Diaspor təşkilatları Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında aktivliyi artırırlar
Artıq bu istiqamətdə uğurlu nəticələr əldə edilir
16 Avqust 2013 16:34 DiasporaDünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının artıq müdafiədən hücum taktikasına keçməsi bir sıra dövlətlərin rəsmi qurumlarında Azərbaycanın haqlı mövqeyini müdafiə edən qərarların qəbulu, Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanatların səsləndirilməsinə yol açır. Aparılan məntiqli və uğurlu işin nəticəsidir ki, artıq bir sıra dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə rəsmi Bakının mövqeyindən çıxış edirlər. Elə bir müddət əvvəl Ermənistanda səfərdə olan Moldova Respublikasının Ombudsmanı Aurelia Qriqoriuyanın heç nədən çəkinməyərək işğalçı ölkənin parlamentində Azərbaycanın mövqeyindən çıxış etməsi bunun əyani sübutudur. Xatırladaq ki, 2013-cü il iyunun 4-də xanım Qriqoriu Ermənistanın Konstitusiya Məhkəməsinin təşkil etdiyi "Avropa Şurasının üzvü olan ölkələrdə hüquq aliliyi və sərhədlərə dair Avropa standartlarına uyğun mülahizə" adlı beynəlxalq konfransda çıxış edib. O, Ermənistan hakimiyyətini Azərbaycanın ərazilərini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırım törətməkdə ittiham edib, onu təcavüzkar kimi qiymətləndirərək Ermənistanın beynəlxalq hüquqlara riayət etmədiyini bildirib. Ermənistan parlamentində çıxışından sonra Aureliya Qriqoriu təzyiqlərə məruz qalaraq onun ölkəni tərk etməsinə əngəllər yaradılıb. Moldova Parlamentinin səlahiyyətli üzvü təhlükə və təqiblərə məruz qalaraq, hətta şantaj edilərək, ondan Ermənistandan rəsmi şəkildə üzr istəməsi tələb olunub, əks halda qisas alınacağı bildirilib.
Qürurverici məqamlardan biri isə ondan ibarətdir ki, əldə edilən nailiyyətlərlə kifayətlənməyən Azərbaycan diaspor təşkilatları daha da aktivlik nümayiş etdirir, Dağlıq Qarabağ məsələsi, Ermənistanın işğalçılıq siyasətini çılpaqlığı ilə dünya ictimaiyyətinə açıb göstərməyə çalışırlar. Moldovalı ombudsmanın məlum açıqlamasından sonra ona qarşı yönələn erməni təzyiqləri də Azərbaycan diaspor təşkilatları tərəfindən pislənilib və erməni təxribatlarının qarşısının alınması istiqamətində məqsədyönlü addımlar atılıb. Belə ki, məlum hadisə ilə bağlı Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinə müraciət edib. Müraciətdə bildirilib ki, Avropa Azərbaycanlıları Konqresi Moldova Parlamentinin hüquq müdafiəçisi və Ombudsmanı Aureliya Qriqoriunun Ermənistan Parlamentindəki çıxışından sonra baş verən hadisələrdən narahatdır. Avropa Azərbaycanlıları Konqresi hesab edir ki, Ermənistan hakimiyyətinin bu cür reaksiyası və baş verənlər dövlət səviyyəsində təşkil olunan terror aktından başqa bir şey deyil. Ermənistanda baş verən bu hadisə onu təsdiq edir ki, bu ölkədə nəinki hələ də beynəlxalq hüquq qaydalarına, eləcə də inkişaf etmiş mədəni cəmiyyətin elementar etik normalarına riayət və hörmət olunmur. Avropa Azərbaycanlıları Konqresi bu hadisədə günahkar olan erməni təhrikçilərini pislədiyini bildirir və Avropa Parlamentini Moldova Ombudsmanı Aurelia Qriqoriunun obyektiv və ədalətli çıxışını, eləcə də onun söz azadlığı hüququna malik olmasını dəstəkləməyə çağırır. AAK Avropa Parlamentinə, siyasi və sosial institutlara, bütövlükdə Avropa ictimaiyyətinə müraciət edərək dəvət edilmiş parlament üzvünün çıxışına qarşı Ermənistanın qəddar, ədəbsiz və yanlış reaksiyasına diqqət yetirməyə və etiraz etməyə çağırır, bu hərəkətlə demokratik, diplomatik və ümumbəşəri normaların və dəyərlərin kobud şəkildə pozulduğunu bildirir və bu hərəkəti dövlət səviyyəsində törədilmiş terroru aktı kimi qiymətləndirməyi tələb edir.
