“Beynəlxalq siyasətin tərkib hissəsi kimi diaspora təşkilatlarının rolu əvəzedilməzdir” - MÜSAHİBƏ

Zaur Əliyev: “Diaspor mövcud imkanlarının ortaya qoyaraq həmin ölkə ilə Azərbaycanın iqtisadi siyasətini əlaqələndirir”

"Diaspor təşkilatlarının başqa güclü tərəfi isə regional əlaqələrin qurulmasına nail olunmasıdır"

Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları ilə iş dövlətin və onun müvafiq strukturlarının qarşısında duran mühüm vəzifələrdən biridir. Müntəzəm olaraq bu istiqamətdə atılan addımlar xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması işinə öz müsbət təsirini göstərir. Bəs görəsən xaricdə yaşayan azərbaycanlılarla aparılan işi qaneedici saymaq olarmı? Ümumiyyətlə bu istiqamətdə vəziyyət necədir?  "Diaspor və Lobbi" Elmi Araşdırmalar Mərkəzinin sədri Zaur Əliyev deyir ki, Azərbaycan dövləti yarandığı ilk gündən etibarən təkcə respublika vətəndaşlarının deyil, ümumiyyətlə, bütün dünya azərbaycanlılarının yeganə milli varlıq simvolu,  onların milli qürur mənbəyi və etibarlı istinad mərkəzi, himayədarı kimi çıxış edir: "Təssadüfi deyil ki, dövlətimiz dünya azərbaycanlılarının ümummilli  mənəvi birliyi və həmrəyliyi ideyasının əsas strateji mərkəzlərdən biri kimi götürüldüyünü, bu cür həmrəyiyin  dövlətimizin və xalqımızın ən ali məqsədlərindən biri olduğunu rəsmən bəyan etmişdir. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi keçirilməsi, Dünya Azərbaycanlılarının I Qurultayının 2001-ci, II Qurultayının isə 2006-cı ildə keçirilməsi, Diasporla İş Üzrə Dövlət Komitəsinin yaradılması və ən əsası Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında Qanunun mərhum prezident Heydər Əliyev tərəfindən imzalanması dövlət üçün diaspor probleminin nə dərəcədə aktual olduğunun  bariz göstəricisidir. Azərbaycan dövləti bu addımları atmaqla çoxsaylı və geniş imkanlara malik olan diasporumuzla qarşılıqlı, faydalı, hərtərəfli, intensiv və ardıcıl əlaqələr qurmaq istiqamətində maraqlı olduğunu nümayiş edirir. Ancaq bu gün diasporumuzun üç mərkəzçilik (vətəndaşlıq mənsubiyyətindən asılılıq) faktoru kimi formalaşması səbəbilə xarici siyasət kursunda tam olaraq müəyyənləşdirilmə aparılmayıb. Azərbaycan dövlətinin öz milli kimliyini qoruyub saxlaması və bu gün dünya birliyində layiqli yer tutması üçün mütləq yeritdiyi xarici siyasət konsepsiyasına diasporla bağlı münasibətdə redaktələr edilməlidir". Ekspert deyir ki, xarici siyasətdəki strateji hədəflərimizin mürəkkəbliyi bir sıra taleyüklu məsələlərdən qaynaqlanır: "Ancaq yeni yaranmış bir dövlətdən beynəlxalq siyasəti nəzərə almadan xüsusi tələbli istəklər tələb etmək də doğru deyil. Güney Azərbaycan, Dağlıq Qarabağ və digər regional problemlər və proseslər fikirlərimizi təsdiq edir. Məhz bütün bu prosesləri nəzərə alsaq diospor hərəkatını qeyri hökümət təşkilatlarının imkanları ilə yaratmaq daha əlverişli olar. Xüsusilə dövlətin xarici siyasətinin buradakı rolu vahid mərkəzdən idarə olunan bir təşkilatı xarakterizə edər. Dövlət maddi və siyasi dəstəyini potensial şəkildə diospor-lobbi təşkilatlarına dəstək kimi ortaya qoyaraq bu prosesi sürətləndirir. Diaspor-lobbi siyasətinin mahiyyəti buradakı insanların sosial sifarişlərinə siyasi dəstəyi qazanmaq bu istiqamətdə təşkilatlanaraq eyni zamanda mənsub olduqları millətin dövlətinə xaricdə xidmət etmək kimi qəbul olunur". Zaur Əliyev bildirib ki, günümüzdə ən doğru şəkildə təşkilatlanmağı bacaran bir sıra diasporlar mövcuddur: "Ümumiyyətlə bu təşkilatlanmalar 2 istiqamətdə həyata keçirilir, mahiyyətcə isə eyni istiqamətə hesablanmış hərəkətdir. Məsələn, Böyük Britaniya, Birləşmiş Ştatlar və Çin hazırki şəraitdə maliyyə siyasəti ilə diaspor və lobbi quruculuğunu həyata keçirirlər. Bu zaman onlar sosial bazası olmadanda güclü hərəkət edir, ayrı-ayrı korparasiyalarla hətda həmin dövlətin xarici siyasətinə belə təsir edirlər. Buna daha çox korparativ üçbucağıda deyirlər ki, məntiqlə bu vəhşi kapitalizm üzərindəki lobbi quruculuğudur. Nisbətən zəif və kiçik olan millətlər isə diaspor lobbi siyasətini tamam başqa aspektdən həyata keçirirlər. Məsələn onlar həmin ölkələrin ictimai siyasi həyatlarına inteqrasiya edir, parlament və dövlət strukturlarına can atırlar. Yəhudilər, Ermənilər və sair buna misaldır. Tarixi strateji proseslərin ideoloji siyasi cərəyanlara yaxın olduğu dövr məsələn 1908-14-cü illərdə indiki Almaniya və Avstraliya ərazisində olmuşdur. Etiraf edək ki, həmin dövrdə 47 milyonluq Avstraliya imperatorluğunu bir neçə milyonluq yəhudilər idarə edirdi". Mərkəz rəhbərinin sözlərinə görə, diaspor təşkilatlanmalarını həyata keçirmək üçün dövlətlərin rolu daha cəzbedici görünür: "Burada dövlət xarici siyasətini sistemli şəkildə həmin ölkələrdəki diaspor qurumları ilə həyata keçirir, yalnız maddi və mənəvi dəstəyi daim ikinci planda saxlayır. Beynəlxalq siyasətin tərkib hissəsi kimi diaspora təşkilatlarının rolu əvəzedilməzdir. Təsəvvür edin ki, Azərbaycanın hər hansı bir xarici ölkədəki diaspor qurumu həmin ölkənin ali qanunverici orqanları ilə sıx əlaqədədir və eyni zamanda bu orqanda potensial bazaya malikdir. Belə olduğu təqdirdə diaspor mövcud imkanlarının ortaya qoyaraq həmin ölkə ilə Azərbaycanın iqtisadi siyasətini əlaqələndirir. Burada məntiqlə əsas hədəf odur ki, iqtisadi baxımdan sistemli şəkildə qarşılıqlı fəaliyyət göstərən dövlətlər istər istəməz xarici siyasətində bir-birlərinin maraqlarını nəzərə alır və bu siyasəti daima korrektə edir. Diaspor təşkilatlarının başqa güclü tərəfi isə regional əlaqələrin qurulmasına nail olunmasıdır. Qeyd etdiyimiz kimi, hər bir diaspor öz dövləti ilə, yaşadığı ölkə arasında faydalı dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasında və mövcud münasibətlərinin genişləndirilməsində pozitiv, bəzən isə müstəsna rol oynaya, stimul kimi çıxış edə, eləcə də ana vətənlərinin sosial-iqtisadi, mədəni və hüquqi-siyasi quruculuq işində yaxından iştirak edə bilər. Bu gün əhalisinin 60 milyonu