Politoloq: “Avropa Azərbaycana Şərqə açılan pəncərə kimi baxır”

Elxan Şahinoğlu: "Yaxın müddətdə Azərbaycan Avropanın Cənubi Qafqaz üçün qeyri-rəsmi tətbiq etdiyi embarqonu yaracaq"

Son bir ayda Azərbaycan və Avropa arasında ciddi bir siyasi hərəkətlilik var. İyulun əvvəlində ölkə prezidenti Brüsselə səfər edərək Avropa İttifaqı rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirdi. Bu səfər zamanı Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri" sənədi imzalanıb.

Bu səfərdən az sonra, iyulun 17-də İtaliya prezidenti Bakıya iki günlük səfərə gəlib. Bundan sonra isə iyulun 19-da Azərbaycan prezidenti Fransaya səfər edib. Hər iki səfər zamanı ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra real sazişlər imzalanıb, əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılıq əldə olunub.

Azərbaycan və Avropa arasında son həftələrdə artan bu cür qarşılıqlı səfərlər Bakının Brüssellə yaxınlaşması cəhdi kimi yozulur. Azərbaycan prezidenti NATO toplantısına qatılıb və yüksək səviyyədə görüşlər keçirib. Bakının "qoca qitə" ilə yaxınlaşmasının arxasında hansı səbəblər dayanır?

Siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, son bir ayda Azərbaycanla Avropa İttifaqı arasında çox sıx təmasların qeydə alınmasının arxasında obyektiv səbəblər dayanır. Azərbaycanın inkişafında Avropanın yeri və rolunun əvəzsiz olduğunu qeyd edən E.Şahinoğlu Avropa İttifaqı dövlətlərinin Azərbaycanın əsas iqtisadi tərəfdaşı olduğunu bildirdi:"Avropa da Azərbaycana Şərqə açılan pəncərə kimi baxır. İtaliyanın prezidenti Sercio Mattarellanın iyulun 18-də Azərbaycana səfərinə diqqət yetirək. Bu, İtaliya prezidentinin Azərbaycana ilk səfəri idi. İki ölkə arasında müxtəlif sənədlər imzalandı. Bundan sonra prezidentlər mətbuata bəyanatla çıxış etdilər. İtaliya ilə əməkdaşlıq Azərbaycan üçün bir neçə baxımdan vacibdir. Birincisi, İtaliya hazırda ATƏT-ə sədrlik edir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. İtaliya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna görə də rəsmi Bakı ümid edir ki, İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaq. İtaliya prezidenti də çıxışında bu məsələyə diqqət ayırdı: "İtaliya ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır. İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək". Azərbaycan prezidenti İlham Əliyev italiyalı həmkarının bu açıqlamasına cavab olaraq "əminik ki, İtaliya Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq" ifadəsini səsləndirdi".

E.Şahinoğlu deyir ki, İtaliyanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını demək çətindir. Çünki İtaliyadan əvvəl Azərbaycanla müttəfiq olan digər dövlətlər də ATƏT-ə sədrlik ediblər, lakin həmin dövlətlər də münaqişənin həllinə nail ola bilməyiblər. Ancaq həmsöhbətimizin fikrincə, istənilən halda İtaliya kimi böyük Avropa dövlətinin münaqişənin həllində fəallıq etməsi Azərbaycan üçün əlverişlidir: "İtaliyanın münaqişənin həllində fəallığını artırması Azərbaycan üçün az əhəmiyyət daşımır. İkincisi, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasına dəstək verir. İtaliya Brüssellə Bakı arasında strateji tərəfdaşlıq sazişinin qısa müddətdə imzalanmasına çalışır. Azərbaycanın Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi var, bunlardan biri İtaliyadır. İki ölkə arasında saziş 2014-cü ildə imzalanıb.

Üçüncüsü, Avropa İttifaqı dövlətləri arasında Azərbaycanın əsas ticarət tərəfdaşı məhz İtaliyadır. İtaliyanın bir neçə şirkəti Azərbaycanda fəaliyyət göstərir, fabrik və zavodların tikintisində yaxından iştirak edirlər. Azərbaycan sənayesi İtaliyanın texnologiyalarına ehtiyac duyur. TAP boru xətti tikildikdən sonra Avropa dövlətləri arasında məhz İtaliya Azərbaycan qazının əsas alıcılarından birinə çevriləcək. İndinin özündə də Avropa İttifaqı dövlətləri arasında Azərbaycan neftini ən çox alan ölkə İtaliyadır. İtaliya prezidenti Bakıdakı açıqlamasında Xəzər dənizinin qazının Avropa üçün çox önəmli olduğunu bildirdi. Ancaq İtaliya prezidenti konkret olaraq "İtaliya Azərbaycandan qaz alacaq" ifadəsini işlətmədi. İtaliya prezidentinin bu açıqlamasına baxmayaraq, İtaliyanın yeni hökumət üzvləri TAP layihəsi ilə bağlı bəzən ikibaşlı açıqlamalar verirlər. İtaliyada bu boru xəttinin ekologiyaya zərər vuracağını söyləyənlər də var. Ona görə də İtaliyanın baş nazirinin və digər hökumət üzvlərinin də TAP layihəsi ilə bağlı qəti mövqe bildirməsi vacibdir. İtaliyanın hazırkı hökuməti isə populist partiyaların koalisiyasından formalaşıb.

