Uşaqların kütləvi dini mərasimlərə aparılması-İnancın təhlükəli yansıması
19 İyul 10:38 DinUşaqların və azyaşlıların dini mərasimlərə aparılması müxtəlif mədəni və dini icmalar arasında fərqli yanaşmalarla həyata keçirilir. Bəzi ailələr uşaqlarını kiçik yaşlardan dini mərasimlərə apararaq onların dini və mənəvi dəyərlərini formalaşdırmağa çalışır. Düşünürlər ki, bu, uşaqların dini təlimatları və adət-ənənələri öyrənməsinə kömək edir. Digər tərəfdən, bəzi valideynlər uşaqlarının öz dini inanclarını özlərinin seçmələrini istədikləri üçün onları dini mərasimlərə aparmaqdan çəkinir. Bu yanaşma uşaqların müstəqil düşünmə və şəxsi inanclarını formalaşdırma bacarıqlarını dəstəkləməyə yönəlir.
Azərbaycan dünyəvi dövlət olsa da, ölkədə dini dəyərlərə böyük ehtiram var. Azərbaycanda müxtəlif dinlərə məxsus insanlar birgə yaşayır və onların öz dini ayinlərini icrası etmələri qadağan olunmur. Bu günlərdə Məhərrəmlik ayı ilə əlaqədar, Aşura günü dini ayinləri icra olunur. Mərasimlərdən müxtəlif görüntülər sosial media hesablarında paylaşılır və biz, insanların şərhləri ilə tanış ola bilirik. Bu ayinlərdə körpələrin, yetkinlik yaşına çatmayan azyaşlıların iştirak etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bu cür kütləvi mərasimlərin uşaq və yeniyetmələrin sağlamlığını təhlükə qarşısında qoyduğunu, psixoloji vəziyyəti ciddi şəkildə pozduğunu və onların sarsıntı keçirirməsinə səbəb ola biləcəyi fikrində olan bir çox insan var. Bəs, qanun nə deyir?
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununa nəzər salaq:
Maddə 1. Dini etiqad azadlığı
"Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir".
Göründüyü kimi, Azərbaycan Respublikasının Qanunu uşaqların dinə etiqad etməyə məcbur edilməsini qadağan edir.
Uşaqların tam formalaşmamış düşüncələri və inancları vardır. Onların dini mərasimlərə aparılması, dini inancların məcburi şəkildə mənimsədilməsi anlamına gələ bilər. Bu, uşaqların öz inanclarını və dəyərlərini sərbəst şəkildə formalaşdırma azadlığını məhdudlaşdıra bilər. Bununla yanaşı, bəzi dini mərasimlər uşaqlar üçün qorxuducu və travmatik ola bilər. Xüsusilə, sərt dini ayinlər və mərasimlər uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. İslam şəriətində əsası olmasa da, İslam dünyasının tanınmış alimləri belə bunu cahillik adlandırsa da, Aşura günü başlarını yaralayıb, qan çıxaranların, özlərini zəncirləyənlərin sayı az olmayıb. İndi düşünək, yetkin bir fərd bu mənzərə qarşısında sarsıntı keçirdiyi halda körpə və yaxud yeniyetmənin bu mənzərəyə şahid olması ona necə təsir göstərər? Qeyd edim ki, uşaqların sağlamlığına zərər vuran hərəkətlər birbaşa Uşaq Hüquqları Konvensiyasına və Azərbaycan Respublikasının müvafiq qanunlarına da ziddir.
Ən dəhşətlisi isə uşaqda məcburiyyət hissinin formalaşmasıdır. Bəzi uşaqlar valideynlərinin və ya icmanın gözləntilərinə cavab vermək üçün onlarla eyni dinə sahib olma, dini mərasimlərdə iştirak etmək məcburiyyətində qala bilərlər. Bu, onların öz şəxsiyyətlərini və inanclarını azad şəkildə ifadə etmələrini çətinləşdirə bilər. Bəlkə də ətrafımızda sırf ailəsinin mənsub olduğu dinə mənsub olmaq, ailə üzvləri namaz qılır, oruc tutur, dini mərasimləri icra edir deyə özünü bunlara əməl etmək məcburiyyətində hiss edən nə qədər insan var.
"əl-Bəqərə surəsi, 256-cı ayə:
Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir".
Bu ayədəki "dində məcburiyyət yoxdur" ifadəsi ilə insanların zorla İslam dinini qəbul etməyə məcbur edilməsinin doğru olmadığı bildirilir. İslam dini ən üstün, ən kamil din olmaqla yanaşı özündə adillik, hikmət, rəhmət, islah və kamilliyə aid bir çox xüsusiyyətləri əks etdirir. "Ən humanist din" adlandırılan İslamda məcburiyyət yoxdursa, övladlarımıza bu hissi niyə aşılayırıq? Bunları sizə mən dedim, bəs, məsələ ilə bağlı sosioloqun fikirləri nədir?
Sosioloq Əhməd Qəşəmoğlu bu sahəyə diqqət artırmağa böyük ehtiyac olduğunu qeyd edir:
-Bizdə bir çox məsələlər düşünülmədən həyata keçirilir. Uşaq və azyaşlıları kütləvi dini mərasimlərə aparmaq olarmı, olmazmı, bu haqda konkret "hə", ya "yox" demək olmaz. Bu məsələlər araşdırılmalıdır. Ciddi araşdırmalara, elmi mərkəzlərə ehtiyacımız var. Milli şüur, milli inkişaf baxımından bizim bu mərasimlərə münasibətimiz necə olmalıdır? Əsas məqsəd bu olmalıdır: "Biz, bunlardan nə cür istifadə edək ki, bizim mənəvi zənginliyimizə, milli düşüncəmizə müsbət təsir etsin, bizə İslam aləmindən bəhrələnməyə, bu aləmlə əlaqələnməyə kömək etsin?" Bunların hamısının yekunu "xalqımızın tərəqqisinə nə dərəcədə kömək edə bilər?", "xalqımızın mənəvi zənginləşməsinə necə kömək edə bilər?" məsələləridir. O formalardan ki, XII, XII, XIV əsrlərdə istifadə ediblər, bizim onları təkrar istifadə etməyimiz səhv yoldur. Bu istifadə yolları hamısı artıq istifadə olunub. Əsas odur ki, bununla nəyə nail olmaq istəyirik? Həqiqətən də İmam Hüseynin əqidə yolunda, Allahın nizami yolunda apardığı mübarizədən insanlarınız bəhrələnərək mənəvi zənginlik qazanmalıdır, yoxsa kor-koranə, nə olduğunu bilmədən mərasimlərə gedib-gəlməlidir? Bu məsələlərin bu gün çox dərin elmi təhlilə və həmin təhlillərdən çıxarılan qərarlara ehtiyacı var. Bu təhlillərin yolları, metodları var. Cəmiyyətdə etinasızlıq var. Hələ də elə bilirlər ki, min il əvvəl nə ediblərsə, indi də onu hökmən etməliyik. Bunları o vaxt ediblər ki, bir məqsədə nail olmaq istəyiblər. Biz, bunu düşünməliyik. Təhlil zamanı məlum olacaq ki, körpə uşağı ora aparmaq nə dərəcədə doğru, nə dərəcədə səhvdir. Bir neçə dəfə rastlaşmışam ki, həmin kütləvi mərasimlərdə gigiyenik qaydalar pozulur. Heç yerdə deyilməyib ki, kefin nə istəyirsə, onu et. Bunların hamısı çox dərin təhlil olunmalı və müasir dövr üçün qaydalar müəyyənləşdirilməlidir. Bu, incə məsələdir. Birdən-birə deyəsən ki, aşura günü bu şey olmaz. Min ildir ki, bu xalq aşura gününü qeyd edir. Birdən-birə qadağan etməyin özü də düşünülmüş iş deyil. Əsas məsələ odur ki, indiki şəraitdə, indiki dövrdə hansı metodlardan hansı şəkildə istifadə edək ki, bu, xalqımızın mənəvi yüksəlişində önəmli rol oynasın.
İlahiyyatçı alim Elşad Miri isə bir qədər fərqli düşünür:
-Bu, məcburiyyətlə, yasaqlanaraq edilə bilməz. Düzgün maarifləndirmə aparılsa, valideynlər özləri buna qərar verə bilərlər. Heç kim o uşağı valideyndən çox sevə bilməz. Valideyn də əlbəttə düşünməlidir ki, övladımı bugünkü məclisə apardığımız zaman o nə öyrənəcək? Bundan necə faydalanacaq? Bu məsələnin mahiyyətini öyrənəcək, yoxsa ancaq mərsiyəyə qulaq asacaq?
Qiymət Mahir