Azərbaycan diasporu dünyada ideoloji taktika ilə işləyir
Erməni diasporu Azərbaycan diasporunun dünyada möhkəmlənməsindən ciddi narahatçılıq keçirir
8 Oktyabr 2013 18:03 DiasporaTəxminən on ildən artıq bir müddət ərzində yaranmaq və təşkilatlanmaq səviyyəsində olan Azərbaycan diasporu bu gün dünyada aparıcı mövqedə olan diaspor təşkilatları səviyyəsindədir və ayrı-ayrı ölkələrin diasporları ilə yaxından əməkdaşlıq edir. Bu gün Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatına inteqrasiya edir, siyasi partiya və təşkilatlarla əlaqələr qurur. Müşahidə edilən bu müsbət tendensiya lobbi quruculuğu istiqamətində də uğurlar əldə etmək üçün zəmin yaradır. Qurulan əlaqələr xarici siyasi dövlət xadimlərinin, parlament üzvlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələrini Azərbaycana dəvət etməyə və onları respublikamızda gedən iqtisadi inkişaf prosesləri, quruculuq işləri ilə yaxından tanış etməyə imkan yaradır.
Bu gün qətiyyətlə demək mümkündür ki, Azərbaycan diasporu özünün çox geniş inkişaf mərhələsinə qədəm qoyub. Biz artıq bütün dünyada Azərbaycan diasporunun fəaliyyətində çox müsbət meyillər və strateci əhəmiyyətə malik inkişaf istiqmətləri görürük. Bu sahədə çalışan ekspertlər, analitik təhlilçilərin də söylədiyi fikirlərdən aydın olur ki, yaxın illərdə Azərbaycan diasporu dünyada tanınmış diasporların sırasında önə çıxacaq. Bunun işartılarını artıq bu gün görmək mümkündür. Buna ən bariz nümunə bütün dünyada olan azərbaycanlıların və diaspor təşkilatlarımızın fəaliyyətini istiqamətləndirəcək bir sənədin - xartiyanın qəbul edilməsini göstərmək olar. Heç şübhəsiz ki, həmin sənəd xaricdə yaşayan soydaşlarımızın sıx birliyinin yaranmasına, diasporlararası münasibətlərin güclənməsinə, onların ümumi iş fəaliyyətinin istiqamətlənməsinə, yaşadıqları ölkələrdə ictimai-siyasi həyata inteqrasiya olmalarına imkan verəcək.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycan diasporunun inkişaf etməsi, soydaşlarımız arasında birlik və bərabərliyin təmin olunmasında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası da məqsədyönlü iş aparır. 2001-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayının yekunları əsasında yaradılan Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının əsas vəzifəsi xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesini gücləndirmək, onların ictimai-siyasi həyatda iştirak səviyyəsini yüksəltməkdir. Bu illər ərzində Şuranın apardığı gərgin iş nəticəsində Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin möhkəmləndirilməsi, mədəni irsimizin təbliği, dünyanın tanınmış diaspor təşkilatları ilə əlaqələrin inkişafı, türk dünyasının birliyi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyəti dünyaya səpələnmiş diaspor təşkilatlarını bir araya gətirmək və istiqamət fəaliyyətlərini müzakirə etmək nöqteyi nəzərindən də çox önəmlidir. Əlbəttə, bu yolda görüləsi işlər hələ çoxdur. Çalışılır ki, gələcəkdə diaspor təşkilatlarımız sıx əlaqədə olsunlar. Yeni informasiya-kommunikasiya vasitələri də buna imkan verir.
Müsbət qiymətləndirilməli olan məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan diasporu dünyada ideoloji taktika ilə işləyir. Diasporumuz Dağlıq Qarabağ münaqişəsi məsələsində də olduqca həssasdır və təşkilatlarımız artıq əvvəlki illərdə olduğu kimi yalnız müdafiə taktikası ilə kifayətlənmir. Paralel olaraq hücum taktikası da diasporumuzda əsas prioritet hesab edilir. Elə bunun nəticəsidir ki, erməni diasporu Azərbaycan diasporunun dünyada möhkəmlənməsindən ciddi narahatçılıq keçirir. Hələ bir neçə il əvvəl erməni tərəfi bunu açıq şəkildə etiraf etmək məcburiyyətində qalıb. Belə ki, Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısı ərəfəsində Azərbaycan diasporunun fəaliyyətinə, onun getdikcə güclənməsinə diqqət çəkən Ermənistanın kütləvi informasiya vasitələri Azərbaycan diasporunun güclənməsini real təhükə mənbəyi kimi qələmə vermişdilər. Belə ki, "PanArmenian" agentliyi "Azərbaycan diasporuna qarşı Ermənistanın dövlət siyasəti gərəkdir" başlığı altında məqaləsində qeyd edirlirdi: "Bəzi analitiklər Azərbaycan diasporunun süni yaranan bir qurum olduğunu və heç vaxt erməni lobbisinin səviyyəsinə çatmayacağını söyləyirlər. Azərbaycandan gələn xəbərlər bunun əksini söyləməyə vadar edir". Agentlik yazırdı ki, hazırda