Rusiyada baş verənlər Ukraynada döyüşən orduya mənfi təsir göstərəcək - ÖZƏL
24 İyun 2023 12:03 DünyaÖtən gündən etibarən şimal qonşumuz Rusiyada Priqojen rəhbərliyində Vagner silahlı birləşməsi dövlət çevrilişinə cəhd edir. Ölkənin təhlükəsizliyi baxımdan kritik vəziyyətin yaşandığı bir dönəmdə Vagner birlikləri Rostov şəhərini nəzarətə götürüb və mərkəzi hakimiyyətə qarşı sonacan mübarizə aparacaqlarını vurğulayırlar. Belə bir məqamda bir sıra suallar yaranır ki, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilən Priqojen bu addımı niyə atdı və mövcud situasiyanın ardında dayanan səbəblər hansılardır?
Baş verən hadisələrlə bağlı fikirlərini "OLAYLAR"-la bölüşən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Vagner muzdluları Ukrayna müharibəsinə qədər Afrika qitəsi başda olmaqla Kremlin maraq dairəsində olan və hərbi situasiyanın gərgin olduğu bütün regionlarda Rusiyanın maraqlarının təminatçısı kimi çıxış edirdi və bu reallıqlar onlara hakim siyasi elita arasında ciddi nüfuz qazandırmışdı:
"Lakin Ukrayna işğalında vəziyyət tamamilə dəyişdi və biz ordu rəhbərliyindən, başda nazir Şoyqu və baş qərargah rəisi Gerasimovdan narazı olan, vaxtaşırı olaraq onları təhqir etməkdən belə çəkinməyən Priqojeni izləməyə başladıq. Və əslində baş verən hadisələri aylar öncədən başlanan prosesin kuliminasiya nöqtəsi kimi qiymətləndirsək yanılmarıq. Mövcud situasiya çoxəsrlik dövlətçilik ənənələrinə sahib Rusiya üçün utancverici hal olsa da, proseslər təkcə ölkənin nüfuz itirməsi ilə yekunlaşacaq kimi görsənmir".
AVP rəsmisi deyib ki, hadisələrin bu tempdə davam etməsi ilk olaraq Ukraynada döyüşən orduya mənfi təsir göstərəcək:
"Yaranmış gərginlikdən istifadə etmək istəyən Ukrayna silahlı qüvvələri əks-hücum əməliyyatlarının şiddətini artıracaq və bu cəbhə xəttində ciddi dəyişikliklərə səbəb ola bilər. Digər tərəfdən isə yaranmış vəziyyət ölkə iqtisadiyyatına mənfi təsirsiz ötüşməyəcək və 2024-cü ildə keçiriləcək seçkilər öncəsi Vladimir Putinin mövqeyini ciddi şəkildə zəiflədəcək".