Rusiya-Ukrayna müharibəsi yaxın gələcəkdə başa çatmayacaq - ÖZƏL
6 Sentyabr 2023 16:23 Dünya"Rusiya və Ukrayna arasında gedən müharibə yaxın gələcəkdə başa çata bilməyəcək. Rusiya prezidenti Vladimir Putinlə bir neçə gün əvvəl görüşüb ayrılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, "iki ölkə arasında sülh danışıqları və sülh müqaviləsinin bağlanması üfüqün ucunda belə görünmür" ifadəsi belə deməyə əsas verir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, müharibənin başa çatması bir tək Rusiyanın iradəsi altında deyil:
"Burda ABŞ və Qərbin iradəsi əsasdır və bu iradə məqsədli şəkildə istifadə olunur. Yəni məqsədləri heç də iki ölkə arasında sülhün bərqərar olmasına təşəbbüs və yaxud da təcavüzkara qarşı təsir mexanizmi deyil. Bunu əsaslandırmaq üçün kifayət qədər, müharibənin gedişində baş vermiş hadisələr var. Misal olaraq Ukraynaya verilməsi lazım olan hərbi texnikanın gecikdirilməsi və yaxud da heç verilməməsi və sairə bizə əsas verir ki, deyək, bu hadisələrin mahiyyətində ABŞ və Qərbin siyasi maraqlarını görməmək mümkün deyil. Bu maraqlar əsasən Rusiyanın zəifləməsinə xidmət edir və Rusiyanı zamanla tükətmək, müflis hala salaraq təslim etmək siyasəti aparılır".