Britaniya mətbuatı: Milyarder Trump-ın pulu qurtarıb?
22 İyun 2016 12:36 DünyaBu, ona Hillary Clinton-la Ağ Ev uğrunda mübarizənin davam etdirilməsi üçün lazımdır.
Kampaniyalara dair maliyyə hesabatları göstərir ki, may ayında Trump-ın seçki kisəsində cəmi 1,3 milyon dollar pul qalıb.
"The İndependent" yazır ki, müqayisədə xanım Clinton kampaniya üçün böyük bir xəzinə fondu yarada bilib. Həmin may ayında onun seçki kampaniyasının hesabında 42,5 milyon dollar vəsait olub.
Clinton-un 1 milyardı
Image copyrightGETTY IMAGES
Məqalədə deyilir ki, Hillary Clinton seçki kampaniyası başlayandan indiyədək 238,2 milyon dollarlıq fond toplaya bilib və belə getsə, vəd etdiyi kimi kampaniyanın sonunda 1 milyard dollar hədəfinə çatacaq.
"The İndependent" yazır ki, belə bir vəziyyət cənab Trump-ı təhlükədə qoyur.
Artıq indinin özündə Clinton televiziya və radio dalğalarında güclü təbliğat aparır, halbuki Trump payızadək heç bir efir vaxtı sifariş etməyib.
Məqalədə deyilir ki, Trump-ın donorları ona verilən pulların necə xərclənməsindən narazıdırlar, çünki bu pulların əksər hissəsi Trump-ın ciblərinə və ya şirkətlərinin hesablarına axır.
Məsələn, ötən may ayında o, özünün təkcə Floridada, Palm Beach-dəki Mar-a-Lago klubuna 423 min dollar xərcləyib.
Hillary Clinton bütün bunlara özünün Twitter hesabından lağ edir.
Trumpofon
Çərşənbə axşamı Trump özünün maliyyə ianələri istəyən ilk şəxsi emailini göndərib. Bu məktubunda o vəd edir ki, ona verilən hər bir dollar üçün öz sərvətindən bir dollar xərcləyəcək.
"The İndependent" yazır ki, beləliklə, ABŞ tarixində ilk Trumpofon yaranıb.
Məqalədə deyilir ki, Trump ölkə boyunca özünün seçki infrastrukturunu da yarada bilməyib, halbuki bu, Ağ Ev uğrunda yarışda qalib gəlmək üçün başlıca alətlərdən biridir.
Xanım Clinton-un seçki komandasında 700, Trump-ınkında isə 70 işçi var.
"The İndependent" yazır ki, Trump-ın hazırda malik olduğu fondlarla ABŞ-ın ali baş komandanı yox, yalnız senator olmaq olar.
Məqalədə deyilir ki, Trump donorlardan pul almaq üçün ştatlarda qapı-qapı gəzib vaxt itirməli olur.
Bu da qeyd edilir ki, indi Trump-ın mətbuatın hay-küyü hesabına toplanmış kiçik resurslarının nə vaxt qurtaracağı maraq doğurur.
Onun puldan başı çıxır
"The İndependent" yazır ki, onun uzun müddətdən bəridir kampaniyasına rəhbərlik etmiş Corey Lewandowski-nı işdən çıxarması göstərir ki, Trump bütün bu məsələlərə görə qəfil əl-ayağa düşüb.
Məqalədə deyilir ki, Trump respublikaçıların dəstəyini səfərbər etmək üçün innən belə daha "partiyalı" mövqe tutmalı olacaq.
Ötən gün NBC-nin Today Show proqramına müsahibə verən Trump deyib ki, o, pul məsələsini hamıdan yaxşı bilir və lazım gələrsə, praymerilər zamanı qazandığı 55 milyon dolları yenidən qazana bilər.
O bundan əvvəl Fox News şəbəkəsinə demişdi ki, 1 milyard dollarlıq fond toplayacağını vəd etmiş Clinton-dan fərqli olaraq "başqa yolla" gedəcək.
Trump pul kasadlığının səbəbini Respublikaçı Partiyanın onu lazımınca dəstəkləməməsi ilə izah edir.
Lakin respublikaçıların pullu donorları hesab edirlər ki, bu məsələdə Trump artıq gecikib.
Onların dediyinə görə, Ağ Evə yürüş marafonu üçün fondu iki il müddətində toplayırlar.
NATO-ya Avropada daimi qüvvələr lazımdır
Image copyrightAFP
"The Guardian" yazır ki, ABŞ-ın iki nüfuzlu siyasətçisinin fikrincə, Şərqi Avropanın mümkün Rusiya təcavüzündən qorunması naminə NATO qoşunları daimi olaraq bu regionda dislokasiya edilməlidir.
Məqalədə deyilir ki, NATO-nun Varşava sammitinə bir neçə həftə qalmış ABŞ-ın bu alyansdakı keçmiş səfiri Nicholas Burns və müttəfiqlərin keçmiş Avropa komandanı general James Jones Baltik ölkələrində, Polşa, Rumıniya və Bolqarıstanda daimi əsasda hərbi hava, dəniz və quru qüvvələrinin yerləşdirilməsinə çağırıblar.
"The Guardian" yazır ki, NATO ölkələri artıq Şərqi Avropada rotasiya qaydasında 4000 əsgəri qüvvə yerləşdirmək qərarını qəbul edib.
Birləşmiş Krallıq yaradılmalı olan 4 batalyondan birinə rəhbərlik etməyi və Baltikyanı regiona və Polşaya 700 hərbçi göndərməyi təklif edib.