Azərbaycan diaspor təşkilatları Birləşmiş Ştatlar, Kanada və Avropada türk diaspor təşkilatları ilə sıx əlaqə yaradıblar: "Düzdür, hələ ki, bu təşkilatlar lobbiçilik fəaliyyətində erməni diasporu ilə müqayisə oluna bilməz. Amma düşünürük ki, bu, müvəqqəti bir haldır. Türk və Azərbaycan diaspor təşkilatları bütün məsələlərdə ümumi fikrə gəlsələr, çox güclü olacaqlar. Əslində, hər ikisinin hədəfi 100 ilə yaxın xaricdə uğurla fəaliyyət göstərən erməni diasporunun dünyada siyasi təsirini neytrallaşdırmaqdır". Agentlik yazır ki, bunu həyata keçirmək üçün Azərbaycanın hər cür maddi imkanları var: "Neftdən və qazdan əldə etdikləri vəsait hesabına Azərbaycan hökuməti yüksək səviyyədə sərgilər təşkil edir, xarici dillərdə nəfis tərtibatlı kitablar yayır və konfranslar keçirir". Ermənilərin ehtiyat etdiyi amillərdən biri də 90-cı illərdə xarici ölkələrə miqrasiya etmiş azərbaycanlıların ermənilərə qarşı ideoloci mübarizəsi və buna olan əzmidir. "PanArmenian"ın müxbiri ilbəil güclənən "Azərbaycan diasporu faktoruna" qarşı Ermənistanda dövlət siyasətinin həyata keçirilməsini təklif edir və fikrini: "Rəsmi Bakı erməni lobbisinə qarşı öz siyasətini məhz bu cür yürüdür", - qənaəti ilə yekunlaşdırmışdı. Ermənistandakı "Noravank" fondu isə Azərbaycan diasporunun güclənməsində dünyanın aparıcı ölkələrinin və beynəlxalq təşkilatlarının rolu olduğunu qeyd edirdi. Fond belə zənn edir ki, Azərbaycan diasporu bölgədə strateci mövqeyi artan ölkəsinin xarici dövlətlərlə əlaqələrinin qurulmasında və iqtisadi layihələrin həyata keçirməsində vasitəçi missiyasını yerinə yetirir. Fondun qənaətinə görə, bu səbəbdən diaspora həm beynəlxalq, həm də yerli nüfuz dairələrinin marağına səbəb olur.Göründüyü kimi, Azərbaycanın bölgədə lider ölkəyə çevrilməsi Ermənistanı rahat buraxmır.
Qazanılan uğurlar, əldə edilən nəticələrlə yanaşı, unutmaq lazım deyil ki, hələ görüləsi işlər irəlidədir və Dağlıq Qarabağ problemi ilə bağlı haqlı mövqeyimizi dünyaya daha geniş mənada çatdırmaq üçün ayrı-ayrı ölkələrin diaspor təşkilatları ilə sıx əməkdaşlıq etmək lazımdır. Yalnız birləşərək məqsədimizə nail ola bilərik. Xüsusilə, türk dünyasını bu prosesə səfərbər etmək zəruridir. Unutmaq lazım deyil ki, Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir. Eyni ilə Türkiyə, Şimali Kipr, Qazaxıstan, ümumilikdə dünya türklərinin problemi və acısı bizim problemimiz, bizim acımızdır. Sevindrici hal ondan ibarətdir ki, bu gün Azərbaycan tək deyil, bu gün Azərbaycanın arxasında böyük türk dünyası var. Yeni daha mütəşəkkil qüvvənin siyasi arenaya çıxdığı, istər Qərbdə, istərsə də Şərqdə cərəyan edən proseslərə təsir etmək imkanında olduğu göz qabağındadır. Həqiqətən də, 200 milyondan çox insanı birləşdirən türk dünyası böyük gücə malikdir. Son illər türk dünyasının əzəməti, dünyadakı rolu daha da artıb. Beləliklə, bütün türk toplumlarının, diasporların fəaliyyətinin birləşdirilməsi, bir nöqtəyə vurması zərurətə çevrilib. Amerikada, Kanadada, Almaniyada və başqa ölkələrdə Türk-Azərbaycan diaspor təşkilatları bir araya gələrək fəaliyyətlərini qurmağa çalışırlar. Məlumdur ki, Azərbaycandan xarici ölkələrə pənah aparan soydaşlarımızın əksəriyyəti vətənlərini 90-cı illərdə tərk ediblər. Həmvətənlərimizdən fərqli olaraq türklərin xarici ölkələrdə, məsələn, Birləşmiş Ştatlarda, Almaniyada artıq üçüncü nəsil nümayəndələri yaşayır. Bunlar yaşadıqları ölkələrdə assimilyasiya olub və həmin ölkələrin ictimai-siyasi həyatına fəal qatılıblar. Türk icmalarının bu kimi təcrübəsi xarici ölkələrdə yeni məskən salan həmvətənlərimiz üçün çox əhəmiyyətli və faydalıdır.
Diqqət yetirməli olan məqamlardan biri ondan ibarətdir ki, diaspora sahəsində ctimai və siyasi baxımdan fəal adamlara ehtiyacımız var. Bu gün həm Azərbaycan, həm də Türkiyə, ümumilikdə Türk dünyası üçün həllini gözləyən problemlər var ki, bunlar hökumətin deyil, diasporun üzərinə düşür. Məsələn, 907-ci maddənin qaldırılması, Xocalı soyqırımının tanınması. Bu məsələlərin həlli üçün diasporumuz daha fəal olmalıdır. Bunun üçün güclü ideoloji iş aparmalıyıq. Hər bir türkün, hər bir azərbaycanlının ölkəsindən kənarda uğurlu fəaliyyəti dolayısı ilə uzaq düşdüyü Vətəninin uğurudur. Uğur qazanmış hər bir şəxs öz adı ilə əcnəbilərə ölkəsini tanıdır və sevdirir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir