Dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin formalaşmasına Azərbaycançılıq ideologiyasının təsiri

Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında birləşməsi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi ortaya çıxdı. Müstəqilliyə yeni qədəm qoymuş dövlətdə bu mühüm vəzifənin yerinə yetirilməsi bir çox ideoloji, siyasi, sosial-iqtisadi məsələlərin həlli ilə bağlı idi. Lakin milli potensialın dünya miqyasında səfərbər edilərək vahid məqsədə yönəldilməsi məhz dövlətçiliyin qorunmasına və inkişafına zəmin olduğundan ölkəmizdə az bir müddətdə bu sahədə sözün həqiqi mənasında ciddi işlər görüldü. Dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbiçiliyin təşkili Azərbacan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu isə əslində respublikamızda aparılan dövlət siyasəti ilə ümummilli mənafelərin ortaqlaşması deməkdir. Azərbaycan Respublikası dünya azərbaycanlıları tərəfindən milli-tarixi təkamülün bəhrəsi, milli mənliyin rəmzi, Ana Vətən kimi qəbul edildi.

Dövlət maraqları ilə milli mənafeyin vəhdəti sovet dönəmindən sonra ictimai şüurda inqilabi hadisə, milli təkamüldə keyfiyyətcə yeni mərhələ idi. Bunun əsas zəmini Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin dünya azərbaycanlıları arasında böyük nüfuza sahib olması, dövlətçilik metodologiyasının, həm də milli ideologiyanın yaradıcısı kimi qəbul edilməsidir. Məhz onun iradəsi ilə müstəqilliyimizin ilk illərindən Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarınıın təminatçısı olduğunu rəsmən bəyan etdi və xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparılmağa başladı. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının dünyaya inteqrasiyası, iqtisadi-mədəni inkişafı, müstəqilliyimizin gerçək təsbitində böyük rol oynayan çoxsaylı xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlər keçirərək, onların problemləri ilə maraqlanmış, dəyərli tövsiyələrini vermiş, səfirliklərimizi bu işə cəlb etmiş, soydaşlarımızı ölkəmizin ictimai, iqtisadi, mədəni həyatında fəal iştiraka dəvət etmişdir. Həmvətənlərimizin milli-mənəvi birliyində önəmli hadisə olan bu görüşlər, eləcə də hər il dekabrın 31-də Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar Azərbaycan xalqına müraciəti, bu münasibətlə respublikamızda və xaricdə keçirilən tədbirlər Heydər Əliyevin bəyan etdiyi prioritet məsələnin həllində - diasporumuzun mütəşəkkil qüvvə kimi formalaşmasında, lobbiçilik fəaliyyətimizin istiqamət və perspektivlərinin müəyyənləşməsində həlledici amillərdən olmuşdur. Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası və məfkurəsi məhz dahi rəhbər Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Dünya azərbaycanlılarının mənəvi birliyini, əqidə və əməl ortaqlığını, vətənə bağlılığını təmin edən bu məfkurənin mühüm müddəaları ümummilli lider Heydər Əliyevin "Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət"ində öz konseptual ifadəsini tapmışdır. Xalqımızın tarixi keçmişinə, müasir dövrə konseptual qiymət verilən, mənəvi dəyərlərimizi ümumiləşdirən, milli idealları əks etdirən bu tarixi sənəd bir çox önəmli cəhətləri ilə yanaşı, dünya azərbaycanlıları ilə iş üzrə fəaliyyət perspektivlərini müəyyənləşdirdi. Böyük siyasətçinin bu müraciətində, çıxışlarında milli birliyin təməl prinsipləri kimi tarixi yaddaş və varisliyin qorunması, ana dilinin inkişafı və tətbiqinin genişlənməsi, mədəni özünəməxsusluğun, etnoqrafik özəlliklərin, milli əxlaq və mənəviyyatın hifz edilməsi, həmvətənlərimizin ümummilli ideallara sadiqliyi, siyasi-iqtisadi maraqların təminatı, milli simanı və mədəniyyəti saxlamaqla, dünyaya inteqrasiyanın vacibliyi təsbit edilmişdir. Müstəqilliyinin ilk illərindən etibarən azərbaycanlıların təşkilatlanması məsələsi ilk növbədə ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Buna nail olmaq üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Heydər Əliyev də bu ideyanın həyata keçirilməsi prosesinə məhz həmin amilləri nəzərə almaqla başladı. Azərbaycan dövlətinin tarixi ənənələrinin formalaşması və onun siyasi əsaslarının mükəmməl bir ideoloji sistemin tərkib hissəsi kimi təsbit olunması milli dövlətçilik təfəkkürünün meydana gələməsində müstəsna rol oynamışdır. Milli dövlətçilik düşüncəsi isə artıq XX əsrin sonları, XXI əsrin əvvəllərində vahid ideoloji konsepsiya kimi özünü təsdiq etmişdir. Dünya azərbaycanlılarının birləşdirilməsi məhz bu ideologiyaya əsaslanırdı ki, onun şəriksiz müəllifi isə Heydər Əliyevdir. Ümummilli lidermizin böyük fədakarlıqlar bahasına ayağa qaldırdığı Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının tarixi və siyasi istinadgahına, dayaq nöqtəsinə çevrilmişdir. 2001-ci ilin mayın 23-də Heydər Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında fərmanı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə xidmət edirdi. Elə həmin il noyabrın 9 və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici ölkədə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə 406 nümyəndə və 63 qonaq iştirak etmişdir. Azərbaycan Respublikası Qurultayda 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.  Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesində əhəmiyətli dönüşə gətirib çıxaran addımlar idi. Heç şübhəsiz, Heydər Əliyev bu tarixi hadisənin reallaşdırılmasına nail olmaqla Azərbaycan diasporunun daha mütəşşəkkil şəkildə və dinamik fəaliyyətinə əsas yaratmış oldu. Vacib məqamlardan biri də bundan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bu tədbirlərin hər biri xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın gerçəkləşdirilməsində yaxından iştirakına təminat yaratmış oldu.

Bu gün fəxrlə deyə bilərik ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlanmışdır. Qurultayda ümummilli lider Heydər Əliyev azərbaycanlıların təşkilatlanması üçün bir çox vəzifələrin həllinin vacibliyini qeyd etmişdi. O, Azərbaycan icmalarının fəaliyyətini əlaqələndirmək üçün xüsusi bir dövlət orqanının yaradılması ideyasını irəli sürməklə, bu tarixi missiyanın daha müvəffəqiyyətlə həyata keçirilməsinin konkret yollarını da müəyyənləşdirmiş oldu. Bu mənada Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli Fərmanı Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə koordinasiya edilməsi və dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd idi. Qeyd etmək lazımdır ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyətinin milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirilməsinə imkan verdi. Ümummilli lider Heydər Əliyev tarixi proseslərin məntiqi ilə ortaya çıxan mövcud ictimai-siyasi vəziyyətin diqtə etdiyi şərtləri dəqiq qiymətləndirməyi bacarır və azərbaycanlıların milli birliyinin yaradılmasının çox mühüm bir vəzifə kimi qarşıda dayandığını görürdü. Ötən dövr ərzində bu sahədə əldə olunmuş nailiyyətlər Heydər Əliyevin kifayət qədər müdrik bir qərar qəbul etdiyini əyani şəkildə təsdiqləyir.

Diaspor quruculuğunun mühüm sahələrindən biri də xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hazırlanması və həyata keçirilməsidir. Bu siyasət uzun illər boyu Heydər Əliyevin bilavasitə məqsədyönlü fəaliyyəti sayəsində reallaşdırılmışdır. 2002-ci il dekabrın 27-də qəbul edilmiş "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu xaricdə yaşayan soydaşlarımız və həmvətənlərimiz qarşısında çox geniş perspektivlər açır və onların ölkəmizin milli mənafeləri ətrafında daha sıx birləşdirilməsini nəzərdə tutur. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədi ilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31