Diaspor təşkilatlarını ətrafında sıx birləşdirilən konqreslərin yaradılması diasporun inkişafına təkan verən amillərdəndir
11 Sentyabr 2013 16:48 DiasporaBu gün ölkənin xarici siyasət kursunda diasporla iş prinsipinin necə qurulması ilə bağlı müxtəlif yanaşmalar ortaya qoyulur. Mütəxəssislərin bu məsələ ilə bağlı fərqli fikirləri səsləndirilir. Bəs görəsən Azərbaycan Respublikası xarici siyasət kursunda diasporla iş aparmaq prinsipləri necə tərtib olunmalıdır? Bunun üçün ilk olaraq azərbaycanlıların vətəndaşlıq mənsubiyyəti mütləq nəzərə alınmalıdır. Eyni zamanda azərbaycanlıların məskunlaşdığı dövlətlərin siyasi sistemi, Azərbaycan Respublikasına olan münasibəti, burada məskunlaşan soydaşlarımızın mühacirət səbəbi, sosial-iqtisadi durumları, Vətənə münasibətləri və s. səbəblər ciddi olaraq öyrənilməlidir. Dövlət xarici siyasətində tez-tez statistik araşdırmalara diqqət yetirməlidir. İlk olaraq - informasiya sahəsinə xarici siyasət konsepsiyasında mühüm yer ayırmaq lazımdır. Qeyd etdiyimiz kimi informasiya sahəsində irəlidə olmaq bütün problemlərin həll olunmasına nail olmaq üçün atılan zəruri addımdır. Məlumdur ki, hazırda Azərbaycan diasporuna məxsus 30-dan çox ölkədə informasiya işinin aparılması üçün TV-Radio kanallar, qəzet-jurnallar, internet saytları və s. vasitələr mövcuddur. Lakin saytların primitiv dizaynı, hər bir saytın məğzinin yalnız mədəniyyət və öz-özünü öymələrdən ibarət olan açıqlamalar təşkil etməsi qloballaşan dünyada özünü sübut etməyə yetərli deyil. Bu barədə Danimarkada Azərbaycan diasporunun yaradıcılarından olan Yaşar Azəroğlu maraqlı fikirlər irəli sürür. Onunla bu istiqamətdə aparılan müzakirələr zamanı saytların 4 dildə məlumatları özündə əks etdirməyin zəruri olduğu aşkar olur. Yaşar Azəroğlunun təklif etdiyi Azərbaycan, rus, türk və fars dillərində saytların tərtib edilməsi birbaşa vətəndaşlıq mənsubiyyəti ilə bağlıdır. Azərbaycan diasporunun bir hissəsinin fars, bir hissəsinin isə rus-türk təhsilli olması, onların anlaya bildiyi dildə məlumatlarla onları təmin edilməsinə xidmət edir.
Müasir dünyada təbliğatın ən əsas vasitəsi televiziya kanalları sayılır. Avropa və Amerika ölkələrində televiziya kanalı açmaq çox maliyyə tələb edir. Lakin hər hansı bir kanalda müəyyən vaxt əldə etmək üçün yalnız bu ölkələrdə yaşayan diaspor təşkilatlarının müraciəti yetərli olar. Ancaq bu verilişlərin yayım dairəsi müəyyən şəhərin hüdudları çərçivəsində olur. Hazırda Almaniyanın Boxum şəhərində ASAV təşkilatı yerli TV kanalda vaxt hüququnu əldə edib. Bu TV vasitəsilə yayımlanan verilişlərin bütün Almaniyada baxılması üçün isə mütləq Almaniyada Konfederasiya və ya Federasiya halında birləşən qrupların müraciəti önəmlidir. Televiziyadan fərqli olaraq yerli, yaxud ölkə radiosunda vaxt almaq, daha asandır, sadəcə olaraq təşkilat adından müraciət hazırlamaq və yayımlanan verilişlərin proqramını təqdim etmək bəs edər.
