Suriyada müharibə: Təl-Əviv üçün hər şey yeni başlayır - ŞƏRH

Helsinkidəki görüş zamanı Vladimir Putin və Donald Tramp beynəlxalq siyasətin konkret probleminə toxunublar. Xüsusilə, onlar İsrail-Suriya münaqişəsinin gərginləşməsinin mümkünlüyünü dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. 

Bu fikirləri açıqlamasında rusiyalı bloqer, siyasi analitik Denis Korkodinov deyib.

Onun sözlərinə görə, əgər Təl-Əvivin İranın və "Hizbullah" silahlı qruplaşmasının güclənməsi ilə bağlı narahatlığı olmasaydı, Suriya müharibəsi həll oluna bilərdi. 

"Helsinkiidəki görüşdən bir müddət əvvəl İsrail baş naziri Binyamin Netanyahu Suriya problemini müzakirə etmək üçün Moskvaya səfər etdi. 

İsrailin hərbi və diplomatik fəallığı, çox güman ki, Bəşər Əsədin İsrailin işğal etdiyi Qolan təpələri yaxınlığındakı Kuneytra bölgəsinə marağı artırmağı ilə bağlıdır. Bu baxımdan, İsrail həmin strateji yüksəkliklərin Əsəd tərəfdarlarının nəzarətinə keçəcəyini və bunun Təl-Əvivi Suriya-İsrail sərhədində çətin vəziyyətdə qoyacağını düşünür", - müsahibimiz bildirib. 

O əlavə edib ki, bununla yanaşı, İsrail status-kvonu saxlamaq, İran və "Hizbullah"ın güclənməsinə yol verməmək, eləcə də, İsrail və Suriya arasında 1974-cü ildə bağlanmış atəşkəs razılaşmasını təmin etmək üçün Qolan təpələrində müdafiə xəttini gücləndirib. 

"İsrailin müdafiə ordusu ilk tapşırığının öhdəsindən az-çox gələ bilir. İran mövqeləri və "Hizbullah"ın nəzarətindəki ərazilər daim İsrail Hərbi Hava Qüvvələri tərəfindən atəşə məruz qalır. 

Ancaq ikinci tapşırığın yerinə yetirilməsində problemlər var. 1974-cü ildə bağlanmış atəşkəs müqaviləsinə əməl edilmir, demək olar ki, hər gün Qolan təpələri hər iki tərəfdən atəşə məruz qalır. 

Razılaşmaya əsasən, İsrail və Suriya arasında demilitarizasiya zonası yaradılıb. Bu zona Hermon dağından İsrail, Suriya və İordaniya sərhədlərinə qədər olan ərazini əhatə edir", - ekspert qeyd edib. 

Korkodinov əlavə edib ki, son vaxtlar deskalasiya zonasında müxtəlif silahlı qruplaşmalar yaranıb. Bu isə Təl-Əviv və Dəməşq arasındakı razılaşmanı sıfıra endirir. Həmin hərbi qruplaşmalar İsrail tərəfinin narahatlığına səbəb olur. 

"Təl-Əviv hesab edir ki, Qolan təpələri yaxınlığında yaradılmış qruplaşmaları İran və "Hizbullah" dəstəkləyir. Bu isə İsrailin təhlükəsizliyinə təsir göstərə bilər.  

Beləliklə, Suriya müharibəsi zamanla başa çata bilərdi, ancaq Təl-Əviv üçün bu, hələ yeni başlayır", - o qeyd edib.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31