Ermənistan Avropa İttifaqı və İranın dəstəyini almağa çalışır
19 Yanvar 2022 11:49 DünyaPaşinyanın bu planı Kremlin maraqlarına tam ziddir
İkinci Qarabağ müharibəsindən və tarixi qələbəmizdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də Ermənistan tərəfi müharibənin başa çatmasını özündə ehtiva edən 10 noyabr bəyanatı, eləcə də 2021-ci il, yanvar ayının 11-də Moskvada imzalanmış üçtərəfli razılaşmanı icra etməyə tələsmir. Xüsusilə də, Zəngəzur dəhlizi ilə bağlı məsələ bu günə qədər də reallaşmamış qalır. Politoloq Vüqar Əhmədov deyir ki, 10 Noyabr bəyənnaməsinə əsasən tərəflər Azərbaycanın Naxçıvanla nəqliyyat əlaqəsinin bərpa olumasına razılıq veriblər. Bununla bağlı Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində işçi komissiyasında görüşlər keçirilib və praktiki müzakirələr aparılıb: "Tərəflər arasında bir neçə görüş keçirilməsinə baxmayaraq bu istiqamətdə hələ ki, real nəticələr əldə edilməyib. Azərbaycanın bu nəqliyyat əlaqəsinin adını Zəngəzur dəhlizi adlandırsa da, Ermənistan bunu qısqanclıqla qarşılayıb və layihənin gerçəkləşməsində maraq göstərmir. Baxmayaraq ki, Ermənsitan ərazisindən keçəcək yol bu ölkəyə də iqtisadi divident gətirəcək. Elə isə sual yaranır ki, ortada Rusiyanın siyasi iradəsi və vasitəçiliyi olmasına baxmayaraq niyə Ermənistan tərəfi bu prosesi uzadır?".
Vüqar Əhmədov hesab edir ki, Avropa İttifaqı 2022-ci il üçün Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Ermənistan, Azərbaycan, Gürcüstün, Ukrayna və Moldovaya ayrılacaq maliyyənin məbləğini açıqlayıb: "Baxmayaraq ki, ərazi və əhali baxımından Ermənistan əksər ölkələrdən daha kiçikdir, ən böyük məbləğ bu il Ermənistana ayrılıb. Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Vareli bildirib ki, bu il Ermənistana 3.1 milyard Avronun ayrılması nəzərdə tutulur. Bu kifayət qədər böyük bir məbləğdir və ilk dəfədir ki, Ermənistana Avropa İttifaqı tərəfindən bu həcmdə vəsait ayrılır. Yardım çərçivəsində Ermənistanda mikro sahibkarlıq və infrastruktur layihələrinin inkişaf etdirilməsi nəzərdə tutulur. Diqqət çəkən məqam Ermənistanın hakim "Mənim addımım" partiyasının deputatı Arman Yeqhoyanın açıqlamasıdır. O bildirib ki, bu yardım çərçivəsində 600 milyon avro vəsaitin Ermənistanın Syunik bölgəsi ilə İran sərhədinə Şimal-Cənub genişləndirilmiş yolunun və tunelinin tikintisi üçün yönəldilməsi nəzərdə tutulur ki, burada da layihənin ümumi dəyəri 1.5 milyard avrodur. O qeyd edib ki, Avropa İttifaqının bu layihəni maliyyələşdirməkdə strateji marağı Hindistan-İran (Ərəb körfəzi)-Ermənistan və Gürcüstan vasitəsi ilə Avropaya yeni nəqliyyat qovşağını yaratmaqdır və Avropa İttifaqı bu yolun tək Ermənistan olan hissəsi üçün 600 milyon avro ayırmağı nəzərdə tutur. İranın nəqliyyat və şəhərsalmanın inkişafı naziri Məhəmməd İslami ötən ilin may ayında İrəvana səfəri çərçivəsində bu layihəyə dəstək olmağa hazır olduğunu bildirib. Sözügedən nəqliyyat qovşağı, yəni Hindistanla-Avropanı birləşdirən bu nəqliyyat qovşağı hər nə qədər utopik görünsə də, göründüyü kimi Ermənistan bu layihəyə həm iqtisadi, həm də siyasi dəstək axtararaq bu layihənin gerçəkləşməsinə çalışır. Bu isə Azərbaycanın irəli sürdüyü Zəngəzur koridoruna alternativ və təklif olunan 3+3 formatında əməkdaşlığa zidd sayıla bilər. Qərbə daha çox meyl edən Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ətrafında danışıqları Rusiya masasından qərb masasına daşımaqla yanaşı, regionda Azərbaycan, Türkiyə və Rusiyanın marağında olan iqtisadi və nəqliyyat layihələrinə qarşı çıxmağa çalışır. Ermənistanla Azərbaycan sərhəddində baş verən son təxribatları da Rusiya siyasi ekspertləri qiymətləndirərkən bunun məqsədinin Paşinyanın Qarabağ danışıqlarına daha çox Avropa İttifaqı və ATƏT-i cəlb etmək olduğunu bildiriblər".
Politoloqun sözlərinə görə, hazırki vəziyyətdə belə demək olar ki, Ermənistan bu istiqamətdə Avropa İttifaqının və İranın da dəstəyini almağa çalışır: "Əlbəttə ki, Paşinyanın bu planı Kremlin maraqlarına tam ziddir. Çünki Rusiya Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycan üzərindən Ermənistan və Türkiyəyə quru sərhəd əldə edəcək. Ermənistanın isə qərbin maliyyə və siyasi dəstəyi,-İran və Gürcüstanın da cəlb olunduğu bu layihəsi Moskvanın maraqları ilə tamamilə ziddiyyət təşkil edir. Bu isə Rusiya maraqları baxımından bölgədə nəzərdə tutulan 3+3 formatının gerçəkləşməsini daha labüd edir".
Süleyman