Rusiyanın xəbər portalında Azərbaycan haqqında məqalə yayımlanıb
20 May 2016 11:40 DünyaRusiyanın "azj.rus4all.ru" xəbər portalında Azərbaycan haqqında məqalə yayımlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, məqalədə Azərbaycanın hələ SSRİ dövründən termal suları və turist marşrutları ilə məhşur olduğu bildirilir. Şərqin Mirvarisi adlandırılan Bakının müxtəlif zövqlərdə olan turistlər tərəfindən bəyəniləcəyi qeyd olunur. Əvvəllər Bakı ilə tanışlığın YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhərdən başlandığı bildirilsə də, artıq bugun turistlərin bu tanışlığa başladıqları yer Heydər Əliyev Mərkəzidir. Görkəmli memar Zaha Hadid tərəfindən tikilən bu Mərkəzin dünyanın ən yaxşı binalarından biri olduğu qeyd olunub. İçərişəhər Tarix Memarlıq Qoruğundan danışarkən burada dünya əhəmiyyətli 3 memarlıq abidəsinin - Qız Qalası, Məhəmməd Məscidi və Şirvanşahlar Sarayının adı çəkilir və daha 600-dən çox memarlıq abidəsinin olduğu bildirilir. Məqalənin sonunda Azərbaycanın Atəşgah, Qobustan, Şamaxı, Qəbələ, Şəki, Naftalan, həmçinin Göygöl və Xəzər dənizi kimi ən məhşur turistik yerlərinin olduğu bildirilir.