Dünyanın miqrasiya problemi
Müasir dünyanı yeni böhranla üz-üzə qoyacaq hadisələrin sırası genişlənməkdədir. Hazırda mədəniyyətlər, sivilizasiyalar arasında toqquşmalar daha geniş spektrlərə yayılmağa, bir sıra ölkələrdə hərbi müdaxilələrə gətirib çıxarıb. Belə bir şəraitdə miqrasiya probleminin artması Avropa dövlətləri üçün əsil “barıt çəlləyinə” çevrilib. Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin sədri Sahibə Qafarova qeyd edib ki, yeni nizam qarşıya bir çox dərin iqtisadi, sosial, siyasi problemlər çıxarıb. Bu sırada hazırda qoca qitənin "yuxusuna haram qatan" miqrasiya problemi xüsusilə aktuallıq kəsb edir.
21 Dekabr 2017 14:37 DünyaAvropa humanitar fəlakətlə üz-üzə qalıb
Müasir dünyanı yeni böhranla üz-üzə qoyacaq hadisələrin sırası genişlənməkdədir. Hazırda mədəniyyətlər, sivilizasiyalar arasında toqquşmalar daha geniş spektrlərə yayılmağa, bir sıra ölkələrdə hərbi müdaxilələrə gətirib çıxarıb. Belə bir şəraitdə miqrasiya probleminin artması Avropa dövlətləri üçün əsil "barıt çəlləyinə" çevrilib. Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin sədri Sahibə Qafarova qeyd edib ki, yeni nizam qarşıya bir çox dərin iqtisadi, sosial, siyasi problemlər çıxarıb. Bu sırada hazırda qoca qitənin "yuxusuna haram qatan" miqrasiya problemi xüsusilə aktuallıq kəsb edir. Məlumdur ki, Sovet İttifaqının süqutu çoxlu sayda insanın Qərbə yönəlməsinə səbəb oldu. Yuqoslaviya problemi, Bosniya-Herseqovinadakı silahlı münaqişə, 1999-cu il Kosovo müharibəsi və humanitar böhran 850 mindən çox insanın öz yaşadıqları yerləri tərk etmələrinə səbəb oldu. Daha sonra İraq və Əfqanıstanda işğal, Misir, Liviya, Tunis və digər müsəlman ölkələrində kənardan idarə olunan "inqilab"lar, Suriyada vətəndaş müharibəsi sadəcə bu dövlətləri və onların xalqlarını öz buxovuna almadı, bu, eyni zamanda Qərb dövlətlərini də ciddi təhdid edən başlıca problemə çevrildi: "Bu gün Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti - miqrant böhranı ilə üz-üzədir. Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və məcburi köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tutub. Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən "İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı" hesab olunur. Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, təkcə 2015-ci ildə Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçmiş, onlardan 181.500 nəfəri Yunanıstana, 108.500 nəfəri isə İtaliyaya daxil olmuşdur. Qurumun həmin iyul ayının sonuna olan statistikasına görə, il ərzində Avropaya qayıqla gələnlərin 62 faizi Suriya, Eritreya və Əfqanıstandan olanlardır. Buraya Sudanın Darfur bölgəsindən, İraq, Somali və Nigeriyanın münaqişəli zonalarından gələnləri də əlavə etdikdə göstərici 70 faizə yüksəlir".
