Papanın Türkiyə səfərinin gizlinləri
3 Dekabr 2014 15:09 DünyaRəsmi Ankara keçən həftə iki dövlət başçısını qarşılamaqla dünya siyasət gündəminə öz damğasını vurdu. Roma Papasının ziyarəti və ardınca da Rusiya prezidentinin səfəri rəsmi Ankaranın cəlb olunduğu oyunun miqyasının genişçaplı olması ilə diqqət çəkdi. "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbər Vüqar Zifəroğlu deyir ki, səfərlər, İŞİD-in artıq Yaxın Şərqdə öz ideoloji-siyasi nüfuzunu qaldırması, Qərblə-Rusiya arasında toqquşmaların daha kəskin iqtisadi xarakter alması və Moskvanın Abxaziya gedişi ilə heç də özünün geosiyasi imperialist maraqlarından əl çəkmək niyyətində olmaması, OPEK-in yeni və əslində həm də ikibaşlı neft siyasəti, İranın istər Qərb, istərsə də bölgə ölkələri ilə münasibətlər baxımından maraqlı gedişlər etməsi fonunda gerçəkləşdi: "Əslində Roma papasının Türkiyə ziyarətinin bir sıra diqqət çəkən məqamlar var. İlk növbədə vurğulamaq lazımdır ki, Papa Fransisin bu səfəri, daşıdığı iki vəzifədə dolayı iki istiqamətdə dəyərləndirilməlidir: Vatikan dövlət başçısı olaraq siyasətçi kimi və Vatikan Roma Kilsəsinin lideri olaraq dini rəhbər kimi. Hər nə qədər papa rəsmi dövlət rəhbərləri üçün hazırlanan birinci dərəcəli mərasim ilə qarşılansa belə, onun bir ruhani lider olması faktı qəbul edilən bir həqiqətdir. Burda bir maraqlı məqamı qeyd etmək lazımdır. 2006-cı ildə Roma papası XVI Benedikt, Türkiyə səfəri zamanı II dərəcəli qarşılama mərasimi ilə qəbul edilmişdi. Bunun başlıca səbəbi isə, o zamankı Türkiyə prezidenti Əhməd Necdət Sezərin Benediktə, "əgər Fənər-Rum Kilsəsinin rəhbəri Bortolomeusla görüşə gəlirsinizsə, o zaman sizə birinci dərəcədə dövlət törəni keçirmərik", - xəbərdarlığını etməsi idi. Türkiyə o zaman, papanı sırf dini lider olaraq qəbul etmişdi. Lakin indiki qarşılama tamamən fərqli oldu. Baxmayaraq ki, səfərdən əvvəl papa ziyarətinin səbəbinin iki xristian kilsəsini barışdırmaq məqsədi ilə Konstantinopola (İstanbula deyil!) səfər edəcəyini bildirmşdi, bununla da əslində bir dövlət başçısı olaraq deyil, dini rəhbər olaraq gədiyinə vurğu etmişdi. Bu səfər hər nə qədər "dinlərarası dialoq" və "mədəniyyətlər ittifaqı" fonunda təqdim edilsə də, əslində səfər əsnasında verilən mesajlar və səslənən fikirlər başqa məqamların da ortaya çıxmasına səbəb olur". Mərkəz rəhbəri deyir ki, papanın siyasi lider olaraq səfərinin ikinci gizli tərəfi isə Türkiyəni İŞİD məsələsində yola gətirmək ola bilər. Çünki: Türkiyə bölgədə aktyor dövlətdir və onun proseslərdə birbaşa iştirakı əslində koalisiya qüvvələrinin işini xeyli yüngülləşdirə bilər, Türkiyə İslam dövləti və eyni zamanda sünni məzhəbli lider dövlətlərdəndir ki, bu birbaşa İŞİD-in "sünni anlayış" adı altında apardığı təbliğata birbaşa zərbə anlamına gələrdi. Nəhayət üçüncü, Türkiyə NATO dövləti olmaqla bölgə ilə Qərb arasında körpüdür. Lakin Ankara bu proseslərə girməklə özünü bataqlığa salmaq istəmir. Papanın, hadisələrin bu istiqamətdə cərəyan etdiyi bir dönəmdə səfər etməsini eyni zamanda, İslam dünyası ilə dialoq məsələsində vasitəçi qismində əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu hüquqi-dünyəvi bir bir dövlət olaraq Türkiyəni gördüyü mənasında da yozula bilər. Əslində ziyarət Türkiyənin Avropa Birliyi ilə münasibətləri baxımından da əhəmiyyətli görünə bilər. Hazırda dalana dirənmiş bu münasibtlərin təkrar normal məcraya dönməsi üçün Papa hansısa təkliflərlə də gələ bilər. Yəni bu ziyarət, müəyyən qapıların açılması təklifinin gəlməsi kimi də dəyərləndirilə bilər. Və təbii ki, müəyyən güzəştlər və Qərbin öz siyasi maraqlarına cavab verəcək güzəştlər əldə etmək şərti ilə".
Süleyman İsmayılbəyli