“Uber”in pilotsuz avtomobilinin sınaqları başladı
20 May 2016 19:36 DünyaABŞ-ın Pittsburq şəhərində "Uber" taksi xidmətinin pilotsuz avtomobilinin sınaqları başlayıb. İKT.lent.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, avtomobil "Ford Fusion" modelinin əsasında hazırlanıb və sürücüsüz idarəetmə üçün "datçik"lərlə təchiz olunub. Avtomobilin fotosu "Uber"in saytına yerləşdirilib. Pilotsuz avtomobil "Uber" qabaqcıl texnologiyalar mərkəzi tərəfindən hazırlanıb və radarlar, lazer skanerləri, yüksək həllə malik kameralarla təchiz edilib. Sınaqlar zamanı sürücü kreslosunda mütəxəssis oturur və prosesin monitorinqini aparır. "Uber"dən bildiriblər ki, Pittsburq şəhəri müxtəlif tipdə yollar, hərəkət sxemləri və hava şəraiti baxımından test sürüşləri üçün ideal yerdir. Bu barədə şəhər rəhbərliyinə məlumat verilib. Mer Uilyam Peduto deyib ki, Uberin işi yol hərəkəti təhlükəsizliyini təmin etməyə və tıxacları azaltmağa imkan verəcək. Sınaqlar bir neçə həftə əvvəl başlayıb və hər hansı qəza baş verməyib. Sınaqlarda jurnalistlər də iştirak edib.