Litvadakı Azərbaycan diasporu isə bu ölkənin qanunverici orqanında "Dağlıq Qarabağ dostluq qrupu"nu zərərsizləşdirmək üçün qəti tədbirlər görür. Məlum olduğu kimi bu ilin martında Litva Respublikasının Seymində 12 nəfər millət vəkili tərəfindən "Dağlıq Qarabağla parlament dostluq qrupu" yaradılıb. Bundan dərhal sonra Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyev və "Litva - Azərbaycan" Assosiasiyasının prezidenti İmantas Melyanas buna qəti etirazını bildirərək Litva Respublikası Seyminin rəhbərliyinə Azərbaycan təşkilatları adından birgə sorğu göndəriblər. Onlar həmin məktubda Litva Seyminin fəaliyyətini tənzimləyən Qanunda heç bir "parlament dostluq qrupunun" yaradılmasının nəzərdə tutulmadığını göstərərək Litva parlamentinin divarları arasında sözügedən qurumun hansı hüquqi əsaslarla yaradıldığını və statusu haqqında izahat verməyi tələb ediblər. Azərbaycan təşkilatlarının rəhbərləri Seymin Nizamnaməsində təsbit olunmuş tələblərə uyğun olmayan bu cür strukturların fəaliyyətinə son qoymaq üçün optimal tədbirlərin görülməsi ilə bağlı konkret təkliflər də irəli sürüblər. Bu barədə Litva Yəhudiləri İcmasının Şura üzvü, "Litva - Azərbaycan" Assosiasiyasının həmtəsisçisi, Litva Xalqları İnformasiya Palatası (İNFORUM) İdarə Heyətinin sədri Vitaliyus Karakorskisin Diasporla İş üzrə Dövlət Komitəsinə göndərdiyi məlumatda da qeyd olunub. Vitaliyus Karakorskisin məlumatında daha sonra bildirilir ki, Seymin Sədri Vidas Gedvilas həmin sorğunun cavablandırılması və müraciətdə göstərilmiş təkliflərə Seymin müvafiq fəaliyyət reqlamenti əsasında baxılması məsələsini Parlamentin Xarici İşlər Komitəsinə, eləcə də Hüquq və Hüquq qaydaları Komitəsinə tapşırmışdı. Bu günlərdə isə Litva azərbaycanlıları cəmiyyəti və "Litva - Azərbaycan" Assosiasiyası Seymin göstərilən komitələrindən rəsmi cavab məktublarını alıb. Parlamentin Xarici İşlər Komitəsinin sədri, iqtidarda olan Litva Sosial Demokrat Partiyası fraksiyasının təmsilçisi, Vilnüs Universitetinin sabiq rektoru, akademik Benediktas Yodka tərəfindən imzalanmış məktubda göstərilir ki, "Dağlıq Qarabağla parlament dostluq qrupu" onun rəhbərlik etdiyi Xarici İşlər Komitəsi tərəfindən "parlamentlərarası əlaqələr üzrə işçi qrupu" qismində tanınmır. Belə ki, "parlamentlərarası əlaqələr üzrə işçi qrupları" yalnız de yure tanınmış dövlətlərin parlamentləri ilə yaradılır. Buna görə də Seymin Sədri rəsmi tanınmamış "Dağlıq Qarabağ Respublikasının" parlamentinə göstərilən qrupun yaradılması barədə məlumat göndərməmişdir". Seymin Hüquq və Hüquq qaydaları Komitəsinin sədri, tanınmış hüquq mütəxəssisi Yulyus Sabatauskasın imzaladığı rəsmi sənəddə isə konstatasiya olunur ki, "Dağlıq Qarabağla parlament dostluq qrupunun yaradılmasının hüquqi əsasları Litva Respublikası