İŞİD-ə qarşı kim vuruşmalıdır?

«Hər xalqda pis də var, yaxşı da», «Hər dinin içərisində radikallar da var, mötədillər də». Geniş yayılmış və düzlüyünə şübhə olmayan iddialardır. Amma əgər bu pislər və radikallar getdikcə daha çox bəla törədirlərsə, daha çox ön plana çıxırlarsa, təmsil etdikləri xalqın və ya dinin imici təhlükə altına düşür.

"Hər xalqda pis də var, yaxşı da", "Hər dinin içərisində radikallar da var, mötədillər də". Geniş yayılmış və düzlüyünə şübhə olmayan iddialardır. Amma əgər bu pislər və radikallar getdikcə daha çox bəla törədirlərsə, daha çox ön plana çıxırlarsa, təmsil etdikləri xalqın və ya dinin imici təhlükə altına düşür.

Son dövrlərdə Avropa ölkələrində baş vermiş bir neçə qanlı terror aktının məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb. Ötən gecə Fransanın Nitsa şəhərində olduğu kimi. Bu etiraf nə qədər gözlənilən olsa da, bir o qədər də həyəcanvericidir.

Hər belə terror aktından sonra avropalıların Yaxın Şərqə, ələlxüsus da müsəlmanlara münasibəti bir az da dəyişir. Siyasətçilərin mötədilliyə, tolerantlığa çağırışları getdikcə daha az adama təsir edir. Yaxınlarını, əzizlərini bayram vaxtı sakit bir şəhərdə bir tunislinin idarə etdiyi maşının təkərləri altında itirməsindən sonra kimisə tolerantlığa dəvət etmək müşkül məsələdir.

Çoxsaylı sorğular göstərir ki, hər bir belə terror aktından sonra Avropada İslama qarşı münasibət radikallaşır. Bəzi ölkələrdə hicabın qadağan olunması, yeni məscidlərin tikintisinə icazə verilməməsi və s. kimi faktlar üzə çıxır. Avropalıları hardasa anlamaq da olar - onlar öz təhlükəsizliklərinin, əldən gedən mədəniyyətlərinin və sakitliklərinin qeydinə qalmağa çalışırlar.

Bəs hər belə faktla bir az da itirilən imici kim düzəltməlidir? Dünyanın baş bəlasına çevrilmiş, İslamı qaralayan, onu qorxunc bir din kimi dünyaya tanıtmağa çalışan İŞİD adlı terrorçu qrupla kim döyüşməlidir? Məntiq sadədir - əlbəttə ki, müsəlmanların özləri. Müsəlmanlar ən azı öz imiclərini və sülhsevər dinlərini bu qara ləkədən qurtarmağa çalışmalıdırlar. Əslində nə baş verir?

Suriyada və İraqda İŞİD-lə ABŞ-ın rəhbərlik etdiyi koalisiya və Rusiya döyüşür. Müsəlman Türkiyə də İŞİD-lə mübarizə aparır, amma bu ABŞ-ın rəhbərliyi altında koalisiya daxilində baş verir. İran daha çox Suriyanın mövcud hakimiyyətinin qorunub saxlanması üçün həm İŞİD-ə, həm də "müxalifətçilər"ə qarşı vuruşur.

Eyni zamanda, Yəməndə İslamın aləminin ən varlı və nüfuzlu ölkəsi sayılan Səudiyyə Ərəbistanının başçılığı altında koalisiya qüvvələri qanuni hökuməti bərpa etməyə çalışır və bir sıra uğurlar da qazanıb. Fəqət bu koalisiya dinə birbaşa zərər verən, onu dünyada terrorçu kimi tanıtmağa çalışan bir qruplaşmaya qarşı vuruşmur.

Nəyə görə müsəlman dövlətləri İŞİD-ə qarşı koalisiya yaratmasın? Bununla ən azı dünyaya İslam dövlətlərinin terrorçuluğu qəbul etməməsi və bu qara ləkəni öz əlləri ilə silmək arzusu mesajını vermək olardı. Yalnız sözdə deyil, əməldə də.

Hələliksə, ABŞ və Rusiya təyyarələri ara-sıra İŞİD-in bitib tükənmək bilməyən obyektlərini bombalayır, terrorçular isə bir-birinin ardınca qanlı hücumlar təşkil edərək dünyanı qorxu altında saxlayır. Nə vaxta qədər?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00