Qalan üç batalyona Almaniya, Kanada və ABŞ əsgərlərinin daxil olacağı bildirilib.
Fransanın 250 əsgərlik qüvvəsi Britaniya batalyonunda xidmət edəcək.
Bu təkliflər NATO-nun iyulun 7-də keçiriləcək sammitində müzakirə olunub qəbul edilməlidir.
Şərqi Avropada daha çox NATO qüvvəsinin cəmləşdirilməsini uzun müddətdən bəri idi ki, Polşa tələb edirdi.
Atlantika Şurası analitik mərkəzi üçün hazırladıqları xüsusi hesabatda ABŞ-ın adı çəkilən iki keçmiş aparıcı siyasətçisi isə bildirirlər ki, Rusiya özünün təcavüzkar siyasətini davam etdirdikcə, NATO Şərqi Avropada rotasiyalı yox, daimi əsgəri qüvvə yerləşdirməlidir.
Prezidentliyə namizəd Hillary Clinton-un müşavirlərindən biri olan Nicolas Burns iddia edir ki, NATO-nun Polşada "kiçik simvolik, lakin daimi" qüvvəsinin yerləşdirilməsi Ruisiya prezidentinə alyansın Polşanı müdafiə məsələsində ciddi olduğunu nümayiş etdirərdi.
Simvolik, amma daimi
"Biz burada sərhədlərdə qoşunların cəmləşdirilməsinə yox, lakin əhəmiyyətli qüvvə yerləşdirilməsinə çağırırıq ki, Putin və Rusiya rəhbərliyi bizim Baltikyanı ölkələri və Polşanı müdafiə etmək əzmimizi görsün" - deyib Burns.
"The Guardian" yazır ki, hər hansı belə bir hərəkət Kreml tərəfindən düşmən aktı kimi qəbul olunacaq.
Moskva bildirir ki, Polşada və Baltik ölkələrində hətta rotasiyalı qüvvələrin yerləşdirilməsi də 1997-ci il razılaşmasını pozur. Bu sazişə əsasən NATO Avropada əhəmiyyətli qüvvə cəmləşdirməyəcəyini vəd etmişdi.
Lakin həmin sazişdə belə bir maddə də var ki, belə qüvvələrin yeridilməsi təcavüz təhlükəsi baş qaldırdıqda yer ala bilər.
NATO isə israr edir ki, o, 1997-ci il razılaşmasına hörmət edir və Avropada "əhəmiyyətli sayda" qoşun cəmləşdirmir.
Dava axtarmaq, meydan sulamaq
Polşanın bir-birini əvəz edən hökumətləri həyəcan təbili çalırlar ki, Rusiyanın Krımı ilhaq etməsi və onun Ukraynanın şərqindəki təcavüzü strateji situasiyanı kökündən dəyişib.
Burns qoşunların daimi əsasda yerləşdirilməsinin düşmənçilik aktı kimi qəbul ediləcəyinə dair mülahizələri rədd edib.
"Biz kollektiv müdafiə təşkilatıyıq. Estoniya, Litva və Latviyada az sayda qoşun yerləşdirməklə biz sadəcə olaraq özümüzün bu ölkələri müdafiə etmək kimi legitim hüququmuzdan istifadə etmiş oluruq" - deyib Burns.
"The Guardian" yazır ki, Almaniya sözü gedən qüvvəyə hərbçilərlə töhfə verəcəyini bildirsə də, bu ölkənin koalisiya hökuməti Rusiya ilə necə davranılmalı olduğu barədə müəyyən siqnallar verib.
Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier NATO-nu, Polşada keçirdiyi böyük təlimlərin ardınca "dava axtarmaqda və meydan sulamaqda" ittiham edib.
Polşada 10 gün ərzində keçirilən NATO manevrlərində 31 min hərbçi iştitarak edirdi.
Burns, Steinmeier-in bəyanatını "dərindən yanlış, mübahisəli və tamamilə səhv" adlandırıb.
Bu hesabat Avropa İttifaqı səfirləri Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinə yekdilliklə səs verdikdən az əvvəl açıqlanıb.
"Nimdaş" və "müftəxor"
Burns bunu da bildirib ki, avropalıların müdafiə xərcləri öhdəliklərinə əməl etməməsi ABŞ prezidentliyinə namizəd Trump-ın dəyirmanına su tökür.
New York-lu milyarder NATO-nu "nimdaş" adlandırmış və avropalıları öz müdafiə xərclərini çəkməyə çağırmışdı.
"The Guardian" yazır ki, Barack Obama-nın da bu mənada fikirləri Trump-ın dedikləri ilə üst-üstə düşür.
ABŞ prezidenti avropalıları "müftəxor" adlandırmışdı.
Məqalədə deyilir ki, NATO-nun 28 üzvündən yalnız 5-i iqtisadi gəlirlərin 2 faizini müdafiəyə yönəltmək öhdəliyinə əməl edib.
Burns Britaniyada keçiriləcək Avropa referendumuna da toxunub. Siyasətçi deyib ki, Avropa İttifaqından kənarda Britaniyanın "yumruğu" əvvəlki gücdə olmaycaq.
"Britaniyanın başlıca təhlükəsizlik təsisatı NATO-dur, lakin onun hüquq-mühafizə və antiterror təsisatı Avropa İttifaqıdır, - deyib Nicolas Burns, - Mən düşünmürəm ki, ABŞ-da kimsə Britaniyanın Avropa İttifaqına üzv olmadığı 50-60 il keçmişə dönmək istərdi".