Millət vəkili bildirib ki, 2016-cı ildə isə Aralıq dənizi vasitəsilə Avropaya 357 249 nəfər miqrant gəlmişdir. Avropaya qeyri-qanuni yollarla daxil olmaq istəyən qaçqınların əksəriyyəti Yunanıstan vasitəsilə öz niyyətlərinə çatmışdır. İl ərzində bu ölkə 170 mindən çox miqrantı qəbul etmişdir: "Sadəcə bu iki il ərzində qeyri-leqal miqrasiyanı ifadə edən rəqəmlər hazırda problemin nə qədər dərin olduğunu anlamağa imkan verir. Və şübhəsiz, miqrasiya axınının genişlənməsi bu prosesin bu qədər dramatik hal almasında bir formada iştirak edən Avropanın özündə də yeni problemlərin artmasına rəvac vermişdir. İlk növbədə miqrasiya iqtisadi həyata təsir edərək - qlobal iqtisadiyyatın yaranmasını, transmilli korporasiya və beynəlxalq əmək bazarının formalaşmasını şərtləndirir. İnformasiya məkanına təsir edərək müvafiq qlobal sosial, eləcə də cinayətkar şəbəkələrin formalaşmasına səbəb olur. İqtisadi baxımdan inkişaf edən ölkələrə üz tutan miqrant axınlarının qeyri-leqal formaları, onun kölgə iqtisadiyyatı və mütəşəkkil cinayətkarlıqla əlaqəli olan kriminallaşması meylləri, beynəlxalq terrorizm və transmilli cinayət şəbəkəsi tərəfindən istifadə olunması bu gün milli dövlətlərin təhlükəsizliyi üçün yaranan əsas təhlükələrdən biridir".
Onun bildirdiyinə görə, qlobal miqrasiya prosesləri dövlətin həyatında milli-siyasi münasibətlərin mahiyyətinə də təsir göstərir: "Son zamanlar bir sıra dövlətlərdə milli, irqi zəmində diskriminasiyanın şiddətlənməsi bunun bariz sübutudur. Miqrasiya axınları dövlətin bütövlüyünü, sərhədlərinin kövrəkliyini, "boz zonaların" yaranmasını şərtləndirir. Özünütəcrid edən "miqrant anklavlarının" yaranması sosial gərginlik mənbəyi kimi çıxış edir. Avropanın inkişaf etmiş ölkələrinin əsas problemləri əhalinin doğum səviyyəsinin aşağı olması, yaşlanma və işsizlikdir ki, bu da miqrasiya sahəsində dövlət siyasətinin yeni həll yollarının qəbul olunmasına ehtiyacı şərtləndirir. Eyni zamanda miqrantların axını bu ölkələrdə sosial sabitliyə təhlükə yaradır ki, bu da onların miqrantların yeni mühitə uyğunlaşması və inteqrasiyası ilə əlaqədar külli miqdarda maliyyə vəsaiti ayırmasına gətirib çıxarır. Miqrasiya prosesləri səbəbi ilə sosial və etnik münaqişələrin yaranması təhlükəsi qloballaşmış dünyanın mövcud reallıqlarındandır. Son dövrlər bir sıra ölkələrdə siyasətçilərin dilindən səslənən rasizmi, ksenofobiyanı təşviq edən fikirlər bizi narahat etməyə bilməz. Dünyada, o cümlədən Avropada terror hadisələrinin artdığı, onlarla günahsız insanın terrorun qurbana çevrildiyi bir vaxtda dini ayrı-seçkiliyi alovlandıran, faşizmi təbliğ edən bu kimi çağırışlar əlbəttə ki, qətiyyətlə pislənilməlidir. Onu da etiraf etmək lazımdır ki, mövcud miqrasiya reallığına uyğun olaraq hər bir dövlətin müvafiq təhlükəsizlik siyasətinin həyata keçirilməsi zərurəti yaranır. Yuxarıda sadalanan problemləri nəzərə alsaq onda bir sıra dövlətlərin öz milli təhlükəsizliyinin qeydinə qalması başadüşüləndir. Amma necə deyərlər, məqsədə gedən yolda istifadə olunan metod və vasitələr yanlışdır. Belə ki, məlumatlara görə, bir sıra Avropa ölkələri, o cümlədən, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Sloveniya, İtaliya və digərləri Şimali Afrika və Yaxın Şərq ölkələrindən gələn miqrant axınının qarşısını xüsusi üsullarla almaq haqqında qərar qəbul etmişdir. Almaniya Xarici İşlər Nazirliyi miqrantlara qarşı tətbiq olunan sərt qaydaların bundan sonra da ardıcıl həyata keçiriləcəyinin mesajlarını vermişdir. Yaxın keçmişin acı nəticələri isə tətbiq olunan siyasətin nəinki problemin həllinə rəvac vermədiyini, əksinə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirdiyini göstərir".
