Bu fikirləri Milli.Az-a açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri hacı Ramin İgidov bildirib.

GMİ sədri qeyd edib ki, ölkədə azana qadağadan heç bir söhbət gedə bilməz: "Hazırda Gürcüstanda 312 məscid fəaliyyət göstərir, onların da əksəriyyətində azan verilir. Burada inanclı insanlar öz dini ibadətlərini və ayinlərini sərbəst şəkildə həyata keçirirlər. Bu sahədə Gürcüstan digər xristian ölkələrinə nümunədir".

Hacı Ramin İgidov azan qadağası məsələnin əsl mahiyyətinin tamam başqa cür olduğunu deyib: "5 il bundan əvvəl Tiflisdəki Cümə məscidinə yaxın ərazidə yaşayan insanlar azanın uca səslə verilməsindən narahat olduqlarını bildirmişdilər. Biz də həmin müraciətləri nəzərə alaraq, azanı uca səslə deyil, aşağı səslə məscidin içində verilməsini təmin etdik. Amma burada hər hansı azan qadağasından söhbət gedə bilməz. Gürcüstanda azan qadağası deyə bir şey yoxdur".

R.İgidov onu da əlavə edib ki, hazırda Gürüstanda "Din haqqında" Qanun layihəsi hazırlanır. Hazırlanacaq qanunda hər hansi bir dinin nümayəndəsinin dini ayinləri icra edərkən digər dinə məxsus olan insanlara narahatçılıq göstərməməli olduğunun qeyd edilməsi gözlənilir.