Amerikanın Qüds qərarı Türkiyəyə qarşı hesablanıb
Artıq bir həftəyə yaxındır ki, bütün dünyanın diqqəti Qüdsə cəmlənib. Daha dəqiq desək Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi görməsi və Amerikanın Təl-Əviddəki səfirliyini bura köçürmək niyyətini açıqlaması əsas diqqətləri məhz Yaxın Şərqə, Qüdsə yönəldib. İndi Avropada Asiyaya. Qərbdən Şərqə, müsəlman dünyasından xristian aləminə qədər hər kəsi bu məsələ maraqlandırır ki, Trampın qərarının Yaxın Şərqdə hansı insdentlərə, gərginliklərə yol açacaq. Və buna İslam coğrafiyasının adekvat cavabı nə olacaq.
13 Dekabr 2017 14:17 DünyaArtıq bir həftəyə yaxındır ki, bütün dünyanın diqqəti Qüdsə cəmlənib. Daha dəqiq desək Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi görməsi və Amerikanın Təl-Əviddəki səfirliyini bura köçürmək niyyətini açıqlaması əsas diqqətləri məhz Yaxın Şərqə, Qüdsə yönəldib. İndi Avropada Asiyaya. Qərbdən Şərqə, müsəlman dünyasından xristian aləminə qədər hər kəsi bu məsələ maraqlandırır ki, Trampın qərarının Yaxın Şərqdə hansı insdentlərə, gərginliklərə yol açacaq. Və buna İslam coğrafiyasının adekvat cavabı nə olacaq. Eyni zamanda Birləşmiş Ştatlar prezidentinin indiki həssa bir dönəmdə hansı zərurətdən belə bir mövqe nümayiş etdirdiyi də səslənən suallar içərisində yer alır. Yanaşmalar, dəyərləndirmələr fərqlidir. Hər kəs bu məsələyə fərqli prizmadan yanaşaraq öz ehtimallarını səsləndirir, proseslərin hansı məcraya doğru gedəcəyini proqnozlaşdırır. Bəziləri Ağ Ev rəhbərinin bu qərarını Donald Trampın müsəlman aləminə olan nifrəti, bəziləri onun gündəmdə qalma cəhdləri, bir başqaları isə Birləşmiş Ştatlar prezidentinin yəhudi lobbisinin diqtəsini həyata keçirdiyini iddia edir. Və ortaya qoyulan, irəli sürülən hər bir yanaşma, mövqedə müəyyən mənada reallıq, eyni zamanda yalnış dəyərləndirmələr də yox deyil. Belə ki, Trampın Qüds qərarını Ağ Ev rəhbərinin müsəlman aləminə nifrəti kimi dəyərləndirənlər unudurlar ki, Birləşmiş Ştatlar prezidenti elə ilk xarici səfərini məhz müsəlman ölkəsinə, Səudiyyə Ərəbistanına etdi. Eyni zamanda hazırda bir sıra ərəb ölkəsi Vaşinqtonun yaxın müttəfiqidir. Birləşmiş Ştatlar bu ölkələrə günümüzdə də silah-sursat satır. Ona görə də Trampın Qüds qərarını onun müsəlman aləminə hədsiz nifrəti kimi xarakterizə etmək doğru olmazdı.
Yaxud məlum Qüds qərarının Donald Trampın gündəmdə qalma cəhdi kimi dəıyərləndirmək də reallıqdan uzaq görünür. Düzdür, Ağ Evə rəhbərlik etdiyi gündən bu vaxta qədər Donald Trampın sadə amerikalılar arasında olan nüfuzu, reytinqi seçkilərdən əvvəlki göstəricilərdən xeyli aşağı düşüb. Bunu okeanın o tayında keçirilən rəy sorğuları da təsdiqləyir. Amma indiki məqamda Ağ Ev rəhbəri gündəmdə qalmaq və amerikalıların təsəvvüründə qətiyyətlə və mübariz bir prezidentə çevrilmək cəhdi və bu cəhddə də Qüds amilindən istifadə etmək Trampa qətiyyən dividentlər gətirməz. Əksinə bu amerikalıların Trampa olan inamını, etibarını daha da azalda bilər. Və Ağ Ev rəhbəri də bunu çox gözəl bilir. Eyni zamanda Tramp onun da fərqindədir ki, məlum Qüds açıqlamasına elə amerikalıların özləri də kəskin etiraz bildiriblər.
O ki qaldı Trampa Qüdslə bağlı məsələdə yəhudi lobbisinin təsirinə, burada müəyyən mənada razılaşmalı və razılaşmamalı məqamlar ola bilər.
