ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin rəhbəri istefaya göndərildi- ÖZƏL

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) və Kiberkomandanlığının rəhbəri general Timoti Ho vəzifəsindən uzaqlaşdırılıb. Olaylar.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb. Məlumata görə, onunla birlikdə agentliyin vətəndaş məsələləri üzrə müavini Vendi Nobl da başqa vəzifəyə keçirilib.

Mənbənin məlumatına görə, Ho və Nobl-un vəzifədən kənarlaşdırılması barədə qərar, keçmiş prezident Donald Trampın tərəfdarı olan sağçı aktivist Lora Lumerin təklifi ilə verilib. Bildirilir ki, Tramp 2 aprel tarixində Lumeri Ağ Evdə qəbul edib və o, NSA daxilində bəzi əməkdaşların prezidentə kifayət qədər sadiq olmadığını iddia edərək, onların işdən çıxarılmasını tövsiyə edib.

Rəsmi olaraq istefanın səbəbi açıqlanmayıb. Associated Press agentliyi isə xəbər verir ki, Trampın şərəfinə təşkil olunan qəbulda vitse-prezident C.D. Vens, milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts və Ağ Evin aparat rəhbəri Syuzan Uaylz da iştirak edib. Lumer həmin tədbirdə də hökumət içində siyasi kursa kifayət qədər sadiq olmayan şəxslərin işdən uzaqlaşdırılmasına çağırıb. Axios platformasının məlumatına görə, bunun nəticəsində Milli Təhlükəsizlik Şurasının bir neçə əməkdaşı da vəzifəsindən uzaqlaşdırılıb.

Son xəbərlərə əsasən, Şeyla Tomas Milli Təhlükəsizlik Agentliyinin icraçı direktoru təyin edilib və agentliyin müvəqqəti rəhbəri vəzifəsini icra edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31