İtaliya NATO hədəflərini qarşılamaq üçün müdafiə büdcəsini genişləndirmək niyyətindədir- ÖZƏL
4 Aprel 15:12 Dünyaİtaliya, NATO-nun müdafiə xərcləri üzrə tələblərinə daha tez uyğunlaşmaq üçün polis və sahil mühafizə xidmətlərini müdafiə büdcəsinə daxil etməyi nəzərdən keçirir. Olaylar.az xəbər verir ki, iki hökumət mənbəsi məlumat verib. Bildirilib ki, bu addım ABŞ Prezidenti Donald Trampın təzyiqləri fonunda atılır.
Müdafiə sahəsinə investisiya etməkdə çətinlik çəkən və yüksək borclu olan İtaliyanın 2024-cü il üçün proqnozlaşdırılan müdafiə büdcəsi ÜDM-in 1,49%-ni təşkil edir. Bu, NATO-nun hazırkı 2%-lik hədəfindən geri qalır, halbuki Tramp bu göstəricinin 5%-ə qaldırılmasını tələb edir.
Hökumət mənbələrinə görə, Baş nazir Corcia Meloni sahil mühafizəsini və bəzi milli polis qüvvələrini müdafiə büdcəsinə daxil edərək 2%-lik hədəfə çatmağa çalışır. Bu planın nə zaman müzakirəyə çıxarılacağı hələ məlum deyil.
NATO bu məsələ ilə bağlı rəsmi şərh verməyib. İtaliyanın Müdafiə Nazirliyi isə bu təşəbbüs barədə məlumatlarının olmadığını açıqlayıb.
Sabiq İtaliya səfiri Stefano Stefanini belə bir addımın NATO qaydalarına tam uyğun olmasa da, qəbul edilə biləcəyini bildirib: "Əgər bu plan yaxşı hazırlanıb təqdim olunarsa, NATO-nun buna qarşı çıxacağını düşünmürəm".
Avropa Komissiyası isə 27 Aİ ölkəsinə hər il ÜDM-in 1,5%-i qədər müdafiə xərclərini artırmağa imkan verən yeni təklif irəli sürüb. Lakin İtaliyanın artan dövlət borcu bu sahədəki imkanlarını məhdudlaşdırır. Ölkənin İqtisadiyyat naziri Giancarlo Ciorgetti isə Aİ ölkələri üçün ümumi maliyyələşdirmə mexanizmi yaradılmasını təklif edib.
Müdafiə xərcləri İtaliyada həssas mövzu olaraq qalır. "Corriere della Sera" qəzetinin keçirdiyi sorğuya görə, əhalinin təxminən 40%-i Aİ-nin hərbi sahədə güclənməsinə qarşıdır, yalnız 30%-i isə bunu dəstəkləyir.