Hazırda Yaxın Şərq, Qüds ətrafında gedən proseslərə yanaşma, Birləşmiş Ştatlar prezidentinin məlum açıqlamasının hansı zərurətdən meydana gəldiyinə dair irəli sürülən ehtimallar, ortaya qoyulan mövqelər sırasında Türkiyə amili xüsusi diqqət çəkir və kifayət qədər əsaslandırılmış bir mövqeni əks etdirir. Yəni, bir sıra ekspertlərin qənaəti ondan ibarətdir ki, əslində Birləşmiş Ştatlar rəhbərliyinin Qüdslə bağlı məlum açıqlaması nə İsrail, nə də Fələstin üçün hesablanmayıb. Bu qərar birbaşa Türkiyə üçün ölçülüb-biçilib, ona hesablanıb. Səbəblər isə kifayət qədər aydın və əsaslandırılmışdır. Belə ki, Türkiyənin gündən-günə güclənən mövqeyi, artan iqtisadi qüdrəti, Yaxın Şərqin aparıcı dövlətlərindən birinə çevrilməsi, ən əsası son illərdə Ankara ilə Moskva arasında inkişaf edən ikitərəfli münasibətlər və hər iki ölkənin bir sıra münaqişəli mövqelər, eləcə də Suriya ilə bağlı məsələdə ortaq mövqedən çıxış etməsi Vaşinqtonu ciddi şəkildə narahat edən məsələlərdəndir. Hazırda Türkiyə elə bir səviyyəyə, inkişaf mərhələsinə gəlib çatıb ki, Amerika onun qarşısını almaq gücündə deyil. Buna görə də Türkiyəyə qarşı müxtəlif təzyiq vasitələri, təsir mexanizmlərini işə salır. Məsələn, Türkiyədə baş verən dövlət çevrilişinə cəhddə əsas günahkar hesab olunan Fətullah Güləni hələ də Türkiyəyə vermir. İraqda, Suriyada türkmənlərə qarşı vuruşan, Türkiyəyə qarşı ərazi iddiasından çıxış PKK-YPĞ-ya silahlı yardım göstərir. Paralel olaraq Rza Zərrab olayı vasitəsilə Ankaraya təzyiqlər göstərməyə çalışır. Amma göründüyü kimi bütün cəhdlər bumeranq effekti verərək elə okeanın o taylna qayıdır. Belə olan təqdirdə Birləşmiş Ştatlar Türkiyəyə qarşı mübarizə istiqamətində daha "səmərəli" metod seçmiş oldu. Qüds. Hər kəsə, eləcə də Birləşmiş Ştatlar prezidentinə gün kimi aydındır ki, Türkiyə Respublikasının rəhbərliyi İslam coğrafiyasında baş verən ən xırda məsələyə belə həssas mövqe nümayiş etdirir, onun həlli istiqamətində çabalar sərf edir. İstər Suriya, istər İraq, istər Somali, istər Myamma və. və.i. Eləcə də Qüds. Ona görə də okeanın o tayında Türkiyəyə qarşı zərbə vurmaq, onun inkişafını zəiflətmək üçün Qüds məsələsi ortaya atılıb. Amerikada gözəl bilirlər ki, Qüds məsələsinə Türkiyə rəhbərliyi, xüsusilə Rəcəb Tayyib Ərdoğan belə demək mümkünsə fələstinlilərdən daha artıq həssaslıq nümayiş etdirir. Elə bu günlərdə Trampın məlum qərarına qarşı adekvat addımların atılması məqsədilə İslam coğrafiyasının Türkiyədə toplanması deyilənlərin bariz nümunəsidir. Birləşmiş Ştatlar rəhbərliyi onsuz da gözəl anlayır ki, Qüdsə ölkəsinin səfirliyini köçürmək mümkünsüzdür. Eyni zamanda onu da dəqiq bilir ki, İslam coğrafiyası cəsarətli bir qərar qəbul etmək iqtidarında deyil. Çünki yuxarıda qeyd etdiyimiz kimi müsəlman ölkələrinin bir çox Amerika ilə strateji müttəfiqdir. Bununla yanaşı İslam ölkələri ən xırda məsələlərdə belə indiyə qədər yekdil razılıq əldə edə bilməyiblər. İndi də istisna edilmir. Təbii ki, Qüds məsələsində səmərəli razılığın əldə edilməməsi isə İslam coğrafiyasını bir daha parçalayacaq və beləliklə, Türkiyə bəzi ərəb ölkələri ilə münasibətlərə yenidən nəzər salmalı olacaq. İslam coğrafiyasının Qüds məsələsinə Türkiyənin koordinasiyası altında etiraz bildirməsi isə Təl-Əvivlə Ankara arasında mövcud olan soyuq münasibətləri bir qədər də gərginləşdirəcək və iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq perspektivləri tamamilə iflasa uğrayacaq.
