Avropada yeni dönəm başlayır
Almaniya Bundestaqına keçirilmiş parlament seçkilərinin nəticələri artıq məlumdur. Uzun illərdir ki, Almanuiya kansleri postunu tutan Angela Merkelin rəhbərlik etdiyi hakim Xristian Demokrat İttifaqı 33 faiz səslə birinciliyini qoruyub. Merkelin əsas rəqibi sayılan Martin Şulsun rəhbərlik etdiyi Sosial-Demokrat partiyası 20.5 faiz səslə ikinci yerdə qərarlaşıb.
26 Sentyabr 2017 14:04 DünyaQoca qitədə millətçilik meyilləri artacaq
Almaniya Bundestaqına keçirilmiş parlament seçkilərinin nəticələri artıq məlumdur. Uzun illərdir ki, Almanuiya kansleri postunu tutan Angela Merkelin rəhbərlik etdiyi hakim Xristian Demokrat İttifaqı 33 faiz səslə birinciliyini qoruyub. Merkelin əsas rəqibi sayılan Martin Şulsun rəhbərlik etdiyi Sosial-Demokrat partiyası 20.5 faiz səslə ikinci yerdə qərarlaşıb.
Ancaq seçkilərin nəticələri ilə bağlı göstəricilər heç də müsbət dəyərləndirilə bilməz. Xüsusilə, bu nəticələr və bundan sonra Alman hökumətinin atacağı addımlar Almaniyaya mühacirət edən, bu ölkəyə müxtəlif adlar altında gələn xaricilər üçün sərfəli olmayacaq. Səbəb Bundestaq seçkilərində qatı millətçilərin də müəyyən üstünlük əldə edərək qanunverici orqana düşməsidir. Belə ki,
sağçı Almaniya üçün Alternativ Partiyası 13.5 faiz səs toplayaraq Bundestaqda yer almağa müvəffəq olub. Məlumat üçün qeyd edək ki, sözügedən partiya İkinci dünya müharibəsindən sonra Bundestaqda yer alan ilk sağçı partiyadır. Miqrantlar əleyhinə çıxışları ilə seçilən partiya gözləniləndən yüksək səs yığıb və Bundestaqda üçüncü ən böyük fraksiya olmaq imkanı əldə edib. Sosial demokratlar isə İkinci dünya müharibəsindən sonra ən aşağı göstəriciyə imza atıb. Azad Demokratik Partiya və Yaşıllar da daxil olmaq digər kiçik partiyalar isə 2013-cü il seçkiləri ilə müqayisədə daha yüksək nəticə qazanıb. Ümumilikdə, seçici fəallığı da 2013-cü il Bundestaq seçkiləri ilə müqayisədə daha yüksək olub. Məlumat üçün qeyd edək ki,
Almaniya Bundestaqı Almaniya Federativ Respublikasının ali qanunverici orqanıdır. Bundestaq Alman siyasi sisteminə əsasən birbaşa seçki hüququ əsasında seçilən yeganə orqandır və buna görə Almaniya parlament demokratiyasında vacib mövqe tutur. Bundestaqa seçkilər hər dörd ildən bir keçirilir. Almaniya Parlamentinin üzvləri müxtəlif fraksiyalara qoşula bilir. Parlament qanunvericilik funksiyasından başqa kansleri seçir və ölkə prezidentinin, həmçinin digər orqanların seçimində də iştirak edir. Bundestaq hökumət və icraedici orqanların, eləcə də Almaniya Silahlı Qüvvələrinin işinə nəzarət edir.
İndi Almaniyada keçirilən seçkilərin nəticələri Avropada da ciddi müzakirə, təhlil edilməkdədir. Seçkidə sağçıların qələbə qazanması ümumilikdə Avropada millətçilərin aktivləşməsi anlamını verir. Əgər nəzərə alsaq ki, Almaniya qoca qitənin böyük bir parçası və əsas füquru rolunu oynayır, o zaman qatı millətçiliyin qısa zamanda digər qitə ölkələrinə də yayılacağı ehtimalı böyükdür. Ümumən götürəndə belə deyə bilərik ki, Avropa Almaniyanın timsalında yeni bir siyasi dövrə qədəm qoyur. Ancaq bu dövr Avropanın, Qərbin viran qoyduğu və bu üzdən qaçıb qoca qitıyə sığınanlar üçün olduqca təhlükəli sayıla bilər. Şübhə edilmir ki, bundan sonra Almaniya başda olmaqla, bütün Avropada millətçilik meyilləri güclənəcək. Amma onu da etiraf etmək lazımdır ki, Bundestaqa keçirilən seçkilərdən sonra ortaya maraqlı sual çıxıb. Yəni, alman cəmiyyətinin millətçilərə belə bir etimad göstərməsinin arxasında nə dayanır?
Ekspert Natiq Cəfərli hesab edir ki, millətçilərin Almaniyada fəallaşması və Bundestaq seçkilərində əldə etdiyi uğur ümumilikdə Avropada aparılan "multikulturalizm" siyasəti ilə bağlıdır. Onun sözlərinə görə, artıq Avropada "multikulturalizmin" fəlakətli sonuclarını yaşayacaq: "Baş verənlərin əsas səbəblərindən biri son 50 ildə Avropada yanlış və çox səhv "multikulturalizm" siyasətinin nəticəsidir. Avropada terror aktları artdıqca, günahsız insanlar vəhşilər tərəfindən qətl edildikcə, Avropanın siyasi xəritəsi dəyişəcək, növbəti illərdə millətçi, ifrat-sağ qruplar və siyasi partiyalar hakimiyyətə gələcək.Ölkələrdə gəlmələrə qarşı radikallıq artacaq, köçmənlərə qarşı qanunlar sərtləşdiriləcək, bu isə yeni aqressiyalar doğuracaq. Baş verənlərin bir çox səbəbi var. Amma əsas səbəblərdən biri son 50 ildə Avropada yanlış və çox səhv "multikulturalizm" siyasətinin nəticəsidir. Əsli-astarı, konsepsiyası olmayan bu siyasət sonda "təbii gettoların" yaranmasına səbəb oldu, köçmənlərin iqtisadi, siyasi, içtimai inteqrasiyasına mane oldu". Ekspert deyib ki, Avropa şəhərlərində "etnik məhəllələrin" yaranması köçmənlərin Avropaya inteqrasiyasının qarşısını aldı: "Uzun illər də buna göz yumuldu, bu səhv siyasətə qulağa xoş gələn, yeni bir ad da qoydular - "multikulturalizm". Həmin "təbii gettolarda" yaşayan köçmənlər dövlətdən hər cür kömək gördülər, öz ölkələrində orta sinfin qazandığından da çox sosial yardım aldılar, nə təhsil almağa, nə dil öyrənməyə, nə də siyasi proseslərdə iştirak etməyə həvəsləri qalmadı. Avropa da öz mədəni və politkorrekt davranışına sığınaraq, belə bir şəraitin yaranmasını ciddiyə almadı. Bu gün yaşananlar elə həmin "multikulturalizmin" fəlakətli sonuclarıdır".
S.İsmayılbəyli