Şimali İraqda keçirilən reeferendumun regiona mümkün təsirləri

Qərbin ciddi səyi və dəstəyi nəticəsində Şimali İraq Kürd muxtariyyətində keçirilən müstəqillik referendumu başa çatdı. Verilən məlumatlara görə, səsvermədə iştirak edən seçicilərin 97 faizi referendumda müstəqilliyin lehinə səs verib. Bununla da bölgədə yeni bir separatizm ocağı yaranmış oldu.

Qərbin ciddi səyi və dəstəyi nəticəsində Şimali İraq Kürd muxtariyyətində keçirilən müstəqillik referendumu başa çatdı. Verilən məlumatlara görə, səsvermədə iştirak edən seçicilərin 97 faizi referendumda müstəqilliyin lehinə səs verib. Bununla da bölgədə yeni bir separatizm ocağı yaranmış oldu. Onsuz da barıt çəlləyini xatırladan İraqın bundan sonrakı taleyini təsəvvür etmək bir qədər çətindir. Şimali İraq Kürd muxtariyyətinin elan edilməsi məqsədilə keçirilən referendum və bundan sonra cərəyan edən proseslərin isə təkcə İraq deyil, qonşu ölkələr, hətta bizim yerləşdiyimiz coğrafiyaya da təsir göstərəcəyi şübhəsizdir. İlkin olaraq Türkiyə və İranı təhdid edən bu referendumun mənfi bir presidentə də yol açacağı da qaçılmazdır. Bəs görəsən, ekspertlər bu barədə nə düşünür? Referendumdan sonrakı proseslər İraqa, eləcə də onun qonşularına, ümumilikdə regiona hansı təsirlər göstərəcək?

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, növbədə muxtariyyətin müstəqilliyini elan etməkdir. Onun sözlərinə görə, Ərbil administrasiyasının baş naziri Minçivan Bərzani açıqlamasında referendumdan sonra müstəqilliyin elan edilməyəcəyini bildirsə də, lakin bu inandırıcı görünmür: "Əgər, müstəqillik elan edilməyəcəksə, bu qədər beynəlxalq təpkiyə rəğmən Minçivan Bərzani referenduma nə üçün getdi. Deməli, məqsəd qonşu ölkələrlə ara sakitləşənə qədər, diplomatik danışıqlar aparıb, sonrakı prosesdə müstəqilliklərini elan etməkdir.Göründüyü kimi, Türkiyə Iqtidarı hələlik hərbi-siyasi fəaliyyətə keçmir, quru bəyanat verməklə, hadisələri izləyir. Halbuki Türkiyə iqtidarı, izləmək mövqeyindən hücum strategiyasına keçməlidir. XIX əsrdən başlayaraq, Bərzani aşirəti Türkiyəyə xəyanət edib, bundan sonra da xəyanət edəcək. Osmanlı dönəmində Bərzaninin babasını Mosulda edam edilib. Hazırda onun nəvəsi Məsud Bərzani babasının işinin davam etdirib, kürdləri müstəqillik yoluna aparır və Türkiyəyə qarşı xain plan həyata keçirir. Türkiyə hakim partiyasının qeyri-müəyyən siyasəti hazırda davam edir. AKP-nin qeyri-müəyyənliyi və liderin özünə inamlı çıxışları, göründüyü kimi, Kürdüstan muxtariyyətini müstəqillik referendumuna qədər problemsiz aparmasına vəsilə oldu.

Siyasi ekspert Murad Ağamiyev Şimali İraqda keçirilən referendumun nəticələrinə toxunarkən qeyd edib ki, bu göstərici gələcək siyasi prosesə yön verəcək: "Belə ki, dünyada demokratiya və insan azadlıqları, haqqları qoruyucu missiyasını icra etməyə çalışan beynəlxalq qurum və təşkilatlar, o cümlədən onların əsas havadarı olan dövlətlər Kürd xalqının hüquq müdafiəçisinə çevriləcəklər. Eynilə Ermənistan dövlətinin Azərbaycan ilə Türkiyə arasında təsis edilməsinin məqsədi nə üçün hesablanıbsa, İraqla Türkiyə arasında Kürdistanın qurulması da eyni mərama xidmət edir. Məhs elə bu nüans kifayət edir əminliklə deyək ki, Kürdistan dövləti mütləq qurulacaq. Bunun başqa alternativinin olması heç də inandırıcı gəlmir"