xaricdə məskunlaşmış Çin Xalq Respublikası, Macarıstan, Hindistan, Yunanıstan, Ermənistan, İsrail, Rusiya, Portuqaliya və digər aparıcı diasporlara malik dövlətlərin xarici siyasət konsepsiyalarına diasporları ilə əməkdaşlıığın qurulmasına dair bir çox bəndlər daxildir". Zaur Əliyev qeyd edib ki, Azərbaycan dövləti gənc olmasına baxmayaraq 1991-ci ildən bu günə qədər fəaliyyət göstərdiyi müstəqillik illərində bu istiqamətdə çox önəmli addımlar atıb: "Lakin diasporumuzun hələ də tam olaraq birləşməməsi, vətəndaşlıq mənsubiyyəti problemlərini çözülməməsi, dövlətlə diasporun münasibətində bəzi tərəddüdlərin olması və digər məsələlərin həllində boşluqlar olması xarici siyasət konsepsiyasında dəyişikliklərin edilməsinə ehtiyac var. İlk olaraq Azərbaycan dövlətinin diasporla bağlı qəbul edilən qanun layihəsini nəzərdən keçirək. Çox mükəmməl tərtib edilən qanun layihəsi bir başa xaricdə yaşayan azərbaycanlılara şamil olunur. Dövlət qanunun tərtib edilməsi zamanı milli təhlükəsizlik və dövlətçilik amili önə çəkilib. Bu öz-özlüyündə müsbət haldır, lakin unutmaq lazım deyil ki, Azərbaycan diasporu deyiləndə Şimali-Cənubi və Türkiyədən müxtəlif illərdə mühacirət prosesinə qoşulan soydaşlarımızda yanaşı, Gürcüstan və Rusiya ərazisi kimi qəbul edilən Borçalı və Dərbənd azərbaycanlıları nəzərdə tutulur. Azərbaycan Respublikasının Qanunun dolayısı olaraq bu şəxslərin  müdafiəsi də nəzərdə tutulur. [maddə 1; bənd 5] Lakin dövlət birbaşa olaraq Rusiya, İran və Gürcüstanda yaşayan soydaşlarımızı diaspordan ayıra bilməz. Çünki sərhəd və diplomatik bağlılığı olan dövlətlər arasında ərazi-milli münaqişəsinin hazırkı dövrdə baş verməsi Azərbaycan üçün müsbət dividentlər gətirə bilməz. Buna görə də dövlət ikili vətəndaşlıq məsələsində bir qədər ehtiyatlı davranır. Lakin onları kənarlaşdırmır da. Qanunda bu məsələyə AR Konstutisiyasının 6-cü maddəsinin I hissəsni əsas götürülərək, hər bir diasporun nümayəndəsi Azərbaycanda olan zaman ölkə vətəndaşları kimi eyni hüquqa malikdirlər". Mərkəz rəhbəri deyir ki, Azərbaycan Respublikası Qanunu hüquqi dövlətçilik baxımından yüksək səviyyədə tərtib edilməsinə baxmayaraq, diasporla əməkdaşlığın gücləndirilməsi istiqamətində beynəlxalq təcrübədə mövcud strateji xəttlər var ki, qeyd etdiyimiz kimi, dövlət bunu dolayısı yolla həyata keçirə bilər: "Qeyd olunanlar bir daha təsdiqləyir ki, müasir Azərbaycan dövləti dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının hüquqlarını müdafiə etməyi, soydaşlarımızın problem və qayğılarının həllinə yardım göstərməyi özünün prioritet vəzifələrindən biri elan etmişdir. Hazırda bu işin aparılması üçün bir çox beynəlxalq aləmdə tanınan diaspor təşkilatları var. Dünya Azərbaycanlıları Konqresi, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası, Avropa Azərbaycanlıları Konqresi və s. vasitəsilə dövlət rəsmən açıqlaya bilmədiyi xarici siyasət konsepsiyasını reallaşdıra bilər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31