"Diaspor və Lobbi" Elmi Araşdırmalar Mərkəzinin sədri Zaur Əliyev deyir ki, internet saytları açmaqda isə heç bir məhdudiyyət yoxdur. Müəyyən məbləğə satılan domenlər və yaxud pulsuz olaraq xidmətə verilən saytları açmaq üçün yalnız vaxt və səbr lazımdır. Bu gün Azərbaycan diasporuna məxsus 1000-dən çox sayt var və onların saytı gündən-günə artsa da, məzmunda heç bir dəyişikliklər baş vermir. Bunun aradan qalxması üçün dövlət müxtəlif müxtəlif elmi-tədqiqat mərkəzləri və qurumlara xaricdə yaşayan soydaşlarımızın sərbəst çıxışını təmin etməlidir. Azərbaycanla əlaqəli saytı yaratmaq istəyən diaspor təşkilatları və yaxud fərdi şəxslərin üzləşdiyi ən böyük problem tarix, mədəniyyət və s. ilə bağlı dolğun və səhih məlumatların yoxluğudur. Bu səbəbdən də digər saytlardan plagiatlıq nəticəsində informasiyaların götürülməsi saytların bir qrafikasında olan ədəbiyyatların elektron versiyasını müəyyən qrumlar sərbəst olaraq hər bir sayt yaradıcısına təqdim etməlidir. Bü saytlarda isə ilk olaraq Dağlıq Qarabağ münaqişəsi ön planda durmalı və bir-birlərinə çıxış-linkləri olmalıdır: "Qəzet-jurnal nəşr etmək də elə çox maliyyə tələb etmir. Bu işdə dövlətin xüsusi fondu olmalıdır ki, diaspor təşkilatlarına qismən yardım etməklə rus, ingilis, fars dilli mətbuat təsis edə bilərlər. Bu mətbuat orqanlarına hər bir diaspor nümayəndəsinin çıxış əldə etmək hüququ olmalı, burada dərc edilən yazılarda müstəqil fikirlərin əks edilməsində əngəlliklər olmamalıdır. Kitab, broşur və digər məlumatlandırıcı materialların çıxışına da xüsusi yer vermək lazımdır. Azərbaycan barədə dolğun məlumatların əks olunduğu kitabların çap edilməsi diasporla əməkdaşlıq strategiyasında özünəməxsus mövqe tutmalıdır. Hazırda xaricdə yaşayan soydaşlarımız içərisində elə dəyərli alimlər var ki, onların kitabı dövlət səviyyəsində maliyyələşməsi diasporun digər üzvlərinin Azərbaycana münasibətində müsbət dəyişikliklərə nail olmaq olar. Həmçinin incəsənət sahəsində diasporla əməkdaşlığa ciddi fikir verilməklə, onların bu istiqamətdə həmrəyliyinə nail olmaq olar. Etiraf edək ki, son 15 ildə Azərbaycanla bağlı bir-iki sənədli film çıxsa, bu istiqamətdə boşluq hiss olunur. Diaspor təşkilatları incəsənətə çox meyilli olsalar da burdan lazımi səviyyədə istifadə etmək iqtidarında deyillər. Bu günə qədər diaspor nümayəndələri Azərbaycan filmlərinin həftəsini yaşadıqları ölkələrdə təşkil edə bilmirlər. Və yaxud hər hansı bir mükafat təsis edib, onu daha çox seyrici kütləsi qazanan filmə təqdim etməyiblər. Bunlarla paralel olaraq onların çox hissəsi öz köməkliklərini təklif etməsindən istifadə edərək, bəzi Azərbaycan filmlərinin xarici dillərə tərcümə etməsi işinə onları cəlb etmək olar. Teatrla bağlı isə kiçik bir teatr truppası təşkil edib, diaspor nümayəndələri üçün vaxtaşırı səhnə əsərlərinin təqdim edilməsindən istifadə etmək olar. Paralel olaraq musiqili-ədəbi gecələrin təşkil edilməsi məsələsinə xarici siyasət konstitusiyasında yer ayırmaq zəruridir. Son zamanlar Azərbaycan təşkilatlarının istifadə etdikləri musiqili gecələrin, konsert turnelərinin, musiqi festivallarının keçirilməsi işini daha da fəallaşdırmaq mütləq addımdır. Çünki musiqidən güclü təbliğat yoxdur. Azərbaycan barədə güclü təbliğat xaricdə Workshop adlanan istirahət-təbliğat