Krım uğrunda gərgin döyüşlər olacaq

İkinci ilinə qədəm qoymuş Rusiya-Ukrayna müharibəsinin yaxın perspektivdə sona çatacağı hələlik qeyri-mümkün görünür. Buna səbəb isə həm Moskva, həm də Kiyev üçün müharibədən əvvəl proqnozlaşdırılanların özünü doğrultmamasıdır. Rusiya cəbhəsində təmsil olunan ölkələr, başda Belaris olmaqla düşünürdülər ki, Ukrayna ilk həftəcə Rusiya qarşısında məğlub olacaq və bu ölkənin böyük bir hissəsi Rusiyanın nəzarəti altına keçəcək. Ancaq ehtimallar özünü doğrultmadı. Rusiyaya qarşı ciddi dirəniş göstərən Ukrayna ordusu Rusiyanın hərbi sənayesinə demək olar ki, müasir tarixdə görünməyən qədər zərər vurdu. Təbii ki, burada Avropa və Birləşmiş Ştatların Ukraynaya hərbi dəstəyi də müəyyən mənada rol oynayırdı.

Rusiya ilə bağlı gözləntilər, daha doğrusu onun Qərbin, Avropanın sanksiyaları qarşısında məğlub olacağı barədə avropalı ekspertlərin proqnozları da reallaşmadı. Eyni zamanda bu ölkənin hərbi potensialının azalaraq Ukrayna qarşısında məğlubiyyətə düçar olacağı barədə söylənilənlər həyatda öz əksini tapmadı. Moskva Şimali Koreya, İran və bu kimi ölkələr hesabına hərbi potensialını, silah-sursat bazasını möhkəmləndirdi. Hətta hazırda Rusiyanın Ukraynaya qarşı yeni, daha geniş miqyaslı əməliyyata başlayacağı bildirilir. Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib ki, Rusiya Krımın müdafiəsini gücləndirməyə başlayıb. Qeyd  olunub ki, Rusiya bu istiqamətdə əhəmiyyətli səylər göstərir: "Rusiya Armyansk şəhərindən 3,5 km şimalda, Krımı Xerson vilayəti ilə birləşdirən dar körpünün üzərində, uzunluğu 9 km olan geniş müdafiə zonası qurub. Bu, onu deməyə əsas verir ki, Ukrayna qüvvələri Krıma hücum etmək iqtidarındadır". Bildirilib ki, Rusiya üçün əsas prioritet yarımadaya nəzarətdir.

Rusiya-Ukrayna müharibəsi fonunda cərəyan edən prosesləri analiz edən siyasi ekspert Kənan Novruzovun sözlərinə görə, Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski daha əvvəl bir neçə dəfə deyib ki, müharibə torpaqların, o cümlədən Krımın işğaldan azad olunması ilə başa çatmalıdır: "Son zamanlar Krımda hərəkətlənmə güclənib. Yarımadanın səmasında müntəzəm olaraq kəşfiyyat uçuşları aparılır. Bu, onu deməyə əsas verir ki, davam edən əks-hücum əməliyyatlarının əsas istiqamətlərindən biri də məhz Krımla bağlıdır. Krımın Ukrayna üçün strateji əhəmiyyətini əvvəllər də demişdik. Birincisi, Krımda hərəkətlənmənin güclənməsi Rusiya Silahlı Qüvvələrinin diqqətini Ukraynanın döyüş gedən torpaqlarından yayındıracaq. Bu, əks-hücum əməliyyatlarının daha effektiv olmasına şərait yaradacaq. İkincisi, Ukrayna bu yolla Krımla bağlı gələcək hədəflərinə daha çox yaxınlaşa biləcək. Üçüncüsü, Rusiya daxilində xaos güclənəcək. Bu mənada düşünmək olar ki, Ukraynanın Krımla bağlı addımları artacaq. Görünür, bunu artıq Rusiyada da hiss edirlər".

Ekspert qeyd edib ki, yarımadanın yaxın zamanda işğaldan azad ediləcəyi inandırıcı görünmür. Çünki bu, kifayət qədər çətindir: "Amma Krımdakı fəallıq Rusiyanı panikaya salmaq, çaşdırmaq baxımından xüsusi əhəmiyyətə malikdir.  ABŞ-ın F-16 qırıcılarının tədarkündən sonra Krımda fəallığın, o cümlədən hava hücumlarının sayının artması gözləniləndir. Rusiya indidən bu ssenariyə hazırlaşmağa başlayıb. Əgər Krıma hücumlar intensivləşərsə, bu, gələcəkdə Rusiya qoşunlarının Ukraynanın digər torpaqlarından çıxması ilə nəticələnə bilər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31