Natiq Cəfərli isə əsas diqqəti referendumdan sonra İraq hökumətinin neft yataqları ilə bağlı verdiyi qərara çəkib. Onun sözlərinə görə, İraq parlamenti Kərkükün neft yataqlarının mərkəzi hökumətə keçməli olduğu barədə qərar verib. Qeyd edilib ki, bunun üçün hətta ora qoşun da yeritməyə hazırdır: "Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan etdi ki, "Kürdüstan" bölgəsindən Ceyhan limanına gələn neft boru kəmərini qapatacaqlar. Məlumat üçün qeyd edim ki, bu boru gündə 600 min barel neft daşıyır, Bu arada isə Türkiyə və İran Şimali İraqda birgə hərbi əməliyyat keçirmək haqqında müzakirələr aparırlar. Qəribə durum yaranıb - Suriyada əks cəbhələrdə olan iki ölkə, bu məsələdə birgə hərəkət edirlər. Deməli siyasətdə daimi dostlar yoxur, daimi maraqlar var". Natiq Cəfərlinin sözlərinə görə, 
dünyada XX əsrdə xətkeşlə çəkilən sərhədlərin, XXI əsrdə dronlarla yenidən çəkilməsi prosesi gedir: "Barzani ciddi dəstək almasa heç vaxt referenduma getməzdi. İsrail də, Biləşmiş Ştatlar da, Rusiya da "Kürdüstanın" yaranmasında maraqlıdırlar və yaradacaqlar. Və bu bölgədə ciddi "sancılar" doğuracaq. Növbəti addım isə Suriyanın "kürd kontonlarında" referendum keçirilməsi olacaq". Natiq Cəfərli bildirib ki, "Kürdüstanın" tanınması dənizə çıxışı baş verən zaman sürətlənəcək: "Çıxış ya Suriyadan, ya Türkiyədən ola bilər. Dənizə çıxışı olmayan "Kürdüstan" həmişə qonşulardan asılı olacaq, "layihənin" başbilənləri bunu istəmir. Hər hansı bir xalqın müstəqil dövlət qurmaq arzusu təbii istəkdir, amma bu xalqın deyil də, "layihə" rəhbərlərinin istəyi ilə baş verəndə müstəqil yox, marionet dövlət qurulmuş olur. "Kürdüstan", bu ideya yiyələrinə bölgədə dünyəvi, müsəlman, sosial-demokrat bir örnək ölkə modeli üçün, əsas da Türkiyə və İrana ciddi təzyiq bölgəsi yaratmaq üçün lazımdır. Neft amili də var, amma bu qısa vadəli qazancdır, orta və uzun vadədə əsas hədəfləri yuxarıda qeyd etdiyim məsələlərdir. Ümumilikdə götürəndə bu hadisələr bütün bölgəyə, o cümlədən də Azərbaycana təsir edəcək. Ölkəni bəzi çox çətin seçim qarşısında qoyacaq. Bu hadisələrin ilk təsiri neftin dəyərinə oldu. Belə ki, qiymət 58 dollara qədər qalxdı. Təbii ki, iqtisadi və orqanik səbəblər olmadan, siyasi gərginlik hesabına qalxan qiymətlər düşəcək, amma hələ ki, bu gərginlikdən qazanan neft ölkələridir".

Siyasi ekspert Arzu Məmmədov isə vurğulayıb ki, dünya dövlətləri siyasi-diplomatik addımlarını real və ortaq maraqlar əsasında atır: "Qətər böhranında; Türkiyə-İran-Pakistan, Şimali İraq məsələsində; Türkiyə-İraq-İran üçlüyü bunların nümunələridir. Çox keçməyəcək ki, Bərzani bölgədəki ortaq hərəkət edən 3 haqlı ölkənin addımlarının qarşısında diz çökəcək, böyük güclərin marionetka və kuklası olmasına baxmayaraq, 3 ölkənin atacağı (atarsa) mütəşəkkil addımlar qarşısında boyun əyəcək. Ermənistanı da diz çökdürməyin və işğalçılığı ilə hesablaşdırmağın praqmatik riyazi hesabları qeyd etdiyim bu cür ortaq və beynəlxalq həssasiyyətli konturlardır.
Kərkükdəki və İraqdakı qeyri-qanuni referendumu pisləməməklə cavabdeh-sorumlu olan Azərbaycan siyasətçiləri həm də milli strategiya məsuliyyətindən uzaqlaşırlar.Türkmən liderləri dəfələrlə ermənilərin Qarabağı işğalını pisləyərək, Azərbaycan dövlətini dəstəkləyiblər. Bu referenduma etiraz həm də bir borc etiketi-centlmenliyidir. Qısacası, bu, təkcə milli deyil, həm də düşmənimizə qarşı mübarizədə bizə verilən dəstəyin qaytarılması məsuliyyətidir. Gec olmadan, bizə dəstək verən qüvvələrə öz dəstəyimizi bildirməli və qeyri-qanuni bu addıma etirazımızı bildirərək, demokratik dəyərlərin bir parçası olduğumuzu bütün dünyaya ortaya qoymalıyıq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31