Bütün bunları nəzərı aldıqdan sonra qətiyyətlə belə bir iddia ortaya qoymaq olur ki, doğurdan da Trampın məlum Qüds qərarının əsas məqsədi Türkiyəyə zərbə vurmaq, onun diqqətini regionun digər dövləti olan Suriya və İraqdan yayındırmaq, paralel olaraq Ankaranın iqtisadi inkişafına zərbə vurmaqdır. Elə müstəqil ekspert Cəlal İvrahimov da belə düşünür. O, bildirib ki, Türkiyə dövləti, türk milləti tarix boyu haqq-ədalət uğrunda mübarizə aparsa da, bu mübarizəni baltalamaq üçün xarici qüvvələr daxildəki əldə etdiyi maşalardan istifadə edib: " Orxon abidələrində qeyd edildiyi kimi, xarici qüvvələr türk millətinin ədalətini daim qısqanıb və buna görə də, daxildəki cəsur insanları məhv edərək, çirkin əməllərini həyata keçirib. İdarəçiləri şirin dilləri, bahalı hədiyyələri , gülər üzləri ilə aldadan xarici qüvvələr bu metotlarla millətimizi bölüb və parçalanmalara məruz qoyub. Bu metotlar bu günə kimi davam etməkdədir. Onun üçün hər bir millətimizin fərdi tarixini bilməlidir ki, addım atarkən bu cür hiylələrə aldanmasın. Osmanlı kimi böyük dövləti parçalayan canavarlar, türk mİllətini tamamiylə yer üzündən silmək üçün, indiki Türkiyə dövlətinə ittifaq olduqları dövlətlərlə hücum edib, parçalanmaqda olan, Osmanlı dövlətinin son idarəçilərinə isə bu parçlanmanı təsdiq edən, Sevr müqaviləsinin imzalanmasına məcbur edilib.Fəqət Atatürkün liderliyində başlayan milli mübarizə, Qurtuluş savaşı ilə bu xain müqaviləyə son qoyaraq, türk millətinin yenidən bir günəş kimi parlamasına səbəb oldu. Bu doğuşu içlərinə sindirə bilməyən xarici qüvvələr daim türk millətinin azad hərəkət edə bilməməsi üçün, ölkə daxilində özlərinə bağlı insanlar əldə etmək üçün, hər cür xain metotlardan istifadə ediblər. Bu millətə kim xidmət etmək istəyibsə, yeri ya dar ağacı olub, ya öldürüblər,ya zəhərləyib, ya şantaj edib, ya da həbsə məhkum olunub. Adnan Menderes, Turqut Ozal, Uğur Mumcu, Muhsin Yazıcı Oğlu və Necmeddin Ərbakan kimi dəyərli insanlar xarici qüvvələrin, daxildəki maşalarının qurbanı olub. Bunları dünyada həyata keçirən ədalətsiz qurumların başında; Pentaqon,CİA, BMT, AB və NATO kimi üzdə mələk kimi görünən, əsasında isə dünyamızı qaranlığa bürüyənlər gəlir. 1997-ci ildə Amerikaya neokonlar tərəfindən təqdim edilən raporta görə, yaxın zamanlarda Amerikanın enerji resusları bitəcək və dərhal Amerika nə olursa olsun,Orta Şərq və Afrikanin bir hissəsinə tam nəzarət etməlidir ki, nəticədə enerji problemlərini ortadan qaldırsın. Yüz il əvvəl Türkiyəni işğal etmək istəyənlər, uzun planlarını Türkiyədə həyata keçirdikdən sonra,1997-ildə daxili maşalarının vasitəsiylə, Ərbakan Hökümətini yıxıb və ölkə daxilində İslam ərazilərində istifadə etdiyi terror liderini, Amerikaya aparıblar". Cəlal İbrahimov deyir ki, müsəlmanların yaşadığı ərazilərdəki enerji resuslarına sahib olmaq istəyən xarici qüvvələr, Amerikada 11 sentyabr terror hadisəsini həyata keçirərək, İslamı terrorla əlaqələndirməyə başladılar: "Bu hadisədən sonra əsas hədəf İraq, Suriya,Liviya, Misir oldu. Bir qismində istədiklərini əldə etsələr də, Suriya ,İraq və onun ətrafında istədiklərinə nail olmayan , bu xain qüvvələrin hədəfi isə Türkiyəni yenidən özlərinə bağlamaq və parçalamaq idi. Lakin Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəlməklə bu xain planın qarşısını aldı. Türkiyəni şəkilləndirmək və özünə bağlamaq istəyən, xarici qüvvələr fiziki güc göstərərək bu gün də türk millətinə göz dağı verməyə çalışır. Ərdoğanı yıxmaq istəyən xarici qüvvələr və onların qurumları olan; Pentaqon,CİA, BMT,AB və NATO 17-25 dekabr gəzi hadisələrini, Ergenekon olaylarını həyata keçirməklə buna nail olmaq istədilər". Ekspert bildirib ki, Türkiyənin bu ədalət mübarizəsini qısqanan xarici qüvvələr Türkiyə-Rusiya dövlətlərinin arasını vurmaq üçün hər cür xain metoddan istifadə etsələr də, buna da müəffəq ola bilmədilər: "Əksinə Türkiyə-Rusiya əlaqələri inkişaf etməyə başladı. Hesab edirəm ki, Türkiyə-Rusiya işbirliyi bölgə üçün xeyirli ola bilər".
Süleyman