Qadın prezidentlə bağlı eksperiment - ABŞ niyə şok təcrübəyə gedir?
28 Oktyabr 2016 10:47 DünyaElçin Mirzəbəyli: "Hillari Klintonun prezidentliyi təhlükəli olacaqsa, deməli, bu, belə də düşünülüb";Elxan Şahinoğlu: "Amerika bir ilki geridə qoyub, indi növbəti ilkə doğru gedir"
Bu mənada fövqəladə hansısa hadisə baş verməsə, ABŞ dövlətçilik tarixində bir ilkə imza atıb qadın prezidentin idarə etdiyi ölkə olacaq. Onun şansını artıq rəqibi də kifayət qədər qiymətləndirdiyi üçün seçkilərin saxtalaşdırılacağı barədə iddialar səsləndirməyə başlayıb.
Ancaq H.Klintonun prezident olmasına münasibət birmənalı deyil. Hətta belə iddialar var ki, dünyanın indiki ağır vaxtında, "soyuq müharibə"nin simptomlarının yenidən təzahür etdiyi, nüvə təhdidlərinin artdığı bir zamanda Amerika dövləti qadın prezidentlə yoluna davam etməyə qərar verməklə ciddi riskə gedir. Düzdür, dünyanın bir sıra ölkələrində qadın liderlər irəli çıxmağa başlayıb. Amma hər halda, supergücün sükanının qadına həvalə olunmasına fərqli baxışlar var. Bu, yalnız gender bərabərliyindənmi doğur, yoxsa supergücün strateqlərinin hansısa başqa niyyəti var?
"ABŞ növbəti ilkə imza atır. Qaradərili prezidentdən sonra ölkəni çox güman ki, qadın idarə edəcək. Demokrat Partiyasının təmsilçisinin ardıcıl olaraq 3-cü dəfə ABŞ prezidenti seçilməsi də yenilikdir". Politoloq Elçin Mirzəbəyli bu fikirləri "Yeni Müsavat"a açıqlamasında bildirdi. Ekspert seçki kampaniyasının hazırkı mərhələsini şərh edərkən bir məqama diqqət çəkdi: "Diqqət yetirsəniz, bütün bunlar siyasi reallıqlardan daha çox şou, yaxud şou xarakterli siyasi texnologiya elementlərini xatırladır.
Zənnimcə, bu, həm də o anlama gəlir ki, Amerikada kimin prezident olacağı o qədər də böyük əhəmiyyət daşımır. Çünki kapitalın idarə etdiyi, daxili və xarici maraqlara söykənən oturuşmuş bir sistem var. Təsadüfi deyil ki, ABŞ-ı bir çox hallarda dövlət kimi deyil, nəhəng transmilli korporasiya kimi dəyərləndirirlər. Mən seçki kampaniyasındakı siyasi texnologiya xarakterli elementlərin, o cümlədən gender bərabərliyi kimi arqumentlərin aysberqin görünən tərəfi olduğunu düşünürəm. Hillari Klintonun prezidentliyinin təhlükəli olub-olmadığını isə yəqin ki, ABŞ-ın müvafiq institutları və xanım namizədi dəstəkləyən nəhəng transmilli korporasiyalar, hərbi-sənaye kompleksinin təmsilçiləri bizdən daha yaxşı hesablayıblar. Əgər Hillari Klintonun prezidentliyi təhlükəli olacaqsa, deməli, bu, belə düşünülüb. Burada diqqətə alınması vacib olan başqa bir məqam da var".
