İrəvanda daha bir sorğu: Ermənilər kimə səs verəcək?
27 Noyabr 2018 14:37 DünyaErmənistanda növbədənkənar parlament seçkisindən öncə daha bir sorğunun nəticələri açıqlanıb.
Sorğunu Beynəlxalq Respublikaçılar İnstitutu keçirib. Sorğunun nəticəsinə əsasən, əhalinin 67%-i Paşinyanın rəhbəri olduğu Vətəndaş Müqaviləsi Partiyasını dəstəkləyəcəklərini bildiriblər. 10% şəxs İşıqlı Ermənistan, 9% şəxs Çiçəklənən Ermənistan, 3% Sasna Çrer, 2% Respublikaçılar, 2% isə Daşnaksütyun partiyasına səs verəcəklərini deyib.
Ermənilər üçün Nikol Paşinyan hələ də ən sevimli ictimai xadim olaraq qalıb. Ermənilərin 82%-i Paşinyanı sevdiyini bildirib. Ondan sonrakı yeri 81%-lə Armen Sərkisyan, 77%-lə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan tutub.
Ermənistanda sürətli siyasi dəyişiklikləri 63% şəxs dəstəkləyib. 73% erməni isə Ermənistanın doğru yolda olduğunu, 81% isə ölkədəki situasiyanın gələcəkdə daha da yaxşılaşacağına inandığını ifadə edib.
Ermənilər həmçinin Paşinyandan daha çox iş yerlərinin yaradılması, sosial-iqtisadi problemlərinin həll edilməsini, təqaüdlərin və maaşlarının artırılmasını gözlədiklərini deyiblər.
Qeyd edək ki, bundan öncə "Qallup" şirkəti Ermənistanda sorğu keçirmişdi. Sorğuya əsasən, Paşinyanın partiyasını 68,3% şəxsin dəstəklədiyi üzə çıxmışdı. Ondan sonrakı yerlərdə Çiçəklənən Ermənistan (6,7%), Respublikaçılar (1,5%), İşıqlı Ermənistan (1,2%) və Daşnaksütyun (1%) partiyaları qərarlaşmışdı.
axar.az