Ermənistan ordusunda intihar və fərarilik halları artıb
Azərbaycan ordusunun günü-gündən güclənməsindən təşvişə düşən Ermənistan silahlı qüvvələri çıxış yolunu yalnız cəbhə xəttində təxribat törətməkdə görür. Elə bu səbədən də son vaxtlar erməni silahlı dəstələri tərəfindən atəşkəs rejiminin pozması halları artıb. Erməni məbələrinin yaydığı məlumata görə, artıq Ermənistan ordusunda ruh düşkünlüyü yaranıb, orduda fərarilik, intihar halları artıb.
17 Avqust 2017 13:14 DünyaRuh düşkünlüyünün hökm sürdüyü ordu xəstələrin ümidinə qalıb
Azərbaycan ordusunun günü-gündən güclənməsindən təşvişə düşən Ermənistan silahlı qüvvələri çıxış yolunu yalnız cəbhə xəttində təxribat törətməkdə görür. Elə bu səbədən də son vaxtlar erməni silahlı dəstələri tərəfindən atəşkəs rejiminin pozması halları artıb. Erməni məbələrinin yaydığı məlumata görə, artıq Ermənistan ordusunda ruh düşkünlüyü yaranıb, orduda fərarilik, intihar halları artıb. Məlumata görə, təkcə cari ilin 6 ayı ərzində Ermənistan ordusunda 26 əsgər ölümü qeydə alınıb. Ötən il isə bu gstərici 31 olub. Ağır günlər keçirən Ermənistan ordusundakı itkilər bununla kifayətlənmir. Bəllidir ki, bu, hələ açıqlanan rəqəmlərdir. Döyüş hazırlığı, maddi-texniki bazası həddindən artıq aşağı vəziyyətdə olan işğalçı ölkə ordusunda özbaşınalıq, rüşvət halları ilə bağlı kifayət qədər faktlar var. Orduda ermənistanlı-qarabağlı toqquşması nəticəsində ciddi ixtilaflar baş verir. Ermənistan rəhbərliyi sadəcə bu faktları gizlətməyə, itkilərin sayını az göstərməyə çalışır.
Məhz bu kimi halların nəticəsidir ki, son bir neçə ay ərzində Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərk etmə halları kütləvi xarakter alıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, avqustun 4-də Xocavənd rayonu ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsində Q.Piriposyan adlı hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edib. Avqustun 6-da isə eyni vaxtda Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu hərbi hissəni özbaşına tərk ediblər. Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan barədə nizamnamə çərçivəsində cəza tədbiri görülüb. Hərbi Prokurorluğa bu barədə məlumat verilməyib. Komandanlıq tərəfindən cidd-cəhdlə adı hərbi polisdən gizlədilən 4-cü hərbi qulluqçu isə yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib. Daha bir insident Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib. Belə ki, avqustun 7-də gecə saatlarında bölük komandiri Xalatyan döyüş mövqeyini özbaşına tərk edərək getdiyi bildirilir. Hadisə gizlədilsə də zabit yoldaşları onun sərxoş vəziyyətdə yaxalandığını bildirirlər. Ən maraqlı hadisə isə Hadrut rayonu ərazisində yerləşən işğalçı ordunun hərbi hissəsində baş verib. Burada artilleriya divizionunda yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb. Rəhbərliyi aldatmağa cəhd göstərən ermənistanlı zabit onların yerinə başqa əsgərləri yoxlama komissiyasına təqdim edib.
İşğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən Ermənistan ordusunda yolxucu xəstəliklər də geniş yayılıb. Çünki, orduda yaşanan ən böyük problemlərindən biri də əsgərlərin içməli su ilə təminatındakı acınacaqlı vəziyyətdir. Bu günlərdə Madagizdəki hərbi hissələrdən birinin cəbhə xəttindəki bölmələrinə içməli su çatışmazlığından çirkab sulardan istifadə edən əsgərlər arasında yoluxucu xəstəliklər yayılıb. Karantin tədbirlərinin görülməsinə baxmayaraq, Aram Arekelyan adlı hərbi qulluqçunun səhhətində ciddi problemlər yaranıb və o ağır vəziyyətdə Xankəndindəki hərbi hospitala yerləşdirilib. Hadisə ictimaiyyətdən gizlədilsə də "DQR" "kənd təsərrüfatı naziri" Aram Mxoyan, "ətraf mühit və təbii ehtiyatlar üzrə idarə rəisinin birinci müavini" Artur Qabrielyan və yerli "hərbi komandanlığın" iştirakı ilə hərbi hissələrin içməli su ilə təminatına dair fövqəladə toplantı keçirilib.
