Azərbaycan diasporu daha da güclənəcək

Dünyanin müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının başlıca vəzifələrindən biri həmin dövlətlərdə ölkəmizi təbliğ etmək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya birliyinə çatdırmaq, Xocalı soyqırımını tanıtmaq, zəngin tarixi-mədəni irsimizi təbliğ etmək olmaqla yanaşı ayrı-ayrı ölkələrin cəmiyyətlərinə inteqrasiya etmək, seçkili orqanlarda təmsil olunmaqdır. Bu istiqamətlərdə son illərdə müəyyən təqdirəlayiq addımlar atılmaqdadır. Düzdür, atılan addımlar kifayətedici səviyyədə olmasa da, bu prosesi tamamilə mənfi də qiymətləndirmək düzgün sayılmaz. Bu gün bir sıra Avropa ölkələrinin parlamentlərində, yerli idarəetmə orqanları olan bələdiyyələrdə azərbaycanlı millət vəkillərinə rast gəlmək mümkündür. Xüsusilə bu proses Baltikyanı ölkələrdə qürurverici dərəcədədir. Ancaq etiraf etmək lazımdır ki,  həddən artıq mənfi nüanslar da mövcuddur. Belə ki, qonşu Gürcüstanda 500 mindən artıq soydaşımızın yaşamasına baxmayaraq bu ölkə parlamentindəki azərbaycanlı deputatların sayı erməni parlamentarilərindən dəfələrlə azdır. Və yaxud Azərbaycan diasporunun güclü olduğu postsovet ölkələrdən sayılan Ukraynanın qanunverici orqanı Ali Radada bir dənə də olsun azərbaycanlı deputat yoxdur. Halbuki say baxımından azərbaycanlılardan az olan ermənilər Ukrayna parlamentində bir neçə deputatla təmsil olunurlar. Bu kimi mövcud olan mənfi hallar Azərbaycanın haqq səsi, ölkəmizin həqiqətlərinin ayrı-ayrı ölkələrin parlamentləri səviyyəsinə çatdırılmasına əngəl yaradır. Bəs görəsən problemdən çıxış yolu nədədir və xarici ölkələrdə yaşayan yaşayan azərbaycanlıların həmin ölkələrin cəmiyyətlərinə daha yaxından inteqrasiya etməsi, onların seçkili orqanlarda iştirak edib parlamentlərdə təmsil olunması istiqamətində hansı zəruri addımlar atılmalıdır? Və yaxud bu işin daha səmərəli təşkili üçün xaricdə yaşayan azərbaycanlılarla iş hansı formada qurulmalıdır?
Ekspertlər hesab edirlər ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmin ölkələrin qanunverici orqanlarında təmsilçiliyinə nail olmaq üçün ilk növbədə o ölkələrdəki aparıcı siyasi partiya və təşkilatlarla yaxından əməkdaşlıq etmək, həmin siyasi təşkilatların üzvünə çevrilmək lazımdır. Etiraf etmək lazımdır ki, diaspor təşkilatları vasitəsilə xaricdə nüfuzlu siyasi partiya və təşkilatlarla münasibətlər qurulmasına da nail olmaq olar. Çox effektiv nəticələr verə biləcək olan bu addım lobbi mexanizminin yaranmasını da labüd edəcək. İlk növbədə Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa, Almaniya və digər inkişaf etmiş ölkələrin qanunvericilik məclislərində dostluq qrupları yaratmağa xüsusi diqqət yetirmək lazımdır. Məlumat üçün qeyd etmək yerinə düşər ki, Türkiyə Cümhuriyyətinin Birləşmiş Ştatlar Konqresində yaratdığı Dostluq Qrupunda 60-dan çox konqresmen təmsil olunur. O cümlədən Ermənistanın 50, Rusiyanın 35-dən çox dostları hazırda bu ölkələrin milli maraqlarını təmin edirlər. Azərbaycan üçün belə bir qrupun yaradılması xarici siyasətdə uğurlar əldə edilməsinə böyük yardım ola bilər.
Beynəlxalq təcrübədə daha çox tətbiq edilən Düşüncə Qrupları (Think-Tank) diasporların inkişafı ilə yanaşı, dövlətin güclü təbliğatı üçün də vacib bir qurumdur. İnsanların içinə düşdüyü və heç cür çıxa bilmədiyi bu vəziyyətdən xilas ola bilməsi üçün oxuması, düşünməsi, müzakirələr etməsi çox vacibdir. Bütün bunların ola bilməsi üçün də hər şeyin rahatca danışılıb incələndiyi bir cəmiyyətin olması vacibdir. Bu gün təhsil, səhiyyə, iqtisadiyyat, siyasət, müdafiə strategiyaları və ətraf mühit kimi həyatın hər sahəsində yeni yanaşmalara, original fikirlərə ehtiyac vardır. Bu da bol-bol beyin fırtınası hadisəsindəki kimi təfəkkür edən gənc və dinamik insanlarla olacaqdır. Bunun bir yolu da hər bir müəssisədə çox alternativli beyin fırtınalı düşüncə klublarının (Think-Tank) təşkilidir. Qərbdə gələcəyə doğru proyektlər irəli sürən bizim dilimizdə tam tərcüməsi "Düşüncə Tankı" olan "Think-Tank" quruluşları isə ölkəmizdə yox deyiləcək qədər azdır. Birləşmiş Ştatlarda 3500-ə qədər "think-tank" müəssisəsi vardır. Bunların hər biri ayrı ixtisas sahələrində, siyasətdən ictimai problemlərə, büdcədən mülki müdafiəyə qədər bir çox sahələrdə fəaliyyət göstərirlər. Məsələn, bir "think-tank" quruluşu olan Bruklin müəssəsində sadəcə dövlət büdcəsi ilə maraqlanmayıb, büdcənin hazırlanmasına kömək etməkdə və yerinə yetirilməsinə nəzarət etməkdədir. Misirdə belə bir think-tank araşdırma institunun illik büdcəsi 20 milyon dollardır. Biz də Think-tank klublarını, düşüncənin araşdırılması və təkmilləşdirilməsi müəssisələri kimi qəbul edə bilərik. Məqsəd çox düşünmək və mümkün olduqca çox fikir irəli sürməkdir. Bir baxımdan think-tanklar düşüncəsizliyə qarşı bir üsyandır. Nəticədə, ölkəmizdə bir çox mövzuda çox sayda think-tanklara və təbii ki, beyin fırtınaları meydana gətirəcək yeni kəşf və icadlara fon hazırlayacaq gənc nəslə ehtiyac olduğunu qeyd etmək yerinə düşərdi. Amerika Türk Assosiyasları Assambleyasının (ATAA) sədri Ərcümənd Qılıncın bü barədə maraqlı fikirləri var.. Onun sözlərinə görə hazırda Amerikada əksəriyyət Think Tanka müraciət edir. Səfirliklərdən fərqli olaraq Think-Tanklar rəsmi qrup sayılmır və burada  hərtərəfli məlumatlar yerləşdirilir.
