Ukraynada yeni təyinat baş verdi - ÖZƏL
4 Sentyabr 2023 10:32 Dünya" Reznikov amili Kiyevdə artıq birmənalı qarşılanmırdı və dünən axşam Zelenski onu istefaya göndərdi, yerinə isə krım tatarı Rüstəm Umerov təyin olunacaq . Aleksey Reznikovun istefaya göndərilməsi rəsmi səviyyədə Ukraynanın Rusiya ilə müharibədə yeni taktiki yanaşması ilə əlaqələndirilir, yenilik və novator yanaşmanın lazım olduğu qeyd edilir. Bəziləri, Aleksey Reznikovun kürsüdən getməsini, həm də nazirliyin adının korrupsiya ilə hallanmasına görə qeyd edirlər. Cari ilin yanvar ayında böyük bir rüşvət sxemi mediada yayılsa da, sonradan bir müddət sakitlik idi". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Avqustun 10 -u Müdafiə nazirliyinin adı yenidən korrupsiya qalmaqalında hallanır. Həmin gün "Zerkalo Nedeli" Türkiyənin "Vektor Avia" şirkətinin Silahlı Qüvvələr üçün qış gödəkçələri adı altında yay gödəkçələri satdığını bildirib. Oxşar əhvalatı avqustun 25-də "Ukrayinska pravda" da verib. Ali Radanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin iclası zamanı bildirilib ki, bu təchizatçı şirkət xüsusi olaraq bu növ tədarük üçün yaradıla bilərdi. Alqı-satqıları Xalqın qulluqçusu partiyasından olan deputat Gennadi Kasainin qardaşı oğlu Oleksandr Kasai həyata keçirib.Reznikov cavabında bildirib ki, Ukrayna Silahlı Qüvvələri üçün qış gödəkçələrinin alınması ilə bağlı qanunsuz sxem təsdiqlənərsə, istefaya getməyə hazırdır. Və daha sonra baş verənləri yuxarıda qeyd etdim. Lakin, şəxsən mən bu versiyanın son bəhanə olduğunu düşünürəm. Beləcə, görünür avqustun 10 -u mediaya sızdırılan məlumat bir növ təsadüf deyildi. Çünki, ancaq sadəlöhvlər Ukrayna - Rusiya kimi qlobal bir müharibədə heç də pis təsir bağışlamayan müdafiə nazirinin istefaya göndərilməsini rüşvət amili ilə bağlaya bilər. Məsələ daha dərin və qəlizdir. Ümumilikdə isə, Zelenskinin bu addımı başa düşüləndir. Qeyd edim ki, Rusiya mətbuatı avqust ayındakı bəzi analitik yazılarında Aleksey Reznikovun guya Ukraynada mümkün çevriliş edə bilənlər siyahısında göstərirdi. Bu xəbərin doğru və ya psixoloji təzyiq və feyk olub - olmamasından asılı olmayaraq müdafiə nazirinin başı üzərində duman ilin əvvəllindən var idi.
Artıq fevral ayında Reznikovun hakim qrupda qalmasının vacibliyi, lakin müdafiə sahəsinin başqasına həvalə ediləcəyi qeyd edilirdi. Onun Britaniyaya səfir göndəriləcəyi və ya kabinetdə hansısa sahənin ona həvalə ediləcəyi gözlənilir.Bu vəzifəyə əsas namizəd kimi ilin əvvəlindən başlayaraq ölkənin birinci kəşviyyatçısı Kiril Budanovun adı hallanırdı. Hətta, avqust ayındakı proqnozlar arasında 2- 3 namizədin adı hallansa da, onlar arasında Umerov yox idi.
Rüstəm Umerov 1982 -ci ildə Özbəkistanda anadan olub. Daha sonra Ukraynaya köçüb, krım tatarıdır. ABŞ -dakı fondlarla sıx əlaqələri mövcuddur, eyni zamanda krım tatarlarının hüquqları və səslərinin tanınması üçün əsas aktivistlərdən biri olub. Krım tatarlarınln lideri Mustafa Cəmilin köməkçisi olub.Avqustun sonunda Hakan Fidanın Zelenskiy ilə görüşündən sonra məhz Umerov soyadının müdafiə naziri postuna namizəd göstərilməsi, yəgin ki, təsadüfi deyil".