Ermənistan ordusunda qeydə alınan sayca ən çox hadisələrdən biri də hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayət hallarıdır. Belə insidentlər zamanı xəsarət alan hərbi qulluqçuların valideynlərinin Ermənistan Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, hadisələrin qarşısını almaq mümkün olmur. Bu günlərdə Ağdərədə yerləşən işğalçı ordunun hərbi hissələrindən birində iki hərbçi arasında mübahisə baş verib. Təhqirlərə və fiziki təzyiqlərə dözməyən Qalustyan soyadlı əsgər gecə saatlarında, şəxsi heyət istirahət edən vaxt, qaynar suyu yatdığı yerdə onu incidən digər əsgərin üzərinə töküb. Hələlik adı gizlədilən həmin hərbçi baş-boyun hissəsindən müxtəlif dərəcəli ağır yanıqlar aldığından təcili hospitala yerləşdirilib. Son günlər nizamnamədən kənar münasibətlər zəminində baş verən növbəti hadisə zamanı bir neçə erməni hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xankəndindəki hərbi hospitala yerləşdirilib. Belə ki, Madagizdə yerləşən hərbi hissələrdən birində xidmət edən iki zabit həddən artıq spirtli içki qəbul edəndən sonra heç bir əsas olmadan əsgərləri döyməyə başlayıb. Hadisə zamanı fiziki təzyiqlərə məruz qalan Razmik Poqosyan, Armen Yeğizaryan, Mxitar Hayriyan, Samvel Manukyan, Karapet Torosyan adlı gənc əsgərlər ifadə vermək üçün Xankəndindəki baş hərbi istintaq idarəsinə aparılıblar. Daha bir hadisə zamanı "Qalx!" komandasını yerinə yetirməkdən imtina edən Yervand Qasparyan adlı əsgərin Suvaryan soyadlı manqa komandiri tərəfindən döyülməsi olub. Uşaqlarına qarşı bu cür münasibətdən hiddətlənən valideynləri komandanlığa şikayət ediblər. Lakin yerli komandirlərin hədə-qorxularından sonra əsgərin valideynləri gələcəkdə də övladlarına qarşı bu cür qəddarlığın baş verə biləcəyindən ehtiyat edərək şikayətlərini geri götürmək məcburiyyətində qalıblar.
Ermənistan ordusunda vəziyyət o dərəcədə dözülməz həddə çatıb ki, artıq hərbi qulluqcular bir-birini güllələmək məcburuyyətində qalır. İşğalçı ölkənin Tavuş vilayətinin Berd rayonu ərazisində yerləşən hərbi hissələrinin birində 41 yaşlı müqaviləli hərbçi Artur Mayranyan güllə yarası alıb. Məlumata görə, hərbçinin vəziyyəti pisləşdiyinə görə onu Yerevana aparıblar. Qeyd edək ki, Tavuş vilayətinin Noyemberyan rayonundakı döyüş mövqelərinin birində də itki qeydə alınıb. Vilayətin Karkop kəndindən olan 33 yaşlı Arkadi Hambaryan odlu silahdan açılan atəş nəticəsində ölüb. Hazırda işğalçı ölkənin silahlı qüvvələrində yaranan problemlərdən biri də ordunu komplektləşdirmək üçün lazımi qədər canlı qüvvənin, ehtiyatın olmamasıdır. Məlumdur ki, çətin iqtisadi vəziyyətə dözə bilməyən Ermənistan vətəndaşları kütləvi şəkildə ölkədən miqrasiya edirlər. İşləmək üçün xarici dövlətlərə, əsasən də Rusiyaya üz tutanların böyük əksəriyyəti fəal işçi qüvvəsi, o cümlədən çağırış yaşlı gənclərdir. Elə bu səbədən də orduya xəstə gənclərin cəlb edilməsi reallaşdırılır.
Nurlan