Meyə daha bir zərbə: O da istefa verdi
Böyük Britaniyanın Baş naziri Tereza Meyin "Breksit" strategiyasına etiraz edən Uels üzrə nazir Nigel Adams istefa verib.
3 Aprel 2019 18:38 DünyaBöyük Britaniyanın Baş naziri Tereza Meyin "Breksit" strategiyasına etiraz edən Uels üzrə nazir Nigel Adams istefa verib.
Nazir hökumət başçısının Brexitlə bağlı müxalif partiya olan Leyboristlərin sədri Ceremi Korbin ilə danışıqlar aparmaq planını sərt tənqid edib. O, istefa məktubunda baş nazirin müxalifətin nazı ilə oynadığını və "Breksit" üzrə yanlış addımlar atdığını vurğulayıb. Adams Korbin ilə danışıqları bağışlanılmaz səhv adlandırıb və Avropa İttifaqı (Aİ) ilə sazişin olmamasının "pis sazişdən" daha yaxşı olduğunu qeyd edib.
Aprelin 3-də Baş nazir Tereza Mey bəyan edib ki, "Breksit" sazişinin imzalanması müddətini uzatmaq üçün müxalifət partiyasının lideri Korbin ilə danışıqlara ehtiyac var. Aprelin 12-dək uzadılmış müddət yetərincə olmayıb və Böyük Britaniyanın Baş naziri onun yenidən təxirə salınmasını gündəmə gətirib. Əsas problem isə ölkənin Aİ-ni sazişlə, yaxud heç bir razılaşma olmadan tərk etməsidir. Mey və Korbin arasında görüşün aprelin 4-də baş tutacağı bildirilir.
"Breksit" prosesinin uzanması Aİ ölkələrinin rəhbərlərinin də kəskin narazılığına səbəb olub. Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Aİ "Böyük Britaniyada davam edən siyasi qalmaqalların girovuna çevrilmək istəmir".
axar