Politoloqun fikrincə, ABŞ xarizmatik dövlət başçısı texnologiyasından xeyli müddətdir ki, əl çəkib və bunu dünyaya da diktə etməyə çalışır: "Bu proses 2009-cu ildən - Barak Obamanın prezident seçildiyi seçki kampaniyasından başlayır. Həmin dövrdən etibarən istər ABŞ-da, istərsə də Avropa İttifaqında hakimiyyətə gələn siyasətçilərin arasında xarizmatik liderlər yox dərəcəsindədir. ABŞ üçün hakimiyyətdə xarizmatik liderin olması önəmli deyil. Çünki bu ölkənin özü, potensial gücü, idarəçilik sistemi və dünyaya təqdim edilən obrazının özü xarizmatikdir. Və bu xarizmatik obraz hakimiyyətdə kimin olmasından asılı olmayaraq zəif liderlərin üzərində basqı yapmağı bacarır. Güclülərə qarşı isə amansız mübarizə aparır. Hillari Klintonun prezident seçilməsi ilə ABŞ-ın siyasətində, xüsusilə də bu ölkənin iştirak etdiyi geosiyasi proseslərdə ciddi dəyişikliyin baş verəcəyini gözləmirəm. Birləşmiş Ştatlar elə bir qlobal geosiyasi prosesin içərisindədir ki, bu prosesin yaxın 4-5 il ərzində başa çatacağı inandırıcı deyil".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bir xatırlatma etdi: "Vaxtilə Hillari Klinton indiki prezident Barak Obama ilə Demokratlar Partiyasından prezidentliyə namizədlik uğrunda yarışarkən belə bir ifadə işlətmişdi: "Hər hansı birimiz seçilsək belə, bu, Amerika tarixində yenilik olacaq". Klinton özünün qadın, Obamanın isə qaradərili olmasına işarə etmişdi. Klinton haqlı idi, ABŞ-ın tarixində nə qaradərili, nə də qadın prezident olub. Amerika bir ilki geridə qoydu, indi növbəti ilkə doğru gedir. Hillari Klintonun prezident seçilməsi şansı günü-gündən artır. Avropada da qadın liderlərin sayı getdikcə artır. Hillari Klinton indiki məqama gəlib çatana kimi siyasətdə uzun yol qət edib. O, birinci ledi kimi həyat yoldaşı Bill Klontona vaxtilə çox kömək edib. Ondan sonra xanım Klinton Nyu-York ştatından qubernator seçilib. Barak Obamanın prezidentliyinin birinci dönəmində isə dövlət katibi vəzifəsini daşıyıb. Başqa sözlə, xanım Klintonun dövlətçilik təcrübəsi var, rəqibi Donald Trampda isə bunların heç biri yoxdur. Ona görə də amerikalılar təcrübəli siyasətçiyə daha çox üstünlük verirlər. Hillari Klintonun yerinə demokratların namizədi kişi olsaydı, onun da prezident seçilmək şansı yüksək olardı. Hadisələr elə inkişaf etdi ki, Klinton həm partiyasındakı rəqiblərindən, həm də respublikaçı Trampla mübarizədə ön plana çıxdı".
Ancaq E.Şahinoğlunun sözlərinə görə, bu, heç də o demək deyil ki, xanım Klintonun idarəetməsi Amerikanı işıqlı gələcəyə aparacaq: "Barak Obama da vaxtilə çox vəd vermişdi, seçki kampaniyasını "biz bacaracağıq" və "dəyişiklik" şüarları altında aparmışdı. Ancaq demək olmaz ki, Amerika Obamanın dövründə keyfiyyətcə çox dəyişdi və ya o, əvvəlkilərdən fərqli olaraq "daha çox bacardı". Eləcə də xanım Klintonun vədlərinin əksəriyyətini yerinə yetirəcəyi şübhə doğurur. Klintonun dövlət katibliyi də Amerika üçün uğur gətirmədi. Əksinə, Rusiya ilə yumşalma siyasəti fiaskoya uğradı, onun dövründə İŞİD meydana çıxdı, Liviya terror yuvasına döndü. Ona görə də şəxsən mən Hillari Klintonun prezidentliyindən optimist deyiləm. Amerikanın dünya üzrə hegemonluğu zəifləyir, dünya çoxqütblüyə sürüklənir. Bu isə daha çox qarışıqlıq yaradacaq. Obama bu qarışıqlıqdan güclü çıxa bilmədi, Klintonun dövründə dünyəvi xaos daha çox genişlənəcək".
Politoloq Demokratlar Partiyasının xanım namizədi önə çıxardığı barədə fikirləri bölüşmür: "Demokratlar onu önə vermədi, o, özü demokrat rəqibləri üzərində qələbə çaldı. Demək, indiki mərhələdə Demokratlar Partiyasında ondan güclü fiqur yox imiş". Hillari-Tramp yarışının hazırkı mərhələsində ikincinin nə dərəcədə şanslı olmasına gəldikdə, E.Şahinoğlu bunu real saymır: "Əgər Hillari Klintonla bağlı hansısa ifşaedici faktlar üzə çıxarsa və ya xanım Klinton qəfil xəstələnərsə, yalnız bu halda Trampın şansları yüksələcək. İndiki gedişatda isə bu, görsənmir. Tramp Klintonla 3 televiziya debatının 3-dən də məğlub ayrıldı. Onun populist çıxışları artıq az tərəfdar toplayır".
Bəs namizədlərdən hansının prezident olması Azərbaycan üçün məqbuldur? E.Şahinoğlu: "Azərbaycan üçün fərqi yoxdur. İkisindən biri prezident seçilərsə, ABŞ-ın milli və təhlükəsizlik maraqlarından çıxış etməli olacaqlar. Bu maraqları isə bölgədə Azərbaycanla tərəfdaşlığı diktə edir".
E.PAŞASOY