Rusiyanın regional maraqları yeni mərhələdə
Rusiya ətraf regionlarda, eləcə də Yaxın Şərqdə mövqelərinin möhkəmləndirilməsi, bu bölgələrdə maraqlarının təmin olunması istiqamətində fəaliyyətini intensivləşdirib. Qərbin, xüsusilə də NATO-nun Rusiyanın sərhədlərinə doğru sürətlə irəliləməsini özü üçün təhdid hesab edən Moskva bu təhdidi aradan qaldırmaq, gələcək təhlükələri önləmək üçün indi daha çox müasir texnologiyaların imkanlarından yararlanmağı qərara alıb.
29 İyun 2017 14:27 DünyaRusiya ətraf regionlarda, eləcə də Yaxın Şərqdə mövqelərinin möhkəmləndirilməsi, bu bölgələrdə maraqlarının təmin olunması istiqamətində fəaliyyətini intensivləşdirib. Qərbin, xüsusilə də NATO-nun Rusiyanın sərhədlərinə doğru sürətlə irəliləməsini özü üçün təhdid hesab edən Moskva bu təhdidi aradan qaldırmaq, gələcək təhlükələri önləmək üçün indi daha çox müasir texnologiyaların imkanlarından yararlanmağı qərara alıb. Bu məqsədlə Rusiyanın əsas təhdid hesab etdiyi təşkilat və qurumlar, dövlətlərə qarşı kiberhücumlara başladığı bildirilir. Belə ki, Kreml düşünür ki, kiberhücumlarla Qərbin ona qarşı nəzərdə tutduğu planların qarşısını ala bilər. Ekspertlər Rusiyanın kiberhücum planlarının kifayətqədər təhlükəli olduğu qənaətindədirlər. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. Politoloq hesab edir ki, rəsmi Kremlin Şərqi Avropa və Yaxın Şərqdə artan aqressiv siyasətinə qarşı Qərbin formalaşdırdığı sanksiyalar paketinin müddətinin uzatmasına Rusiya hakkerlərinin Ukrayna, Polşa və digər ölkələrə kiberhücumları birbaşa dünyanın informasiya təhlükəsizliyi sistemini təhdid edir. Onun sözlərinə görə, Rusiyanın Birləşmiş Ştatlar və Fransada prezident seçkilərinə kiberhücumlarına diqqət etsək, aydın olur ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin dünya demokratik dəyərlərini məhv etməklə, Qərbə qarşı inamsızlıq mühiti formalaşdırmağa çalışır: "Həmçinin Rusiyanı qlobal müstəvidə aparıcı bir ölkəyə çevrilməsi istiqamətində bu kimi kiber, informasiya və hərbi sahədə fəaliyyəti genişləndirir. Nəticədə çalışır ki, Birləşmiş Ştatlar və Avropa Rusiyanı böyük bir qütblü dövlət kimi qəbul etsin". Məhəmməd Əsədullazadə bildirib ki, Ukraynada getdikcə siyasi məğlubiyyətə uğrayan Vladimir Putin Şərqi Avropa və Balkanlarda geosiyasi dayaqlarını itirdikcə, əsas diqqəti Mərkəzi Asiyaya yönəltməkdədir: "Əfqanistanda Talibana lojistik dəstək verməklə, Birləşmiş Ştatların burada mövqelərini zəiflədir və bununla da Mərkəzi Asiya ölkələrini öz nəzarətində saxlayır. Paralel olaraq Tacikistan və Qırğızıstanda öz hərbi bazalarını möhkəmləndirən Rusiya cənubdan gələn təhdidlərə qarşı müdafiəni gücləndirir. Həmçinin Rusiya Talibana dəstək verməklə, Amerikanın Əfqanıstan siyasətini fiaskoya uğratmağa çalışır. Artıq, Taliban Əfqanıstanda möhkəmlənir, yeni əraziləri öz nəzarətinə alır. Mərkəzi hakimiyyətə və Birləşmiş Ştatlar koalisiyasına qarşı hərbi hücumları artırıb. Rusiya