Avropa Birliyi regionda az-çox uğur qazanmaq istəyirsə, Azərbaycanın maraqlarını nəzərə almalıdır- ÖZƏL
10:51 Dünya"Brüsseldə də, İrəvanda da gözləntilər ondan ibarət idi ki, xanım Kallasın Azərbaycana səfəri regional xarakter daşıyacaq. Çox ehtimal ki, məhz Azərbaycanın istəyi ilə Avropa Komissiyasının vitse-prezidentinin Azərbaycanla Ermənistana səfəri eyni vaxtda baş vermədi. Bununla da Brüsseldəkilərin bir daha diqqətinə çatdırıldı ki, Ermənistanla olduğu kimi onlarla da danışıqlarda Azərbaycan diqqətin sırf ikitərəfli əlaqələrə yönəldilməsini istəyir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahıb Alıyev deyib: "Avropa Parlamentində Fransanı, Yunanıstanı, yunan Kiprini təmsil edən deputatların və oradakı bəzi muzdluların xanım Kallası sərt tənqidləri də yəqin ki, sözügedən səfərin bəlli çevrələrlə ölkələrin maraqlarına uyğun formada və məzmunda olmamasıyla əlaqədar idi. Amma, əgər Avropa Birliyi bizim regionda az-çox uğur qazanmaq istəyirsə, onda Azərbaycanın maraqlarını nəzərə almalıdır və o qurumun rəhbərliyindəkilər özəlliklə də cənab Prezidentin Çinə səfərindən sonra bu reallığı bütün çılpaqlığıyla dərk etməkdədirlər. Yəni Avropa Komissiyasının vitse-prezidentinin regiona ilk səfərini Azərbaycana etməsi Avropa Parlamentindəki bəzi degeneratların təqdim etməyə çalışdıqları kimi onun Azərbaycana simpatiyasından yox, reallığı anlamasından irəli gəlir.
Yeri gəlmişkən, cənab Prezidentin Çinin CGTN telekanalının qonaq olduğu "Danışır liderlər" verilişindəki bir açıqlaması vardı ki, onun nə anlam daşıdığını heç şübhəsiz ki, qərbdəkilər bilməmiş deyillər. Söhbət bu açıqlamadan gedir: "Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür".
Son olaraq onu da qeyd edim ki, heç də Çinə səfər edən hər dövlət başçısına "Danışır liderlər" verilişində vaxt ayrılmır ki, bu da orada Sədr Si Cinpinin ölkəsinin yaxın dostu adlandırdığı cənab İlham Əliyevin şəxsinə özəl yanaşmanın və dövlətimizə verilən önəmin göstəricisidir".