ABŞ daim işğalçı ilə işğala məruz qalana eyni gözlə baxıb-Tural İsmayılov- ÖZƏL
19 Fevral 2024 17:18 Dünya"Əlbəttə ki, cənab Prezidentin Münxendə keçirdiyi bir sıra yüksək səviyyəli görüşlər var".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Bunların içərisində ABŞ dövlət katibi Entoni Blinkenlə keçirdiyi görüşün müstəsna əhəmiyyəti mövcuddur. Özəlliklə, ABŞ-nin dünyadakı siyasi mövqelərini nəzərə aldıqda məhz elə ABŞ-nin istəyi ilə ABŞ dövlət katibinin Azərbaycan Prezidenti ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşməsi ABŞ-nin Azərbaycana göstərdiyi diqqəti növbəti dəfə nümayiş etdirir. Əlbəttə ki, ABŞ-nin bütövlükdə bölgəyə yanaşmasında daim bizi narazı salan məqamlar mövcuddur. Özəlliklə, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ABŞ daim işğalçı ilə işğala məruz qalana eyni gözlə baxırdı və beynəlxalq ədalət meyarlarını itirib. Postişğal dövründə də biz ABŞ-nin Qafqaza bu yanaşmasında qeyri-obyektivliklər görürük. Özəlliklə, sonuncu dəfə Blinkenin müavini Ceyms O`Braynın hədyanlarından dolayı ABŞ-Azərbaycan münasibətləri böyük zədə almışdır. Amma artıq ABŞ dövlət katibinin dəfələrlə Azərbaycan Prezidentinə telefon zəngləri etməsi, həmçinin Münxen Təhlükəsizlik Konfransında məhz qarşı tərəfin istəyi ilə ABŞ dövlət katibi ilə cənab Prezidentin görüşməsi ABŞ-Azərbaycan münasibətlərindəki ABŞ-nin səbəb olduğu müəyyən problerin müzakirəsi baxımından müstəsna əhəmiyyətə malikdir deyə düşünürəm. İstənilən halda belə önəmli bir konfransda ABŞ dövlət katibinin Azərbaycana göstərdiyi maraq da ölkəmizin güclənən mövqelərini bir daha nümayiş etdirir".