vasitələrindən də məharətlə istifadə etmək olar. Bunun üçün Azərbaycan rəqslərinin bilicilərini bir müddətə xarici ölkələrə səfərinin dövlət tərəfindən maliyyələşdirərək Azərbaycan diasporunun gənc nümayəndələrini bura dəvət edib, onlara milli rəqsləri elmi və ədəbi formada təbliğ etmək olar. Eyni zamanda xarici gəncləri də bu işə cəlb etmək məqsədə uyğun olar. İncəsənət sahəsində təbliğatın başqa bir qolu olan foto-rəsm sərgilərinin keçirilməsidir. Foto festival tərəfindən daha çox yararlanan yəhudi, yunan və irland faktorlarıdır ki, onların tutduqları mövqe bəllidir. Müxtəlif idman yarışlarının təşkili, festivalların başqa millətlərlə birgə keçirilməsi, diaspor nümayəndələrinin həftə sonu görüşlərinin təşkili, dil kursları açmaq, kitabxanalar yaratmaq və bura sərbəst gəliş-gedişi təmin etmək, milli mətbəxin təbliği məqsədilə hansısa bir mərkəzdə müxtəlif xörəklər bişirib, pulsuz olaraq paylamaq, xarici vətəndaşları çay süfrəsi axşamlarına dəvət etmək və s. kimi vasitələrin xarici siyasət konsepsiyasında əks olunmaq Azərbaycan diasporunun güclənməsi ilə yanaşı dövlətimizin təbliği işinə çox böyük yardım olacaq".
Göründüyü kimi qanunvericilik sahəsində dövlət ilk addımları atıb. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması və Qanunun qüvvəyə minməsində görə bilərik. Lakin bəzi nüanslar, xaricdə yaşayan soydaşlarımızın vətənə güzəştli qaydada gəlib-getməsində, torpaq alıb tikinti işi aparmasında, investisiya məsələsində iqtisadi maraqlarının təmin olunmasında hüquqi qaydada bir sıra qərarlar qəbul edilməli və dövlətin birbaşa dəstəyi və nəzarəti onlar üzərində olmalıdır. Təhsil sahəsinə də xüsusi diqqət yetirmək lazımdır. Müşahidələrimizə görə son bir neçə ildə Azərbaycan ali məktəblərinin diplomlarını əldə etmək istəyən soydaşlarımızın sayı artmaqdadır. Onlar üçün güzəştli şərtlər verməklə yanaşı, xaricdə təhsil alan diaspor nümayəndələri ilə sıx bağlı olan tələbələrimiz üçün dəstək verməklə, universitetlərdə Azərbaycanla bağlı guşələr açmaq, kitab sərgisi təşkil etmək, rəsm-foto festivallar keçirmək, Azərbaycanla bağlı bilgi əldə etmək istəyən əcnəbilər üçün köməkliklər göstərilməsinə xarici siyasət konsepsiyasında özünəməxsus diqqət verilməlidir. Dil kursları açmaq və Azərbaycan dili ilə paralel xarici dillərdə çap olunan elmi-bədii ədəbiyyatları nəşr etmək, virtual universittlər təsis etmək görülməsi zəruri olan işlərdən hesab edilir. Məktəblərarası dostluq və mübadilə proqramından da istifadə edilsə uğurlu nəticələr əldə etmək olar.
Bu bir danılmaz faktdır ki, təşkilati sahədə xarici siyasətdə müəyyən irəliləyişlər hiss olunur. Son zamanlar bir sıra ölkələrdə yeni təşkilatların və bu təşkilatlar ətrafında sıx birləşdirilən konqreslərin yaradılması diasporun inkişafına təkan verən amillərdəndir. Lakin burada bəzi neqativ hallar da var ki, bu da təşkilatlar arasında ayrı-seçkiliyə yol verilməsidir. Bəzən isə yaradılan təşkilatlarda iqtidar-müxalifət meyllərinin təzahür edilməsi diaspordaxili problemləri ortaya çıxarır. Belə neqativ halların aradan qaldırılması üçün mütləq siyasi baxışların müstəqilliyi qorunub saxlanılması, onlara yalnız dövlətçilik mövqeyindən çıxış etməyi təklif etmək düzgün olardı.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir