Ermənistan və Gürcüstanın Rusiyaya qarşı demarşı

Moskva Tiflisə və İrəvana qarşı hansı adekvat addımı ata bilər?

Rusiya ilə NATO arasında gərginlik getdikcə artır. Hərbi Alyansın Şərqə doğru genişlənməsi planını birbaşa özü üçün təhdid və təhlükə hesab edən Moskva hər nə qədər NATO-nun bu cəhdinə qarşı adekvat addımlar atmaq barədə düşünsə də, lakin görünən odur ki, Hərbi Alyans sürətlə Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləyir. Onu da qeyd etmək yerinə düşər ki, Hərbi Alyansın müntəzəm olaraq Rusiya ilə sərhəd ölkələrdə keçirdiyi hərbi təlimlər də bu prosesin sürətlənməsinə təkan verir. Bu arada NATO-nun Gürcüstanda keçirməyi nəzərdə tutduğu yeni hərbi təlimlər də Rusiya Federasiyasında ciddi qıcıq və narahatçılıq yaradıb. Məlumat üçün qeyd edək ki, Hərbi Alyans avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində "Layiqli Tərəfdaş 2018" (Noble Partner 2018) çoxmillətli təlim keçirməyi nəzərdə tutub. Təliminin məqsədi NATO standartlarını tətbiq etməklə NATO/SNT və tərəfdaş qüvvələrin bölük səviyyəsində bölmələrinin uzlaşmasını və çöl vərdişlərini təkmilləşdirmək, eləcə də müxtəlif tapşırıqları icra etməkdir. 
Təlimdə 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və Birləşmiş Ştatlar) 3000-dən artıq hərbi qulluqçu iştirak edəcək. Bəs görəsən Hərbi Alyansın nəzərdə tutduğu hərbi təlimlər Rusiya ilə NATO arasında gərginliyi nə dərəcədə artıracaq. Və Moskva Hərbi Alyansın bu addımını necə qarşılayacaq və ona hansı qarşılığı verəcək. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın cənub sərhəddində NATO-nun hərbi təlimləri, xüsusi ilə Gürcüstanda bunun keçirilməsi, Kremlin Gürcüstana qarşı təzyiqinə yol açacaq. Politoloqun sözlərinə görə, amma, bu siyasi təzyiqlərin effekt verəcəyi o dərəcədə düşündürücü görünmür: "Ermənistan ötən il NATO-nun bu hərbi təlimlərinə qatılmaqdan son anda imtina etdi. Təbii ki, Rusiyanın güclü təzyiqləri fonunda Yerevan öz hərbi kontingentini geri çağırmışdı. İndi isə, Ermənistanda post-Sərkisyan dönəmidi, hakmiyyətdə qərbpərəst Nikol Paşinyanın komandası antiRusiya siyasəti aparır. Sözdə Rusiya ilə dostluq əlaqlərinə ehyam vursa da, apardığı əməli siyasətdə ölkəsində Rusiyanın fəaliyyətinin qarşısının alınması üçün çalışır". Məhəmməd Əsədullazadə deyib ki  Ermənistan, artıq Gürcüstandakı NATO təlimlərinə qoşulub və bu təlimlərlə paralel Rusiyaya demarş edərək, NATO-ya alternativ yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açıb: "Göründüyü kimi, işğalçı ölkənin baş naziri Nikol Paşinyannın apardığı kursa fikir verdikdə, NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında seçim qaldıqda, inqilabçı baş nazirin seçimi NATO oldu. Üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini qandalladı".

Politoloq hesab edir ki, Gürcüstanda NATO təlimləri regionun bu Alyansa ineqrasiyasına hesablanıb və bu ölkə ərazisində yerləşən NATO qərargahı region ölklərində siyasi-hərbi vəziyyəti təhlil edir, Rusiyaya qarşı ideloji iş aparır və regionda hakmiyyətlərin devrilməsi üçün inqilab planları aparır: "Cənubi Qafazda Birləşmiş Ştatlar səfirlikləri, birbaşa Gürcüstandakı NATO qərargahı ilə paralel işləyir. 
Ermənistanda Rusiyanın dayaqlaranın zəiflədilməsi fonunda, Nikol Paşinyanın hakimiyyətə gətirilməsi, regionda gedən geostrateji planlar çərçivəsində reallaşdı. Birləşmiş Ştatlarla Rusiya arasında Cənubi Qafqaz uğrunda mübarizə gedir. Buradakı, mübarizə yarı-gizli, yarı-açıq müstəvidə həyata keçirilir. Gürcüstan və Ermənistanda baş verən siyasi hadisələr birbaşa Rusiyanın bu regiondan çıxarılmasına hesablanıb".

Politoloq onu da əlavə edib ki, Ermənistan bu dəfə Gürcüstanda keçirilən  NATO təlimlərində iştirakda daha çox israrlı görünür. Ancaq bu heç də İrəvan üçün yaxşı heç nə vəd etmir: "Mümkündür ki, Rusiya Ermənistana təzyiq rıçaqlarından istifadə etsin və işğalçı ölkəyə bir sıra basqılar göstərsin. Hər halda yaxın günlərdə hər şey aydın olacaq. İndiki məqamda isə aydın olan mənzərə ondan ibarətdir ki, Hərbi Alyansla Rusiya Federasiyası arasında çox ciddi mübarizə gedir. Bu mübarizədən hansı tərəfin qalib ayrılacağını proqnozlaşdırmaq bir qədər çətin olsa da, hələlik mövqe savaşında şimal qonşumuzun məğlub durumda olduğu görünür. Elə Gürcüstanda planlaşdırılan təlimlər və Rusiyanın forpostu sayılan Ermənistanın həmin təlimlərə qatılmaq istəyi deyilənləri təsdiqləyir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31