Məhz bu prizmadan çıxış edərək Azərbaycan rəsmiləri də Think-Tanklarda müxtəlif seminarlar, görüşlər, konfranslar qeyri-rəsmi görüşlər, sərgilər keçirə və burada xaricdəki soydaşlarımız üçün təhsil proqramları da təşkil edə bilərlər. Beyin evi vəzifəsini yerinə yetirəcəkcək  olan Think - Tank kimi qurumların yaradılması xarici siyasət konsepsiyasında əsas yerlərdən birini mütləq tutmalıdır.
Digər vacib olan addımlardan biri Diaspor Fondu kimi qurumun təsis edilməsidir. Diaspor Fondunun yaradılması məsələsini sürətləndirmək zəruri addımlardan sayılır. Bizdə bu təcrübənin tətbiq edilməsi xərclənən pullarda və toplanan vasitələrdə şəffaflığın olması ilə yanaşı pərakəndəliyə birdəfəlik son qoya bilər. Xaricdə yaşayan soydaşlarımız içərisində bəzən onlardan pul yığılması barədə söylənilən narazılıqların aradan qalxmasında da fondun böyük köməyi olacaq. Bütün bu konkret sahələrlə paralel olaraq bir sıra məsələlər də qalır ki, həmin istiqamətlərdə də işlərin aparılması zəruri sayılır. Türk, yəhudi və digər dost diasporlarla əməkdaşlığa da ciddi fikir vermək lazımdır. Azərbaycan dövləti rəsmi səviyyədə bu addımı atmaqla özünə güclü müttəfiq qazanmaqla  yanaşı lobbiçilik sahəsində xeyli uğurlara nail ola bilər. Tez-tez dünya azərbaycanlıları barədə kataloqlar yaradılması xarici siyasət kursunun əsas priotetlərindən biridir. Bu katoloqlara xaricdə təhsil alan, işləyən azərbaycanlıların adlarının salınması da vacibdiir. Amerika-Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə dünyanın qüdrətli dövləti hesab edilən Birləşmiş Ştatlarda güclü mövqe əldə edilməsini vacib hesab edir. Uzun müddət burada iş təcrübəsinə malik olan Amerika-Azərbaycan Şurasının sədri hesab edir ki,  səfirliyin nəzdində və yaxud Think Tank daxilində diasporla məşğul olacaq məmur Amerikanın bütün ştatlarında köməkçilər tutmalı və hər bir şəhərdə yaşayan soydaşlarımız barədə ətraflı məlumat bankına malik olmalıdır.
Diaspor sahəsində çalışan, bu sahədə elmi işlə məşğul olan "Diaspor və Lobbi" Elmi raşdırmalar Mərkəzinin sədri Zaur Əliyevin sözlərinə görə,  "Qaynar Xətt" təcrübəsinin tətbiq edilməsi diasporun vətənə bağlılığını artıra bilər. Hər bir azərbaycanlı istənilən zaman pulsuz olaraq "qaynar xətt" vasitəsilə səfirlik, yaxud Think Tankla əlaqə saxlaya, problemləri söyləyə və Amerikada keçirilən tədbirlər barədə ətraflı məlumat əldə bilər. Yəhudi, erməni, Çin diasporlarının tətbiq etdiyi bu sistemdən Azərbaycanın istifadə edilməsinə böyük ehtiyac var. Diaspor mövzusunu tədqiq edən mütəxəssislər hesab edirlər ki, hər bir ölkə üçün normal halda vətəndaşların həmrəy olması və onunla əlaqənin itirilməməsi üçün 430 məktəb, 170 litsey, 32 ali təhsil müəssisəsi, 17 teatr, 40-a yaxın qəzet, 30-35 məscid, 5 mədrəsə, 4 telekanal, 10 radio və digər vasitələr lazımdır. Bu günkü Azərbaycan diasporunun göstəriciləri isə yuxarıda qeyd edilən normadan qat-qat aşağıdır və bunun ortadan qaldırılması üçün mütləq yüksək səviyyədə tərtib edilən xarici siyasət konsepsiyası hazırlanmalı, həyata keçirilməlidir. Bunu ilk növbədə 50 milyonluq diasporumuzun nümayəndələri və milli dövlətçilik maraqları tələb edir.
Müasir dövrdə diaspor quruculuğunun konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ çox işlər görülməlidir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəçəkdir. Buna həm Azərbaycan dövlətinin maddi imkanları çatır, həm də insan resurları kifayət qədərdir.
Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31