Azərbaycan dövləti diaspora fəaliyyətinə lazımi dəstək verir

Diaspora təşkilatlarımız ölkə həqiqətlərinin carçısına çevriliblər

Azərbaycanın müstəqil dövlət statusuna sahib çıxması və hazırda dünyada baş verən proseslərin müxtəlifliyi diasporun önəmini daha da artırıb. Xüsusən ölkəmizin üzləşdiyi haqsız münaqişə diaspora fəaliyyətinin daha da genişlənməsini zəruri edir. Ermənistan kimi məkrli düşməni olan Azərbaycan üçün güclü diasporun mövcudluğunun əhəmiyyəti olduqca böyükdür. Bu səbəbdən də Azərbaycan diasporunun inkişaf etməsi, güclənməsi xüsusi əhəmiyyət kəsb edir. Yalnız bu halda ölkə həqiqətlərinin, üzləşdiyimiz faciələrin, eyni zamanda mədəniyyətimizin, tariximizin və digər sahələrdəki uğurlarımızın dünya ictimaiyyətinə çatdırılmasına daha tez nail ola bilərik. Sirr deyil ki, hətta bir sıra inkişaf etmiş dövlətlər də öz milli maraqlarını diasporlar vasitəsilə həyata keçirirlər. Bundan əlavə, regionda nüfuz əldə etmək istəyən qüdrətli dövlətlər diaspor faktoruna böyük diqqət verirlər.

 Diasporaya dövlət dəstəyi öz nəticəsini verməkdədir

Baxmayaraq ki, Azərbaycan diasporunun inkişaf mərhələsi müstəqillik illərinə təsadüf edir, ancaq tarixi sənədlər və faktlar diasporumuzun hələ ötən əsrin əvvəllərindən formalaşmasını inamla söyləməyə əsas verir. Belə ki, 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının süqutundan sonra xarici ölkələrə səpələnən soydaşlarımızın siyasi fəaliyyətini də diaspor adlandırmaq olar. Nəzərə almaq lazımdır ki, hələ ötən əsrin əvvəllərində bir çox azərbaycanlı ziyalılar öz fəaliyyətləri ilə lobbiçilik funksiyasını yerinə yetiriblər. Ümumilikdə Azərbaycan diasporunun təşəkkülü, formalaşması və inkişaf tarixi bilavasitə xalqın mühacirət tarixi ilə bağlıdır. Azərbaycanlıların xarici ölkələrə mühacirəti tarixən qədim köklərə malik olsa da, sistemli şəkildə bu proses XIX əsrin birinci yarısındakı siyasi-hərbi münaqişələr, İran-Rusiya müharibələri, Qafqaz regionundakı məcburi miqrasiya prosesləri ilə bağlıdır. Lakin reallıq ondan ibarətdir ki, ümummilli lider Heydər Əliyev də bu sahəyə böyük önəm verirdi. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə diaspora fəaliyyətinin qanunverivilik bazası yaradıldı, icra orqanı olaraq Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (Diasporla İş üzrə Dövlət Komitəsi) təsis edildi. Yeni qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərini və bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Müvafiq komitənin yaradılması isə xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini müəyyən etdi. Beləliklə dövlət qarşısına məqsəd qoydu ki, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli özgürlüyünü qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək göstərsin. Hazırda ölkə Prezidenti İlham Əliyev də diaspor sahəsinə böyük diqqət yetirir. Məlumat üçün qeyd edək ki, indi Azərbaycan diasporu gərgin əməyi və çevikliyi ilə fərqlənir. Diaspor təşkilatlarımız öz fəaliyyətlərini hamılıqla qəbul edilən beynəlxalq hüquq çərçivəsində qurduğundan mövcud olduqları ölkələrin siyasi rəhbərliyi tərəfindən qəbul edilirlər. Eyni zamanda xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirməsinə, ölkəmizin daxili və xarici siyasəti, iqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına şərait yaradılır. Dövlət diaspora təşkilatlarına öz dəstəyini əsirgəməyərək

xaricdə yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının dövlət müstəqiliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsinə cəlb edir. Paralel olaraq beynəlxalq hüquq normaları və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq, xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bəyan edib ki, artıq Azərbacan diasporu hücum taktikasına üstünlük verməlidir. Həqiqətən də Azərbaycan diasporunun buna potensialı var və artıq bu istiqamətdə ciddi addımlar atılıb.

 Təşkilatlanma diaspora fəaliyyətinin əsas şərtidir

Azərbaycan dövləti diasporanın təşkilatlanması məsələsinə də önəm verir. Qeyd edək ki, Dünya Azərbaycanlılarının birinci qurultayının keçirilməsi diasporun təşkilatlanması baxımından önəmli rola malik idi. Məhz bu kimi addımların nəticəsində Dünya Azərbaycanlılarının 3-cü qurultayının keçirilməsi zamanı artıq Azərbaycan diasporu pərakəndə şəkildə deyil, mütəşəkkil formada fəaliyyət göstərirdi. Qurultaya qatılan təşkilat rəhbəri real konsepsiya ilə çıxış edir və əldə olunan nəticələrdən danışırdılar. Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı da diasporun təşkilatlanması baxımından önəmli hadisələrdən biri idi. İndi azərbaycanlıların ideya-siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyil, həm də müasir dünyada gedən ictimai-siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir. Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi müşahidə edilməkdədir. Azərbaycan Respublikası bu prosesə dəstək verir və onu daha da təkmilləşdirməyə, soydaşlarımızın diaspor quruculuğu sahəsində fəaliyyətini koordinasiya edir. Təşkilatlanmış Azərbaycan cəmiyyətlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması diaspor quruculuğu işinin ən mühüm məsələlərindəndir. Bu məqsədlə ötən dövrdə soydaşlarımızın yaşadıqları ölkələrdə keçirilən seçkilərə təsiretmə mexanizmlərinin hazırlanmasına nail olmaq üçün müəyyən işlər görülüb və uğurlu nəticələr qazanılıb. Artıq dünyanın bir sıra ölkələrində diaspora təşkilatlarımız uğuru fəaliyyəti ilə seçilir. Baxmayaraq ki, vaxtilə Azərbaycan diaspor təşkilatlarının yaranmasında Avropa ölkələrində yaşayan soydaşlarımız fəallıq nümayiş etdiriblər. Daha sonralar isə kiçik təşkilatların federasiyalar və konqreslər şəklində birləşdirilməsi zərurəti meydana çıxıb. İndi Azərbaycan diaspor təşkilatlarını ətrafında birləşdirən böyük qurumlardan biri də Almaniyanın Berlin şəhərində təsis olunan Avropa Azərbaycanlıları Konqresidir (AAK). Təşkilatın yaranma zərurəti Avropada pərakəndə Azərbaycan təşkilatlarını birləşdirməkdən irəli gəlir. Diasporla İş Üzrə Dövlət Komitəsinin (DİDK) təşəbbüsü ilə yaradılan AAK Avropada yaşayan azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, onların sosial-siyasi və hüquqi maraqlarını təmin etmək və digər ümummilli maraqları müdafiə etmək məqsədi daşıyır. Sayına və fəaliyyətinə görə Azərbaycan diasporunun güclü olduğu dövlətlərdən biri Rusiyadır. Rusiyada Azərbaycan diaspor təşkilatları 89 obyektin hamısında var. Rusiyada azərbaycanlıları ətrafında birləşdirməyə çalışan mərkəzlərdən Ümumrusiya Azərbaycanlılar Konqresinin adını çəkmək olar. Rusiya Azərbaycan Gəncləri Təşkilatının fəaliyyətin müsbət nəticələr verməsini də vurğulamaq lazımdır. Təşkilatın sədri Leyla Əliyevanın başlatdığı "Xocalıya Ədalət" kampaniyası effektli nəticələr verir.

 Azərbaycan dilinin və mədəni irsin qorunub saxlanması ənənəsi

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mədəniyyət, dil və təhsil siyasəti mövcuddur və bu siyasət uğurla həyata keçirilməkdədir. Sirr deyil ki, Azərbaycanın dövlət orqanları mütəmadi olaraq xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanmasında və inkişaf etdirilməsində, öz ana dilində təhsil almaq imkanının həyata keçirilməsində yardım göstərir və bu məqsədlə zəruri tədbirlər görürlər. Sadalanan məqsədlərə nail omaq üçün dövlət orqanları digər dövlətlərdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətləri ilə hərtərəfli əməkdaşlıq həyata keçirirlər. Konkret olaraq xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxanalarına, arxivlərinə, muzeylərinə, teatrlarına, musiqi ansambllarına və digər yaradıcı kollektivlərinə yardım göstərilir, xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin tədris-metodik və maddi-texniki təminatına və inkişafına, eləcə də həmin məktəblər üçün kadrların hazırlanmasına yardım edilir, soydaşlarımızın öz ana dilini qoruyub saxlamaqda, ana dilinin öyrənilməsinə, təhsil almaq və informasiya əldə etmək üçün bu dildən istifadəyə şərait yaradılmasında kömək göstərilir. Ən əsası xaricdə yaşayan azərbaycanlılara Azərbaycan Respublikasında təhsil almaq, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştli şərtlərlə yardım göstərilir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31