Bişkekdəki Heydər Əliyev adına məktəb gimnaziyaya layiqli hədiyyə

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Müzəffər Ali Baş Komandan: Sən azadsan, əziz Şuşa" və  "Xalqa bağışlanmış ömürdən anlar" adlı kitabları Bişkekdəki Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan məktəb gimnaziyaya hədiyyə edilmişdir.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə nəşr edilən "Müzəffər Ali Baş Komandan: Sən azadsan, əziz Şuşa" kitabı 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti ilə başlayır.

Kitabda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, bəyanatları, görüşləri və digər materiallar xronoloji ardıcıllıqla verilib.

Qeyd edək ki, "Müzəffər Ali Baş Komandan: Sən azadsan, əziz Şuşa" və "Xalqa bağışlanmış ömürdən anlar" kitabı Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun rəhbəri böyük vətənpərvər və xeyriyyəçi Nüsrət Məmmədovdur. Kitabı tərtib edən tanınmış jurnalist Vəli Əkbərdir. 

"Xalqa bağışlanmış ömürdən anlar" kitabı Gəncə Dövlət Universitetinin dosenti, Prezident təqaüdçüsü Bayram Apoyevin "Heydər Əliyev - Tolerantlığın və multikulturalizmin alovlu carçısıdır" sərlövhəli elmi məqaləsi ilə açılır. Daha sonra kitabda Ulu Öndərin xalqa bağışlanan ömrünün əsas anlarına həsr olunmuş materiallar xronoloji ardıcıllıqla verilib. Həmin materiallarda Ulu Öndərin müsahibə və çıxışları, tanınmış dövlət və hökumət başçılarının, görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin Heydər Əliyev haqqında fikirləri öz əksini tapıb.

Bişkekdəki "Uluu Toolor" nəşriyyatı tərəfindən nəşr edilən "Müzəffər Ali Baş Komandan: Sən azadsan, əziz Şuşa"  və "Xalqa bağışlanmış ömürdən anlar" kitablarında yer almış bütün materiallar Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-dan götürülüb.

Kitabları Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti Nüsrət Məmmədovdan qəbul edən Heydər Əliyevin adına məktəb gimnaziyanın direktoru Kanıkey Alımkulova məktəbin müəllimlər heyəti qarşısında çıxış etmişdir. K. Alımkulova çıxışında demişdir: Bu kitablar təkcə məktəbdə təhsil alan şagirdlər üçün yox, həm də məktəbin müəllim heyəti üçün də Heydər Əliyevin mənalı həyat və fəaliyyətini öyrənmək üçün əvəzolunmaz mənbədir. 

Kitabların təqdimi tədbirində direktorun elmi metodik işlər üzrə müavini Lyübov Malışeva, rus dili və ədəbiyyatı müəllimi  Lyübov Lısenkova və başqaları iştirak etmişdir. 

Xatırladaq ki, bu kitabların və bir neçə başqa Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan kitabın ilk təqdimatı Şuşada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr edilən "Planetlə dialoq" adlı filmin premyerası zamanı keçirilməsi nəzərdə tutulur.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu öz ənənəsinə sadiq qalaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu  kitabların hamısını ödənişsiz yayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31