İngilis azarkeşlər qaçqın uşaqları alçaltdılar
16 İyun 2016 18:19 DünyaFutbol üzrə Avropa çempionatının davam etdiyi Fransada ortaya, sözün əsl mənasında, utancverici mənzərə çıxıb.
Atv.az bildirir ki, bir müddət əvvəl ruslarla dalaşaraq gündəmə gələn ingiltərəli tərəfdarlar bu dəfə miqrant uşaqları məsxərəyə qoyaraq etirazlara səbəb olublar.
Lil şəhərində küçədə miqrant uşaqlarla rastlaşan azarkeşlər onlarla əylənmək üçün yola qəpiklər atmağa başlayıblar. Pulları toplamaq istəyən uşaqların bir-biri ilə mübarizəsindən zövq alan, baş verənləri gülərək izləyən ingilislər onlara etiraz edən yerlilərə də məhəl qoymayıblar.
Ümumiyyətlə, avropalıların ehtiyac sahiblərinə, gəlmələrə qarşı qeyri-etik davranışı ilk belə hal deyil. Bir müddət əvvəl hollandiyalı azarkeşlər Madriddə dilənçiləri bu cür təhqir etmişdilər. Sosial mediaya düşən görüntülər dünya miqyasında etirazla qarşılanmışdı.
Qeyd edək ki, Lill şəhəri Fransada miqrantların ən çox sığındığı məkanlardan biri kimi tanınır.