Avropa Parlamenti kimə qarşıdır: Azərbaycana, yoxsa Avropa İttifaqına?
17 Mart 2022 11:29 DünyaSon zamanlar Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında fəal təmaslar var. Hər iki tərəf əməkdaşlığın genişləndirilməsi niyyətini aydın ifadə edir. Qurumun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko isə qeyd edib ki, Aİ ilə Azərbaycan arasında ikitərəfli saziş tezliklə imzalanacaq: "Hər iki tərəfdə bu sazişin tez bir zamanda imzalanması üçün maraq var". "Olaylar"ın xəbərinə görə, politoloq Nurlan Qələndərli bildirib ki, təəssüflər olsun ki, Aİ-nin Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmini ifadə etməsinə baxmayaraq, Avropa Parlamenti proseslərə mənfi təsir göstərməyə çalışır. Aİ-nin üç vacib qurumundan biri olan AP-nin bir qrup siyasi korrupsioner deputatın canfəşanlığı və erməni lobbisinin təşəbbüsü ilə ölkəmizin əleyhinə qərəzli "müzakirə" platformasına çevrilməsi bunun bariz nümunəsidir: "AP, əslində, Avropa İttifaqına qarşı çıxış edir. Çünki Azərbaycan Aİ-nin etibarlı və perspektivli tərəfdaşı, mühüm regional güc mərkəzidir. Sual olunur: belə olan halda, AP Aİ əleyhinə fəaliyyətə start verib, yaxud qurum daxilində mərkəzdənqaçma ilə - separatizmlə məşğuldur?! Yeri gəlmişkən, Belçikanın Eureporter.co saytı Avropa Parlamentinin Azərbaycan tərəfinin məktublarını erməni diasporuna sızdırması barədə material dərc edib. Bu, Aİ ilə Bakı arasında gərginlik yaratmaq cəhdidir. AP-nin öz siyasi məsuliyyətini "unutması" və Aİ-nin bəyan etdiyi prinsiplərə zidd fəaliyyət göstərməsi qəbuledilməzdir. Bir tərəfdən Aİ Azərbaycan ilə əməkdaşlığın önəmindən bəhs edir, digər tərəfdən AP qərəzli addımlar atır. Eyni zamanda, Avropa İttifaqının "səmimi tərəfdaşlıq" ifadəsi ilə Avropa Parlamentinin Azərbaycan səfirinin məktublarını erməni diasporunun nümayəndələrinə ötürməsi faktı üst-üstə düşmür. Hər halda, qurum bu barədə ciddi düşünməlidir. Təkcə düşünmək isə yetərli deyil!"