yenidən nəzərdən keçirilməsini təmin edə biləcək. 11 aprel tarixində Braziliya Prezidenti İqtisadi Əlaqəlilik Qanununu imzalayıb. Qanun, Cənubi Amerika ölkəsinə qarşı birtərəfli ticarət tədbirləri tətbiq edən ölkələrə şamil olunur və ticarət güzəştlərinin, investisiyaların və intellektual mülkiyyət hüquqları ilə bağlı öhdəliklərin dayandırılması kriteriyalarını müəyyən edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31