Dördüncüsü, İtaliya prezidenti Bakıda başqa maraqlı fikir də söylədi: "Biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə danışdıq. Çünki biz inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verə bilər". Müdafiə sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərdə yeni səhifə aça bilər. Ancaq bu məsələdə əsas söz sahibi yenə İtaliya prezidenti deyil, hökumətdir. Ona görə də İtaliya prezidentinin Azərbaycanla bağlı dediklərini bu ölkənin baş naziri də təsdiq etməlidir. Bu baxımdan İtaliyanın baş nazirinin də Azərbaycana rəsmi səfərə gəlməsi və deyilənləri təsdiq etməsi zəruridir".

Elxan Şahinoğlu Azərbaycan prezidentinin Fransaya səfərini Azərbaycan-Avropa və Azərbaycan-Fransa münasibətlərinin dərinləşməsi baxımından mühüm addım kimi qiymətləndirir. Avropa dövlətləri arasında Cənubi Qafqaza maraq göstərən dövlətlərdən biri olan Fransanın prezidentlərinin dəfələrlə regiona səfər etdiyini xatırladan ekspertə görə, bu, Parisin bölgəmizə olan marağını göstərir. Fransanın Minsk Qrupunun həmsədri kimi eyni zamanda bütün Avropanı təmsil etdiyini qeyd edən E.Şahinoğlunun fikrincə, Bakı üçün indi Parislə əməkdaşlığı dərinləşdirmək vacibdir: "Doğrudur, Fransa parlamentində erməni lobbisinin xeyrinə qəbul edilən sənədlər var və bu, haqlı olaraq Azərbaycan cəmiyyətinin xoşuna gəlmir. Buna baxmayaraq, Azərbaycan erməni lobbisinin güclü olduğu Fransa ilə əməkdaşlığı genişləndirməlidir. Prezident İlham Əliyevin Parisdə görüşləri də bundan xəbər verir. İlham Əliyev "Total" neft şirkətinin rəhbəri ilə görüşdü. "Total" dünyanın nəhəng neft şirkətlərindən biridir. Şirkət Azərbaycanın enerji yataqlarının işlənməsində iştirak edir, yeni yataqlara maraq göstərir və Azərbaycana yeni investisiyalar qoymaq haqda düşünür. Bu, hər iki tərəfə xeyirlidir. İlham Əliyev Parisdə Fransanın hərbi sənaye kompleksinə aid şirkətlərinin ("Naval Group", CİFAL, "Thales İnternational") prezidentləri ilə görüşdü. Həmin şirkətlər Azərbaycanla hərbi sahədə əməkdaşlıq etmək istəyirlər. Bu şirkətlər sentyabr ayında Bakıda ADEX sərgisində də iştirak edəcəklər. Mümkündür ki, yaxın illərdə həmin şirkətlər Azərbaycana modern hərbi texnika da satsınlar. Həmin şirkətlər bunda maraqlıdırlar. Çünki bu sazişlər həmin şirkətlərə milyardlarla dollar qazanc gətirə bilər".

E.Şahinoğlu deyir ki, Azərbaycan və Fransa arasında əlaqələrin dərinləşməsi Ermənistan hakimiyyəti və erməni lobbisinin xoşuna gəlməyəcək. Hətta ekspertə görə, ermənilər Paris-Bakı yaxınlaşmasına qarşı çıxacaqlar. Ancaq Fransa şirkətləri gəlir və münbit bazarlar haqqında düşündüyü üçün ermənilər bu prosesə təsir göstərə bilməyəcəklər:"Azərbaycanla əməkdaşlıq həmin şirkətlər üçün faydalıdır. Bütün hallarda yaxın müddətdə Azərbaycan Avropanın Cənubi Qafqaz üçün qeyri-rəsmi tətbiq etdiyi embarqonu yaracaq. Bu, ilk olaraq Fransa da ola bilər, başqa dövlət də. İtaliya və Fransadan sonra növbə Almaniyanındır. Almaniya kansleri Angella Merkel avqust ayında Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfər edəcək. Görünür, Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlıqda Almaniya Fransa və İtaliyadan geri qalmaq istəmir. Bu, Azərbaycanın da maraqlarına uyğundur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31