Seyminin Əsasnaməsində təsbit olunmuş hüquqi tələblərə uyğun deyil. Belə ki, həmin tələblərə görə "parlamentlərarası əlaqələr üzrə qruplar" yalnız hüquqi baxımdan tanınmış dövlətlərin parlamentləri ilə qurula bilər. Buna görə də, həmin qurum "parlamentlərarası əlaqələr üzrə qrup" olaraq qəbul edilmir və heç bir vəchlə Litva dövlətinin rəsmi mövqeyini əks etdirmir. Seymdə parlamentlərarası əlaqələr üzrə qrupların yaradılması qaydalarının optimallaşdırılması ilə bağlı Litva Azərbaycanlıları Cəmiyyəti və "Litva - Azərbaycan" Assosiasiyası tərəfindən irəli sürülmüş təkliflər Seymin Nizamnaməsi təkmilləşdirilən zaman nəzərə alınacaqdır. Vitaliyus Karakorskisin qənaətinə görə, Seymin Komitələrinin çıxardığı bu nəticələr və Litva azərbaycanlıları diasporuna ünvanladığı cavablar "Dağlıq Qarabağla parlament dostluq qrupu" ilə bağlı erməni ekspansionist qüvvələri tərəfindən Litvada qurulmuş planların və onların Seymdəki bir sıra muzdlu havadarlarının göstərdikləri səylərin faktiki olaraq iflasa uğramasını göstərir. Xüsusilə vurğulamaq lazımdır ki, 1990-cı ilin martın 11-də Litvanın Dövlət müstəqilliyi bərpa olunduqdan sonra ötmüş 23 ildən artıq bir zaman ərzində ilk dəfədir ki, bu ölkənin ali qanunverici orqanı ictimai təşkilatların Seymə ünvanladıqları müraciətdə ifadə olunmuş tənqidi fikirlərin düzgünlüyünü və irəli sürülmüş təkliflərin əsaslı olduğunu etiraf etməyə vadar olmuşdur. Düşünürük ki, həmin təkliflər yaxın zamanda Litva Respublikası Seyminin Nizamnaməsində müvafiq dəyişikliklərin edilməsinə gətirib çıxaracaqdır.
Qeyd olunmalıdır ki, Seymdə "Dağlıq Qarabağla parlament dostluq qrupunun" ləğv edilməsi üçün görülən bu qəti tədbirlər Litva Azərbaycan diasporunu Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev və "Litva-Azərbaycan" Assosiasiyasının prezidenti İmantas Melyanas Moldova Respublikasının Ombudsmanı Aurelia Qriqoriuya təşəkkür məktubu göndərib. Məktubda deyilir: "Çox hörmətli Aurelia Qriqoriu, Litva Azərbaycanlıları Cəmiyyəti və "Litva-Azərbaycan" Assosiasiyası Sizə dərin ehtiramını bildirir və iyulun 4-də Ermənistan parlamentindəki çıxışınız zamanı Ermənistanım Azərbaycana qarşı təcavüzünü, insanlığa zidd cinayətlər törətdiyini bəyan etməklə göstərdiyiniz cəsarət və prinsipiallığınıza görə təşəkkür edir. Ümid edirik ki, Sizin bu xeyirxah addımınız hələ də təcavüzkarla bu təcavüzdən əziyyət çəkəni ayırd edə bilməyən Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Avropa Şurası, ATƏT, NATO-nun digər rəsmi şəxsləri və bu təşkilatlara üzv dövlətlər üçün bir örnək olacaq".
Məktubda həmçinin, Aurelia Qriqoriunun Litva Azərbaycanlıları Cəmiyyəti və "Litva-Azərbaycan" Assosiasiyasının fəxri üzvü elan olunduğu bildirilir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir