"Azərbaycan diasporu başqa diaspor təşkilatlarına baxanda çox geri qalır“.

Şəfəq Azəri: „Qonşu ölkələrimizdən yara alan, torpaqlarının 20 faizini itirən bir dövlət kimi xarici ölkələrdə daha güclü olmaqdansa pərən-pərən düşmüşük“

" Diaspora üzvləri arasında olan özbaşınalıq baş alıb gedir"

Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, mədəniyyətimizin təbliği istiqamətində təkcə diaspor təşkilatları, cəmniyyətlər və dərnəklər deyil, fərdi şəxslər də yaxından iştirak edirlər. Bu gün ayrı-ayrı ölkələrdə yaşayan minlərlə soydaşımız var ki, onlar çalışdıqları sahələrdə böyük uğurlara imza atmaq, nailiyyətlər əldə etməklə ölkəmizi tanıtmış olurlar. Belə dəyərli insanlardan biri də Almaniyada yaşayan soydaşımız Şəfəq Azəridir. 15 ildən artıq ki, bu ölkədə yaşayan həmyerlimiz ibtidai məktəbdə pedoqoq kimi çalımaqla yanaşı Türkiyədə çap olunan Fikir, Sanat və Ədəbiyyatda TÖRE dərgisinin Almaniya üzrə təmsilçisidir. Onunla söhbətimizdə Almaniyadakı soydaşlarımız, bu ölkədə Azərbaycan diasporunun vəziyyəti və digər məsələlər barədə danışdıq.

-Şəfəq xanım, təxminən neçə ildir ki, Almaniyada yaşayırsınız və bu ölkədə əsas fəaliyyətiniz nədən ibarətdir?

-Mən həyat yoldaşım və iki övladımla bərabər 15 ildir ki, Almaniyada yaşayıram. Biz Almaniyaya həyat yoldaşımın işi ilə əlaqədar gəlmişik. O, Braunşvaiq Texniki Universitetində işləməyə gəldiyində biz 9 ay idi ki, yeni  evlənmişdik. Mən də zamanla Almaniyaya assimliasiya olmamaq şərti ilə mədəniyyətimizi qoruyub saxlayaraq inteqrasiya olundum. Hazırda ibtidai məktəbdə pedaqoq-müəllimə olaraq çalışıram. İctimai işim isə hər bir anda ölkəmi tanıtmaqla, təmsil etməklə yanaşı təmsilçisi olduğum jurnal və Birliyin Almaniyada, eyni zamanda Avropada layiqli yerə gəlməyinə çalışmaqdır.

-Səhv etmirəmsə Almaniyada həm elmi fəaliyətlə məşğulsunuz, həm də bir dərginin təmsilçisi kimi çalışırsınız. Bu iki vəzifəni birgə idarə etmək yad bir ölkədə çətin deyilmi?

-Mən Almaniyada ibtidai məktəbdə çalışıram, Pedaqoji sahədə, tədrisdə yeni metodlardan istifadə ilə bağlı araşdırmalarla məşğul oluram. Sosial fəaliyyətim isə ondan ibarətdir ki, aktiv olaraq Hötzum Alman Mədəniyyət Mərkəzinin və ailəlikcə İdman Cəmiyyətinin aktiv üzvüyük.  Həmçinin Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Türkiyədə Çap olunan Fikir Sanat və Ədəbiyyatda TÖRE Dərgisinin Almaniya təmsilçisiyəm. Sual verirsiniz ki, bu işlərin idarəsi yad bir ölkədə çətin deyilmi.  Bilirsiniz, bir işdən mən əgər mənəvi zövq alıramsa, onu mənəvi borc bilirəmsə, demək o işdən mən yorulmayacağam, usanmayacağam! Mən də Allahımın mənə bəxş etdiyi istedadımdan, qabiliyyətimdən istifadə edir, işimi canla, başla yerinə yetirməyə çalışıram. Əgrə hər hansı bir insan ona Allahın bəxş etdiyi istedadından istifadə etmirsə və milli mənşəyinə laqeyd yanaşırsa deməli məsuliyyətsizdir və ona bel bağlamaq olmaz. Çox təssüflər olsun ki, bu tipli insanlar minlərlədir.

-Ümumiyyyətlə, Almaniyada Azəbaycana qarşı münasibət necədir? Bunu həm rəsmi, həm də qeyri rəsmi qurumlara, sadə insanlara da aid etmək olar.  Azərbaycana münasibət bu dairələr tərəfindən necə müşahidə edilir?

-Almaniyada Azərbaycana qarşı münasibət o qədər də pis deyil. Ancaq əvvəllər belə deyildi. Mən bu haqda digər müsahibələrimdə geniş danışmışam. Ona görə təkrar olmasın deyə bu barədə çox danışmaq istəməzdim. Azərbaycanı əvvəllər heç tanımırdılar. O zaman Universitetdə və başqa olduğum yerlərdə Azərbaycan haqqında maraqlananlar çox olurdu. Sadə insanlarla danışdığımda həmin an mənə bəlli olurdu ki, bu insanlar heç Azərbaycanın harada yerləşməsindən xəbərsizdirlər. Mən hər zaman üzərimdə xəritə gəzdirərdim və onunla Azərbaycanın harada olduğunu göstərər, ürək dolusu danışardım. Əvvəllər geridə qalmış hesab olunan Azərbaycan Allaha şükür ki, indiki halı ilə-iqtisadi İnkişaf, olimpiya yarışları, Eurovision Musuqi Yarışması və s. ilə artıq tanınmaqdadır.

-Almaniyada yaşayan soydaşlarımızın üzləşdiyi hanısa problemlər varmı?  Azərbaycanlıların alman cəmiyyətinə inteqrasiyası necə gedir? Soydaşlarımız buna ciddi cəhd edirlərmi?

-Almaniyada yaşayan soydaşlarımızın problemləri olduqca çoxdur. Heç də Almaniyada hamı gözəl yaşamır, sadəcə bəzilərinə görüntü yaradırlar. Əsas problemlər isə dil, inteqrasiya problemidir. Belə götürsək Azərbaycan xalqı Avropa ölkələrinə daha çox inteqrasiya olunmağa çalışırlar. Bizim insanlarımız Allaha şükür olsun ki, oxumağı, yazmağı, yeniliyi tez qəbul etməyi bacarırlar. Amma əlbəttdə buna cəhd edənlər çoxdur və digər ölkələrdən Almaniyaya gələnlərə nisbətən bizim inteqrasiya meylimiz daha güclüdür. Bu da bizim Sovet ölkəsində milli kökümüzdən ayrılmağımızla əlaqədardır. Müsəlman ölkələrindən, ən çox da Türkiyədən gələn insanlar inteqrasiya olunmağa həm meyilli deyillər, həm də onlar üçün çox çətindir. O insanlar ki, gündə 5 dəfə Namaz qılır, hər cümə günü məcsidə gedir - onlar necə inteqrasiya oluna bilər?!? Biz azərbaycanlılar isə Sovet dönəmində Allah kəlməsini qorxa-qorxa, yaxud da heç istifadə etmədən böyümüş insanlarıq. Almaniyaya tam inteqrasiya olunan özünə hörmət edən, dindar müsəlmanlar tanıyıram ki, almanlar tərəfindən çox sevilirlər və mən belələri ilə qürur duyuram. Belə insanları özümə örnək götürürəm. Onlarla dostluq əlaqələrimiz var və çox maraqlı mədəniyyət inteqrasiyası baş verir. Bizim insanlarımızın bu barədə çətinlikləri çoxdur və hansı tərəfə getdiklərini doğru bilmirlər. Nə müsəlmanları qəbul edə bilirlər, nə də ki almanlar tərəfindən qəbul edilirlər. Belə olan halda tək qalmağa məcbur olurlar və öz aralarında, öz aləmlərində qalırlar. Baxın bu bir dəhşətdir! Tam inteqrasiya olunanlar isə çox azdırlar. Bizim azərbaycanlıların əksəriyyəti rus dilinə və dini baxımdan eyni təsəvvürə, eyni dünyagörüşə görə.inamsız halda Rusiyadan gəlmiş Qazaxıstan almanlarına qarışırlar. Və onlardan da həmişə əks təsir alırlar. Onların özü belə Alman cəmiyyətinə yaddırlar. Mən belə insanlarımızı bir tərəfdən qınayıram. Yaşadığınız ölkəyə inteqrasiya olunun, övladlarınızın gəlcəyi üçün doğru seçim edin. Hər kəs vətənə xidmət etmək istəyirsə öz işini doğru etməlidir. Necə ki, Türkiyədən  yaxud da başqa ölkələrdən gəlmiş yəhudilər, ermənilər və.s. Ümumiyyətlə, doğru seçim etmiş insanlar  təhsil alaraq öz haqlarını tələb etməyi bacarırlar. Onlar həm dinini, həm də millətini müdafiə edə bilir, Avropada müəyyən səlahiyyətlər həyata keçirə bilirlər. Biz də bu üsuldan istifadə etməli, Dünya ölkələri arasında özümüzə görə yer tutmalıyıq.

-Uzun illər Almaniyada yaşayan soydaşımız olaraq bu ölkədə Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirisiniz?

-Doğrusunu deyim ki, Azərbaycan diasporu başqa diaspor təşkilatlarına baxanda çox geri qalır. Problemimiz ondan ibarətdir ki, bizim ölkəmiz nədənsə tənqidi yaxşı qəbul etmir. Bəli bizim diasporun layiqli nailiyyətləri də vardır. Bu isə çox azdır, gərək biz yorulmayaq və həmişə aktiv olaq! Biz öz qonşu ölkələrimizdən yara alan, torpaqlarının 20 faizini itirən bir dövlət kimi xarici ölkələrdə daha güclü olmaqdansa pərən-pərən düşmüşük. Diaspora üzvləri arasında olan özbaşınalıq baş alıb gedir. Mən bunu öz təcrübəmdən deyirəm. Bizim ailəvi şəkildə Almaniyaya gələn azərbaycanılarımız arasında birlik yoxdur və bu birlik anlayışını belə qəbul edə bilmirlər. Çoxları ancaq şəxsi mövqelərini güdür, heç bir təşkilatlarla maraqlanmırlar, tədbirlərə getmirlər və hətta getmək istəyənləri belə alçaldıçı sözlərlə ruhdan salırlar.  Bunlara baxmayaraq Azərbaycandan gələn tələbələrimiz, elm  yolunu tutan insanlarımız bu barədə çox irəlidədirlər. Onlarla fəxr edirəm. Yəni ürəkbulandırıcı və başımızı aşağı edənlərimizlə yanaşı mübariz gənclərimiz də var.

-Almaniya türklərin çoxluq təşkil etdiyi ölkələrdən sayılır. Bu baxımdan azərbaycanlılar və türklər bu ölkədə birgə güc, qüvvə kimi çıxış edə bilirlərmi?

-Bu sualınıza cavab olaraq bəzən  "bəli" və yaxud da "xeyr" deyə bilərəm. Bu ölkədə yaşayan təhsilli və yaxud da müəyyən səlahiyyətlərə malik olan bəzi Türkiyə vətəndaşları artıq alman toplumuna inteqrasiya və assimliasiya olunduqları üçün bəzən bu mümkün olmur. Nədən, nə üçün deyə bilərsiniz? Bu yaxınlardan başıma gələn bir əhvalatı sizlərlə bölüşmək istəyirəm. Bu il sentyabr ayının 13-də yaşadığımız Braunşvayq (VHS ) Xalq Ali Məktəbində, Xalqlararası Mədəniyyət Bayramı keçirilirdi. Bu bayramda məqsəd xarici ölkə vətəndaşlarının bir arada bayram keçirmələri və mədəniyyət nümunələri, milli yemək və.s nümayiş etdirmələri idi. Mən də öz Azərbaycan bayrağımızı götürüb bayrama qatılmaq üçün birbaşa ora getdim. Təşkilatçı mənə xatırlatmağı unutduğundan intellektual səviyyəsinə görə hamımın qarşısında üzr istədi. Bu isə çoxlarına nümunə idi. Düşündüm ki, orada fəal iştirak edən Türk qadınlar dərnəyinin iştirakşıları ilə birgə bayram sevnci yaşayaram. Amma o dərnəyin sahibi illər öncə tanıdığım Türk Qadın bu bayrama gözlədiyimdən fərqli olaraq, bayraqsız qatılmışdı. Bu bayramda hər bir ölkə dasporlarının nümüyəndələri həvəslə bayraqlarını çadırları önünə asıb, milli geyimləri, milli mətbəxi ilə fəal iştirak etməsinə baxmayaraq həmin Türk dərnəyi bayraqsız idi. Mən onlara bayrağınız yoxsa mən öz bayrağımızı gətirmişəm, istəsəsiniz çadırınızın qabağına asa bilərik dedim. Dərnək sahibi qadından başqa çoxları razılıq versə də qadın xeyr dedi. Mən təəccübləndim niyə olmasın. Bu bayraq qardaş ölkənizin bayrağıdır başqa ölkənin deyil ki? "Biz Euroviziona Türk və Azərbaycan bayraqları ilə birgə çıxmışdıq" dediyimdə qadın "mənə nə" deyib işinə davam etdi. Hətta ermənilərin bayraqla bəzənmiş çadırından yemək alıb yediyini, guya millətçi düşüncəsi olmadığını, həvəslə dilə gətirdi. Sonradan anlatdı ki, bunun dərnəyinin bir çox üzvləri erməni və geyri türklərdən ibarətdir. Müsəlmanlığın isə bir nömrəli düşməni olduğunu da utanamadan dilə gətirdi. Hətta mən onun xristianlığı qəbul etdiyini zənn etdim. Belələrinin sayı Türkiyədə gündən-günə artmaqdadır. Onlar xristianlığı yayanların tələsinə düşənlərdir. Mənə Almaniyada yaxşı yaşamaq, almanlar arasında nüfuz qazanmaq lazımdır, mənə Azərbaycan lazım deyil dedi. Bu qadın çox şöhrətpərəst, antitürk antiislamçıdır və milli ruhu olmayan birisidir. Beləsinə nə deyəsən? Satılmış, milli kökənini  unutmuş, yoxsa manqurd? Allah belələrindən qorusun bizləri. Bunun kimiləri bizlərə mənəvi yara vurmaqdan başqa nə fayda verə bilər? Amma, o qadına da dərs verməyi unutmadım!  Belə ki, həmin halla qarşılaşdığımda mən ailəmlə birğə meydanın tən ortasına Azərbaycanımın üç rəngli nazlı bayrağını götürüb getdik və orada şəhər qəzetindən olan jurnalistlərlə dialoq qurduq. Onlar da çox sevindilər və bizi qəzet redaksiyasına dəvət etdilər. Sonra Azərbaycanın adını növbəti dəfə bayrama qatılmaq üçün siyahıya yazdırdım. Ümumiyyətlə, biz azərbaycanlılar bu işdə fəal olmalı kimlərə isə bel bağlamamalıyıq. Ancaq öz gücümüzə inanmalı, birlikdə olmağı bacarmalıyıq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31