Tpamp İranı “bitirir”? - ŞƏRH

ABŞ-ın, Trampın əsas hədəfi İrandır, ABŞ-ın Çin, Avropa Birliyi, Türkiyə ilə yaşanan gərginliyinin əsasında İran məsələsi dayanır. ABŞ-ın əsas məqsədi İranla dünyanın bütün əlaqələrini kəsməkdir, bank əməliyyatlarını blok etmək, neft-qaz satışına qadağa qoymaqdır.

Trampın məqsədi bu addımlarla İranda ciddi böhran yaratmaq, daxildə etirazlar dalğasını artırmaq, nəticə olaraq da İranda rejimin dəyişməsinə nail olmaqdır.

Bunu siyasi və iqtisadi ekspert Natiq Cəfərli deyib.

O qeyd edib ki, Trampın addımları rasional deyil, aqressivdir, amma öz məntiqi var - öz missiyasını İsrailin bütün istəklərini yerinə yetirməkdə görür. 

Onun sözlərinə görə, çox maraqlı, amma təhlükəli vəziyyət yaranıb.

"Çin bəyan edib ki, İrana qarşı sanksiyalara qoşulmayacaq, bu ölkədən neft almağa davam edəcək - məhz buna görə Tramp Çin mallarına əlavə rüsum və vergilər tədbiq edib. Çin çox rasional ölkədir, ABŞ-a ildə 512 mlrd. dollarlıq mal satır, yəni Çin gərginliyi artıracaq, sonra ABŞ-dan əlavə güzəştlər alıb, hətta rüsum və vergiləri azaldıb İrandan vaz keçəcək.

Rusiya öz oyununu oynayır, İran onun vecinə də deyil, sonda ABŞ-dan sanksiyaları ləğv ermək müqabilində İranı satacaq. Avropa Birliyi ilə vəziyyət fərqlidir, Avropa ölkələri Rusiya sanksiyalarına ona görə razı oldular ki, əvəzində yeni texnologiya və malara "ac" və yeni, 80 mln. əhalisi olan İran bazarında əsas oyunçu olsunlar. 

İran sazişini imzalayanda AB ölkələri Rusiyada itirdiklərini İranla kompensasiya etmək, əlavə olaraq, İrana 400 mlrd. dollarlıq mal satmaq, İranın enerji və avtomobil sənayesində əsas oyunçu olmaq istəyirlər.

ABŞ-ın Avropaya basqı edib, İran məsələsində onları müttəfiq etmək üçün Avropaya daha çox güzəşt etməyə məcburdur, bu, mümkün olsa da, çox çətindir.

Türkiyə İrandan ən çox neft-qaz alan, ən çox pul qazanan ölkələrdən biridir.

Suriyada İran Türkiyəyə rəqib, PKK məsələsində isə müttəfiqdir, İraqda İran əsas oyunçulardan biri, Türkiyənin maraqlarına toxunan ölkə, amma Qərblə münasibətlərdə yaxın ölkədir. Yəni, ən ağır durumda Türkiyədir, iqtisadiyyatı zəif, daxili problemləri çoxdur.

ABŞ bunu bilir və Türkiyənin zəif nöqtələrinə basaraq, İran məsələsində güzəşt almaq istəyir - sonda buna nail olacaq. Azərbaycanın durumu da yaxşı deyil, İran ən böyük qonşulardan biridir, ciddi iqtisadi və insani əlaqələrimiz var.

Amma İranın da ölkəmizə təsir rıçaqları çoxdur, İran ölkəmizdə oyunqurucu güc olmasa da, təəssüf ki, böyük dağıdıcı gücə sahibdir. İrana qarşı müharibə olsa, bundan ən çix əziyyət çəkən ölkə biz olacağıq, yüz minlərlə qaçqın ölkəmizə gələ bilər...

Buna görə də İran məsələsində çox ehtiyatlı və həssas davranmalıyıq, buna məcburuq.
Amma bizdən asılı olmayan səbəblərdən İranda yeni bir demokratik dalğa başlasa, orada yaşayan soydaşlarımızın özlərinə ciddi muxtariyyət qazanma şansı da yaranacaq. Bunu da həmişə nəzərdə saxlamalıyıq", - deyə N. Cəfərli əlavə edib.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31