S.Qafarova bildirib ki, miqrantlara qarşı çıxışlarda çox zaman onların gəlişinin iqtisadi nəticələri deyil, fərqli dinlərin, irqlərin nümayəndələrinin ölkəyə mədəni, demoqrafik təsirləri qabardılır. Bununla da, liberal demokratiya nümunəsi hesab edilən bir çox Avropa ölkələrinin, əslində, bəzi liberal dəyərlərdən, o cümlədən çoxmədəniyyətlilikdən, dini, irqi dözümlülükdən imtina etməsi özünü göstərir. Avropa İttifaqına daxil olan ölkələrdə liberalizmin böhranı və milliyyətçi sağçıların siyasi hakimiyyətə gəlişi, şübhəsiz, liberal prinsiplər əsasında qurulmuş İttifaqın özünün də ciddi böhran və sarsıntı keçirməsinə, real struktur kimi bundan sonrakı fəaliyyətinin səmərəliliyinin sual altına alınmasına səbəb olmuşdur.
Nəhayət, ortaya haqlı "Nə etməli?" sualı çıxır. Bu zaman yenə də keçmiş təcrübələrə istinad etmək ehtyacı yaranır və biz belə bir faktı dilə gətirməli oluruq ki, Böyük Avropanı yaradan torpaqlar və dənizlər vasitəsilə fərdlərin və xalqların daimi hərəkəti olmasaydı, köhnə qitədə həyat indi çox fərqli olardı. Avropa dəyərlərinin formalaşmasında, müxtəlif mədəniyyətlərin, inanc və ənənələrin yaranmasında, mühafizəsində miqrantların və ya onların övladları olan alimlərin, siyasətçilərin, tanınmış mütəfəkkirlərin xidmətləri danılmazdır. İxtisaslı kadrların axını Avropanın əmək bazarının möhkəmləndirilməsinə öz töhfəsini verir. Siyasi, sosial və mədəni sahələr yeni təkan alır. Onu görə də, miqrantlara qarşı qapını bağlamazdan, onlara qarşı qeyri-insanı davranışları, ən sərt polis tədbirlərini gündəmə gətirməzdən əvvəl bir daha yenidən düşünməli bu prosesi ən insani üsullarla və hamıya fayda gətirəcək metod və vasitələrlə həll etməyin yolunu axtarmalıyıq. 60 ildir bizi yaşadan və qoruyan formula sahib çıxmaq hamımızın mənəvi borcumuzdur. Ona görə də, multikulturalizm dəyərlərini, mədəniyyətlər arasında dialoqu qorumaq bu gün həyati əhəmiyyət kəsb edən məsələdir. Ən azından Azərbaycanın ortaya qoyduğu nümunə bu əminliyi yaradır ki, multikulturalizm, tolerantlıq, fərqli dinlərə və millətlərə qarşı xoş münasibət cəmiyyətlərdə bütün problemlərin açarıdır. Diskriminasiyanın olmadığı, xalqlara və dövlətlərə münasibətdə çoxstandartlılığın təmin edilmədiyi bir şəraitdə bu gün həlli mümkün görünməyən bir sıra problemləri həll etmək çox daha asan olacaq. Və ən nəhayət, miqrasiya bir dövlətin, xalqın, toplumun, dini dünya görüşünün problemi olaraq qəbul oluna bilməz. Sadalananlardan da aydın olduğu kimi, bu hamını təhdid etdiyi üçün problemin həllinin birinci yolu da birgə əməkdaşlıqdır. Dərk etməliyik ki, gün keçdikcə daha da təhlükəli nəticələr doğuran miqrasiya və miqrant böhranını aradan qaldırmadan ümumqitə təhlükəsizliyindən danışmaq yersiz olacaq".
Nurlan