Türkiyədə Xocalı Parkının və Ana fəryadı abidəsinin açılışı olub
13 Fevral 2019 13:20 DünyaTürkiyənin Kahramanmaraş şəhərində Xocalı Parkının və Ana fəryadı abidəsinin açılış mərasimi keçirilib.
Fevralın 12-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin prezidenti, Xalq yazıçısı Çingiz Abdullayevin, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, "Sabitlik və İnkişaf" Mərkəzi İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovun rəsmi müraciətləri, DAMM İB-nin Türkiyə təmsilçisi Tural Şahbazlının təşəbbüsü ilə Türkiyənin Kahramanmaraş şəhərində salınan Xocalı Parkının və burada ucaldılan Ana fəryadı abidəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində rəsmi şəxslər, diplomatlar, millət vəkilləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, yerli sakinlər, QHT, eyni zamanda Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, Xalq artisti, "Şöhrət" ordenli Ramiz Quliyev, Milli Qəhrəman anası Gözəl Xasıyeva, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, İNK-nın departamet sədrləri Fərid İsmayılzadə, Sadiq Hüseynov, DAMM İB-nin Türkiyə təmsilçisi, Kahramanmaraş-Azərbaycan Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Turalın Şahbazlı və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin ruhlarına dualar oxunub.
Sonra tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fateh Mehmet Erkoc, Türkiyə Böyük Millət Məclisinin deputatı İmran Kılıç, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, Kahramanmaraş-Azərbaycan Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Turalın Şahbazlı və başqaları çıxış ediblər.
Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təcavüzkar Ermənistanın Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi soyqırımı aktı ötən əsrdə dünyada insanlıq əleyhinə ən ağır cinayətlərdən biri kimi dəyərləndirilib. Əminliklə ifadə olunub ki, Azərbaycan və Türkiyə xalqları heç zaman Xocalı soyqırımını unutmayacaqlar. Qeyd edilib ki, Kahramanmaraş şəhərində belə bir parkın salınması və burada Xocalı abidəsinin ucaldılması Azərbaycan-Türkiyə qardaşlığına daha bir nümunədir. İki ölkə arasındakı bu qardaşlıq və mehribanlıq şəraitinə görə Türkiyə Prezidenti cənab Ərdoğana və Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edilib.
Belə bir möhtəşəm tarixi hadisənin reallaşmasındakı xidmətlərinə görə Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç DAMM İB-nin təsis etdiyi "Əbədi lider" Qızıl döş nişanı və diplomla təltif edilib.
Sonra parkın açılışı olub. Ana fəryadı abidəsinin qırmızı lentini Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç, DAMM İB-nin 1-ci vitse-prezidenti Rasim Məmmədov və Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim kəsiblər.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərində salınan Xocalı Parkının və burada ucaldılan Ana fəryadı abidəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsidir.


.jpg)