Talibanla əlaqələri inkar etmir və bunu Əfqanıstanda möhkəmlənən İŞİD terror təşkilatına qarşı olduğunu qeyd edir. Vurğulamaq lazımdır ki, Tacikistanda Rusiya Talibanı tank və digər silahlarla təchiz edir və xarab olmuş texnikalarını təmir edir. Burada Rusiyanın əsas məqsədi, Mərkəzi Asiyanı Birləşmiş Ştatların geosiyasi nəzarətinə buraxmamaqdı. Qeyd edək ki, Əfqanıstanda İŞİD -in möhkəmlənməsində əsas məqsəd Mərkəzi Asiyaya hücum edib, xaos və anarxiya yaratmaq, Rusiyanın mövqeyini zəiflətməkdir. Təbii ki, İŞİD-in "Orta Şərq Planı"nın bir hissəsi Mərakeşdən Çinə qədər böyük coğrafiyada ciddi dəyişikliklərə gətirib çıxartmaqdır. Bu "dəyişikliklər" humanitar fəlakət, dövlətlərin dağılması, xalqların fəlakətinə yol açır. Yaxın və Orta Şərqdə davam edən müharibə bunun nəticəsidir".
Politoloq deyib ki, Rusiya paralel olaraq Cənubi Qafqazda da mövqelərini ciddi şəkildə qorumağa çalışır. Onun sözlərinə görə, Kreml vaxtaşırı regionun iki dövləti olan Azərbaycan və Ermənistana hərbi texnika verməklə onları müəyyən mənada özündən asılı vəziyyətə salmağa, bununla da regionda güc amilini öz əlində saxlamağa cəhd edir. Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu günlərdə Rusiyadan Azərbaycana göndərilən hərbi texnikanın da əsas təyinatı məhz buna hesablanıb: "Rusiya Azərbaycanla əvvəlcədən imzalanmış memarunduma uyğun olaraq növbəti silah partiyasını ölkəmizə təhvil verdi. Göndərilən silahlar hücum və öldürücü olmaqla yanaşı, yüksək dəqiqliyə malik silahlardı. Bu silahlar dağlıq ərazilərdə, hava şəraitindən asılı olmayaraq düşmənin bütün hərəkət trayektoriyası üzrə öldürcü zərbə vurmağa qadirdir. Görünən odur ki, rəsmi Kreml Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi fonunda yaranmış narazılığı qapatmaq və Azərbaycanla əlaqələri möhkəmləndirilməsi istiqamətində hərbi texnikaları ölkəmizə göndərib. Düzdür, Rusiya bu silahları milyard dollarla satır, amma müasir və öldürücü silah sistemlərini satmırdı. Rusiya bu kimi silahları ölkəmizə satmaqla, İsrailin ölkəmizə satdığı silahlara alternativ yaratmaq istəyir. Və, çalışır ki, rəsmi Bakı İsraildən deyil, artıq Moskvadan bu silah növlərindən alsın. Bununla da İsrailin bazarına müdaxilə etməyə çalışır. Qeyd edim ki, Rusiyanın satalleti olan Ermənistana pulsuz belə bir müasir silahları verməsi real görünmür. Amma erməni ictimaiyyətində anti-Rusiya isterikasının qarşısın almaq üçün Ermənistana da silah partiyaları göndərəcək. Lakin göndərilən silahlar içərisində Azərbaycana verilən silahlardan deyil, əsasən Rusiya Silahlı Qüvvələrinin balansında olan işlənmiş silah sistemləri olacaq". Politoloq onu da qeyd edib ki, Azərbaycan silahlanmaqla düşməni psixoloji cəhətdən məğlub edir və işğal olunmuş ərazilərdə olan işğalçı qüvvələr arasında panika yaradır: "Göründüyü kimi, Azərbaycan Ermənistanın öz strateji müttəfiqinin silahları ilə bu ölkənin işğalçı qüvvələrini hədəfə alacaq".
Süleyman