Türkiyədə baş verən son hadisə "AK parti"nin iqtidardakı yerini daha da möhkəmləndirəcək. Çünki adətən siyasi qurumlar belə stressdən sonra qalib çıxdıqca daha da güclənirlər. Daha sonra isə iqtidar ölkədə konstitusiyada və planlaşdırılan digər islahatları daha tez həyata keçirə biləcək.
"Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Türkiyədə iyulun 15-də hərbi yolla baş tutmamış dövlət çevrilişi cəhdini şərh edərkən deyib.

Ekspertin fikrincə, hələlik bunun arxasında kimlərin durduğunu birmənalı demək olmaz: "Lakin indidən demək olar ki, bu işə Türkiyə Silahlı Qüvvələrinin bir qrupu əl qoyub. Artıq ölən, yaralanan və həbs olunanlarla bağlə məlumatlar verilir. Türkiyə regionun ən qaynar nöqtəsində yerləşir və əlbəttə ki, dünyada baş verən proseslər ölkə daxilinə də nüfuz edir. Bu, ilk növbədə, Suriyadakı vəziyyət və qaçqınlarla bağlıdır. İstanbulda ardıcıl baş vermiş terror aktları insanlarda narahatlıq yaradır. Bu isə həm orduya sıçrayır, həm də bəzi qruplara. Hər halda hərbi terror adlandırılan bu çevriliş cəhdi baş tutmadı. Prezident Ərdoğan xalqa səsləndi və xalq da onu dəstəklədi. Belə olan halda qiyamçı ordu qrupları təslim oldu. Ümumiyyətlə, burada bir neçə ehtimal var. Amma aydındır ki, orduda müəyyən iqtidardan narazı olan kütlə var və onlar bu addımı atıblar. Hər halda bu hadisə zaman keçdikçə səngiyəcək və təqsirkarlar da cəzasını alacaqlar".

E.Ələsgərov hadisələrin Ərdoğanın özü tərəfindən ortaya atılan və öz hakimiyyətini möhkəmlətmək üçün böyük bir qurama olması barədə səslənən ehtimallara da münasibət bildirib: "Heç kim, heç bir siyasi rəhbər belə böyük miqyasda, ölkə daxilində qan tökülən siyasi oyuna girməz. Əvvəla, Ərdoğan üçün bunu etməyə ciddi bir səbəb də yoxdur. Çünki o və "AK parti" xalq tərəfindən kifayət qədər dəstəyə malikdir. Onun hansısa ekstremal bir şərait yaradıb, sonra da ölkədə nüfuz qazanmasına da ehtiyac yoxdur. Onsuz da, onun kifayət qədər nüfuzu var.

İkincisi, ordunun bu şəkildə çevriliş cəhdi etməsində bəzi müəmmalar var. Çünki Türkiyə ordusu çox böyükdür. Söhbət burada yalnız hansısa hərbi hissələrdən gedə bilər. Amma türk ordusu ilə bağlı bir sıra məsələləri nəzərə alsaq, bəzi məqamlar da şübhələrə səbəb ola bilər. Üçüncüsü, burada söhbət, əsasən, üçüncü qüvvələrdən gedə bilər.

Prezident Ərdoğan da dedi ki, bu hadisənin izlərini Pensilvaniyada axtarmaq lazımdır. Yəni nur cammatına və onun lideri Fətullah Gülənə işarə vurmuşdu. Lakin bu məsələ də bir az müəmmalıdır. Çünki nur camaatının orduda bu dərəcədə təsir qüvvəsi hər halda yox idi və qısa zamanda bu qədər qüvvə toplaması inandırıcı deyil.

Ümumilikdə ekspertin fikrincə, baş verən bu hadisə çox acınacaqlıdır: "Çünki qardaş ölkədə baş verən belə proseslər bizi çox məyus edir. Azərbaycanın marağı inkişaf edən və stabil bir Türkiyə görməkdir. Azərbaycanın Türkiyə rəhbərliyi ilə də yaxşı münasibətləri var. Ona görə də orada vəziyyətin gərginləşməsi bizi sevindirmir".